usaq

Valideynlər tərəfindən pediatrlara ən çox verilən 10 sual

Baxış sayı: 1. 648

Valideynlər üçün hamiləlik prosesi hər zaman maraqlı və streslidir. Doğumdan sonra valideynlər, xüsusilə gənc analar körpənin inkişafı, qidalanması və ümumi sağlamlıq vəziyyəti ilə əlaqədar bir çox mövzuda qərarsız qalır. Ailələrin həyatını kabusa çevirən bir çox suallar var ki, uşaq həkimləri artıq bu sualları və bu sualların cavablarını əzbər bilirlər. Uşağınızla bağlı sizi narahat edən suallar varsa, bu məqaləni diqqətlə oxuyun. Türkiyənin tanınmış uşaq həkimi dos. Mustafa Taşkəsən valideynlərə tövsiyyə edir.

“Gencaile.az” oxucularına valideynlər tərəfindən pediatrlara ən çox verilən 10 sual haqqında məlumat verir:

 

Uşağımı necə geyindirməliyəm?

Bütün körpələrin əlləri və ayaqları bədənin digər hissələrinə nisbətən daha soyuq olur. Lakin bu, heç də hər zaman onların üşüdüyünü göstərmir. Başın ənsə hissəsindəki saçları və geyimlərin altında qalan hissələr (qolları, ayaqları, boğazı, sinəsi) kifayət qədər istidirsə, narahat olmağa dəyməz. Valideynlər bəzən uşaqları olduqca çox geyindirir. Bu, heç də onlara xeyir etmir. Qış aylarında geyimləri uşağa geyindirməzdən əvvəl müəyyən qədər isitsəniz (qızdırıcının, radiatorların üzərində) daha yaxşı olar. Çalışın uşaqları gündüz 24-25 °C, gecə isə 22-23 °C olan otaqlarda saxlayın.

Uşağın doyduğunu necə bilməli?

Əgər uşağınız hələ körpədirsə və ana südü ilə qidalanırsa, əmizdirmə zamanı körpənizin süd içdiyindən əmin olun. Onun udqunmasına diqqət edin. Arada döşünüzdən südün gəlib-gəlmədiyini yoxlamaq üçün uşağı döşünüzdən ayırın. Bundan başqa, gün ərzində bezini dəyişdirdiyinizdə nəcis miqdarı ilə də müşahidə etmək olar. Gündəlik 5-6 dəfə bez dəyişirsinizsə, 3-5 dəfə yumşaq nəcisə çıxırsa, bu halda körpələrin kafi bəsləndiyini qəbul etmək olar. Digər uşaqlarda isə, yaşa və aya uyğun olaraq xüsusi miqdar göstərilir. Artıq normal yeməklərə keçmisinizsə, uşağınız yemək yeməkdə çətinlik çəkirsə, ona özü yediyi qədər yemək verin. Yemədiyinin əvəzinə isə, meyvə və peçenye pürəsi, çay, yediyi yeməyə uyğun olaraq meyvə soku da ola bilər. Bunlar qida rasionundakı boşluğu tamamlayır.

Uşağın göbəyi düşmədən çimdirmək olarmı?

Körpələri yaz aylarında hər gün, mövsüm dəyişən zamanlarda günaşırı, soyuq aylarda isə həftədə 2 dəfə yuyundurmaq normaldır. Həkimlər suyun temperaturu 37 °C olmaqla normal hesab edir. Suyun istilik dərəcəsini isə dirsəklə yoxlamaq olar. Əgər uşağın göbəyi hələ düşməyibsə, onu çimizdirmək olar. Təbii ki, qaynadılmış su ilə. İnfeksiya düşməsin deyə. Lakin yaxşı olardı ki, uşağın göbək nahiyyəsinə su keçməməsi üçün iri həcmli plastrlar bağlayasınız. Normalda uşağın göbəyi təxminən 7-14 günə düşür. Göbək baxımı üçün heç bir xüsusi müalicə tələb olunmur. Göbək ətrafının təmiz və quru saxlanılması kifayət edir.

Əmzik istifadə etməsi nə vaxt başlayıb nə vaxt bitməlidir?

Həkimlərin fikrincə, uşaqların əmzik istifadə etməsi xüsusilə yuxu zamanı olduqca faydalıdır. Belə ki, yuxu zamanı körpənin əmzik sorması ölüm sindromu riskini xeyli azaldır. Hətta uşaqların əsəb sisteminin də sakitləşməsinə xidmət edir. Ancaq körpələrin ilk 1-3 ay içərisində əmzik istifadə etməsi, onları ana südündən tez ayrılmasına səbəb ola bilir. Lakin qəti şəkildə 11 aydan sonra uşaqların əmzik istifadəsinə yol verməyin. Bu onlarda dişlərin çıxmasına mane olacaq, ağız boşluğunda dişlərin düzənsiz formada inkişaf etməsinə gətirib çıxaracaq.

Uşağın normal yuxu rejimi üçün nələrə diqqət etmək lazımdır?

