Bu gün insanlar sosial şəbəkələrdən fəal istifadə edirlər və profil şəkillərinə xüsusi fikir verirlər. “Gencaile” Rusiya mətbuatına istinadən xəbər verir ki, profil şəklinə görə istifadəçi haqqında bir çox şey öyrənmək olar.
Amerikalı alimlər sosial şəbəkə istifadəçilərinin müxtəlif profil şəkillərinin öyrənilməsi ilə ciddi məşğul olub və bəzi maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, demə, profil şəkli sahibinin xarakterini əks etdirirmiş. Həmçinin avatarın köməyi ilə istifadəçi öz xarakterindəki nöqsanları diqqətdən yayındıra bilər.
Real foto və onun təhlili
Avatar üçün həm real, həm də başqa şəkillərdən istifadə oluna bilər. Amma əksəriyyət profilinə özünün ən çox bəyəndiyi şəklini qoymağa üstünlük verir.
Tədqiqatların aparılması zamanı ekspertlər avatarlara baxaraq insanların emosionallıq səviyyəsi, xasiyyətləri haqqında bəzi nüansları müəyyən ediblər.
Şəkil nədən danışır?
Özünəinamlı və səmimi insanlar profilinə maksimum dərəcədə real foto qoymağa üstünlük verirlər, burada onlar gülümsəyir və özlərini rahat hiss edirlər.
Gözlərini eynək və ya şlyapa ilə gizlədən insanlar qapalı olurlar və emosional vəziyyətinlərini gizlətməyə çalışırlar.
İşıqlı foto isə sahibinin pozitiv insan olduğunu, ətrafa da müsbət emosiyalar ötürmək istəyindən xəbər verir.
Əgər avatara fotokollaj qoyulubsa, bu, istifadəçinin reallığı bəzəmək istədiyini göstərir.
Əgər istifadəçi öz fotosunun əvəzinə başqa bir şəkil qoyubsa, bu, həmin adamın öz zəif tərəfləri barədə susmağa üstünlük verdiyini bildirir.
Şəklin üslubu da bir çox maraqlı məqamlar haqqında danışa bilər. Qotik tərzdə şəkil bədbinlikdən xəbər verir.Qlamur foto zahir görkəmin uğur qazanmaqda böyük rol oynadığını bildirir. Vintaj üslubunda foto isə istifadəçinin reallaşmayan arzularının çoxluğunu, eləcə də kiminsə və ya nəyinsə həsrətində olduğunu göstərir.
Ekspertlər buna da diqqət yetiriblər ki, qadınlar təbiətlərindən asılı olmayaraq, profildə sadə və səmimi görünməyə üstünlük verirlər.
Tədqiqatdan o da məlum olub ki, profilinə öz şəklini yerləşdirən insanların sosial şəbəkələrdə yeni tanışlıqlar üçün daha yaxşı şansları var.