Əvvəla bütün valideynlər uşaqları yatırdan zaman ayaqlarına qoyub yelləyirlər, qucaqlarında gəzdirirlər və ya yatana qədər lay-lay deyirlər. Bu tamamilə yanlışdır. Normal yuxu rejimi üçün uşağın yorulana qədər oyuncaqları ilə oynaması kifayətdir. Daha sonra uşağınızı yarı yuxulu vəziyyətdə yatağına qoyub öz-özünə yuxuya getməyə öyrəşdirin. Gecə bəzən uşağın ani hərəkətlərini oyandı zənn edib yenidən beşiyi yelləmək, lay-lay demək olmaz. Ümumiyyətlə, uşağı yatırtmaq üçün əmzdirmək də yanlışdır. Yatdıqdan sonra uşaqların yerini dəyişdirmək düzgün deyil. Onun yatağına sərt və iti olmayan, yumşaq oyuncaqlardan qoymağınız da yanlışdır. Bu uşağın ciyərlərinə ziyandır. Gündüz uşağın çox yatması tövsiyə edilmir. Gecə isə bəzən valideynlər uşağı gec saatlara qədər oyaq saxlayır ki, gecə yuxudan durub onları narahat etməsin. Bu özü də yanlışdır. Uşaqlar axşam yeməyindən 1-2 saat sonar, rejimli şəkildə eyni vaxtda yatmalıdırlar. Uşaq otağının isə mütləq hər gecə 1 saat yatmazdan əvvəl havası dəyişdirilməlidir.

Kenquru və “Xodunok” uşaqlar üçün zərərlidirmi?

Körpələrin 5-6 ayına qədər kenqurudan istifadə olunması normaldır. Lakin gün ərzində uzun müddət kenquruda saxlanmaları onların sümük inkişafına, ayaqlarına ziyandır. Kenqurudan çox istifadə etmək uşaqların yeriməsini gecikdirir. “Xodunok” isə yerimə ərəfəsində olan uşaqlarda istifadə edilir. Lakin bu halda da yaxşı olardı ki, körpələri əllərindən tutub yavaş-yavaş addım atmalarına kömək edəsiniz. Çünki, “Xodunok” uşaqlarda onurğa sümüyünün əyilməsinə, müxtəlif deformasiyalara səbəb olur.

Uşağın qızdırması olarsa, nə etmək lazımdır?

Qulaq, qoltuqaltı və alnından uşağın temperaturunu ölçdüyünüzdə 37.4 və ya 37 dərəcə göstərirsə, bu uşaq üçün kritik göstərici hesab edilir. Əgər temperaturu 38 dərəcəyə yaxınlaşırsa, artıq dərman qəbul etməsi tövsiyə edilir. Dərmanla 4 saat ərzində temperatur aşağı düşməzsə, mütləq həkimə müraciət edilməlidir. Dərman yoxdursa, ev şəraitində uşağın əynini daha nazik geyindirin. Nəm əsgi ilə qoltuqaltlarını, diz büküklərini, və alnını yüngülcə silin. Bu da sizə kömək edəcək.

Uşağı hansı dövrdə “qarşoka” öyrətmək lazımdır?

Bəzən valideynlər maddi vəziyyətlərinə görə, uşaqları daha erkən yaşlarından “qarşok”a öyrətməyə çalışırlar. Lakin 18 aydan tez uşaqları buna məcbur etmək lazım deyil. Bu onları stressə soxur. Uşaq 2 yaşını tamamladıqdan sonra ona tualeti öyrətmək lazımdır. Çünki, bu yaşdan sonra uşaqlar özlərini tualet mövzusunda ifadə edə bilirlər.

Peyvəndlərin ziyanı varmı? Vurulmazsa, ciddi fəsadlar yaşanarmı?

Peyvəndlər valideynlərin ən çox narahat olduğu mövzulardan biridir. Dünyanın istənilən yerində bu problem var. Vaksinlərin keyfiyyətindən narahatlıq bu problemin əsas səbəblərindən biridir. Ümumiyyətlə, bütün dərmanların yaş faktorundan asılı olmayaraq, insanlarda əks reaksiya verə bilmə ehtimalı var. Lakin əgər peyvəndlərə qarşı orqanizm kəskin reaksiya verirsə, onu ikinci dəfə təkrarlamaq qadağandır. Ciddi fəsadlar (şoka düşmə ehtimalı ən yaxşı halda) verə bilər. Peyvənddən sonra uşaqlarda qızdırma olursa, mütləq həkimə bu barədə məlumat verin.

Oğlan uşaqlarını hansı yaşda sünnət etdirmək lazımdır?

Sünnət edilmək cərrahi prosedur olduğu üçün onu yalnız və yalnız xəstəxana şəraitində etmək lazımdır. Bu əməliyyat üçün ən uyğun vaxt 6-9 aydır. Həkimlər bu ərəfələrdə sünnətin fəsadsız və daha rahat keçirildiyini bildirir. 2-6 yaş arası uşaqlarda cinsi inkişaf prosesləri başladığı üçün bu dönəmlərdə sünnət edilməsi risklidir və tövsiyyə edilmir.

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir