PESE SECMEK

İşə aşiq olub seçməli, yoxsa seçib aşiq olmalı? – ARAŞDIRMA

Baxış sayı: 1. 425

İxtisas seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Hər bir insanın gələcək həyatını, məqsədini müəyyənləşdirməkdə peşə seçimi mühüm rol oynayır. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, doğrultmaqdır. Hər birimiz ilk seçimimizi ətrafdakı insanlara baxaraq edirik. Həmin peşədə özümüzü görür, bizi xoşbəxt edəcəyini düşünürüksə, o peşəni seçirik. Lakin sevdiyimiz peşə bizə hər zaman uğur qazandırmır. Sevdiyimiz peşə ilə dövrün prestijli peşələri arasında bəzən böyük fərqlər olur. Bəs gənclər nə etməlidir? Sevdiyini, yoxsa prestijli peşəni seçməlidir? Sualın cavabını ekspertlərlə müzakirə etdik.

 

“Qarşıya qoyulan suallar çox vacibdir”

“ALPHA Coaching & Consulting” şirkətinin rəhbəri, beynəlxalq sertifikatlı biznes-kouç Fidan Əzimli deyir ki, hər bir insan həyatda heç olmasa bir dəfə özünə “Mən kim olmalıyam?” sualını verir. Bəzi insanlar bu sualı dəfələrlə qarşılarına qoyurlar: “Birinci qisim insanlar həyatda ancaq tək bir yol seçmək istəyirlər və buna görə də bu seçimdə mümkün qədər səhv etməməyə çalışırlar: kimisi ailəsinin keçmişini, təcrübəsini yada salır, kimisi müdrik insanlardan məsləhət alır, kimisi isə, populyar, prestijli işin sahibi olmaq istəyir. Bu fikirləri birləşdirən bir amil var –nəyi seçmək istədiklərini, gələcəkdə bu peşənin sahibi kimi özlərini harada görəcəklərini, nədən zövq almaları barədə düşünmürlər. İkinci qisim insanlar özlərinə qonaq kimi yanaşırlar: “Mən indi haradayam”, “nəyə qadirəm”, “əlimdə nəyi saxlamaq, haraya doğru getmək istəyirəm” kimi suallar vasitəsi ilə özlərini tapmaq istəyirlər. Qoyulan suallar çox vacibdir, çünki onlar bizi şəxsi inkişafın ən vacib pillələrindən birinə – özünü dərk etməyə yönəldirlər”.

Həmsöhbətimiz deyir ki, seçəcəyimiz sənətlə bağlı hər birimizin beynində ancaq bizə aid olan dəyərlər olur: “Yüksək dəyərlər siyahısına hamımız bələd ola bilərik, lakin hər birimizin ancaq bizə aid olan və ön sırada dayanan ən vacib dəyərləri mövcuddur. Onları bəzən təmiz, ağ paltar kimi ipə düzüb, seyr etməliyik. “Ən vacib 3 dəyərim nələrdir”, “onlara qarşı çıxanda özümü necə hiss edirəm”, “onları yol göstərən ulduz kimi seçsəm, hansı qapıları aça bilərəm” kimi sualları özünüzə verin və düşüncələrinizi bir yerə yazmağı unutmayın. Bəlkə, yeni mərhələlərə keçdikdə dəyərləriniz də dəyişəcək”.

Danılmaz həqiqətdir ki, müasir dövrün gəncləri hədəfə tez çatmaq istədikləri üçün yaşlılar tərəfindən tez-tez qınanılır, müzakirə obyektinə çevrilirlər. Xüsusilə “bizim dövrümüzdə…” kimi başlanan cümlələrlə gənclərin tənbəllik məsələləri gündəmə gətirilir. Onların ilk görüşdən pul məsələlərinə diqqət etmələri, ilk gündən zirvədə olmaq istəmələri mənfi qarşılanır. Yaşlıların dili ilə desək, müasir dövrün gəncləri nə üçün keçmiş dövrlə ayaqlaşa bilmirlər?

Kouç deyir ki, müasir dövrün gənclərinin üzərində keçmişlə müqayisədə yük çoxdur: “Əvvəllər həyat bu qədər böyük sürətlə dəyişilmirdi; illərlə biliklər, istiqamətlər eyni qalırdı. İndiki zamanda  isə tendensiyalar sürətlə bir-birini əvəzləyir. Artıq hansısa peşənin bu gün prestijli olmağı, onun həmin səviyyədə 4-6 il ərzində qalacağı mənasına gəlməz. Bu dəyişilən dünyada çevik, tez uyğunlaşan, daim inkişafda olanlar təsiredici qüvvəyə malik olacaqlar. Sizi uğurlu edən, suyun üzərində saxlayan xilasedici jilet – sizin dəyərlərinizdir. Dəyişikliyə məruz qaldığınız zaman daxili dəyərlərinizə əsaslanın. Məhz onlar sizə “xoşbəxtəm” və ya “bədbəxtəm” siqnalı verəcəklər”.

“İşinlə sevgili olursan…”

“Orkhanway Coaching”in rəhbəri Orxan Şahbaz deyir ki, insanı irəli aparan, ona motivasiya verən sevgidir. Bu səbəbdən gənc sevdiyi peşəni seçməlidir: “Sən işini sevdikdən sonra işin səni ikiqat sevir və onunla sevgili olursan. Sevdiyin üçün də nəsə etməyə can atdıqda, inkişaf edə bilirsən”.

Müsahibimizin sözlərinə görə, ixtisası, gələcəyi araşdırıb seçmək isə ikiqat uğura nail olmaq deməkdir: “Təsəvvür edin ki, ya bir xanıma aşiq olub seçirsiniz, ya da ki, məntiqi olaraq qərar verirsiniz ki, bu xanımı sevmək olar, ya yox?  İxtisasını, gələcəyini düşünmək də buna bənzəyir. Gələcəyini araşdırıb seçdikcə, daha düzgün şəkildə formalaşa bilirsən və bu, sənəti gələcəkdə daha çox sevməyinə gətirib çıxarır”.

“Qalibiyyəti istənilən ixtisasda tələbə adını qazanmaqda görən yeniyetmədən, peşəkar kadr gözləmək gülüncdür”

Şəxsi inkişaf və karyera təlimçisi Tofiq Sadıxov deyir ki, insanın seçdiyi peşə prestijli olsa belə, əgər sevmirsə, yaxşı gəlir əldə etsə də, uğur qazana bilməz: “Əfsuslar olsun ki, uzun illər ölkəmizdə ixtisas seçimi prosesi kütləvi olaraq formal aparılıb. Abituriyentlərin böyük əksəriyyəti orta məktəbi bitirdikdə sevdikləri, arzusunda olduqları ixtisası yox, ali məktəbə qəbul üçün toplaya bildikləri balı əsas götürüblər. Çox az sayda abituriyent ixtisas seçimində sevdiyi ixtisasa önəm verib, bu az saylı abituriyentdən də çox az bir hissəsi sevmədiyi ixtisasa qəbul olduqda, imtina edib növbəti il yenidən hazırlaşıb imtahanda iştirak edib. Burada ailənin, ətrafın, müəllimlərin və məktəbin də təsiri böyükdür. Hər bir valideyn, müəllim, eləcə də məktəb rəhbərliyi şagirdinin nəyin bahasına olursa olsun, ali məktəb tələbəsi adını qazanmasını istəyir. Nəticədə biz gələcək üçün yetişəcək kadr yox, sanki bir oyunda qalibiyyət uğrunda yarışan nəsil formalaşdırırıq. Qalibiyyəti yalnız istənilən ixtisasda tələbə adını qazanmaqda görən yeniyetmədən, sabah peşəkar kadr gözləməyimiz gülüncdür”.

Karyera təlimçisi deyir ki, bir gənc ixtisas seçərkən həmin ixtisasın tələblərini, növbəti 5-10 ildə həmin ixtisasdan olan kadrlara olacaq ehtiyac proqnozlarını araşdırmalıdır: “2018-ci ildə tələbə adını qazanacaq bir gənc əmək bazarında 2023-2028-ci illərdə kadr olaraq özünü təsdiqləyəcək. Bu baxımdan bugünkü trendlə ixtisas seçən gənclər yanlış seçim etmiş olurlar. Hər zaman önə baxmaq, dünyada inkişafda olan peşə, ixtisas, sahə trendlərini izləmək mütləqdir. Sürətlə inkişaf etməkdə olan dünya sənayesi son 10 ildə görünməmiş yeniliklər edib və bu yeniliklər bu gün də davam etməkdədir. Mütəxəssislərin bu sahədə olan proqnoz və ehtimallarını nəzərə almaq mütləqdir. Ancaq istənilən halda, bir işin mütəxəssisi olan insana hər zaman iş vardır. Dahi Nizaminin sözləri ilə desək, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bir sıra ixtisaslar üzrə mütəxəssislər həmişə tələb olunacaq. Bunlar həkim, polis, proqramçı, hüquqşünas, mühəndis, tərcüməçi və digərləridir. Əsrlər boyu trend olan bu ixtisasların yeni müasir sahələri yaranır. İxtisas seçərkən bu dar sahələrə diqqət ayırmaq yaxşı olar. Bir də yapon, koreya, ərəb dili kimi fərqli və çətin dillərin mütəxəssisləri hələ uzun illər tələb olunacaq”.

Həmsöhbətimiz bütün peşələri maraqlı və faydalı hesab edir. Ona görə, mühüm olan seçdiyin peşənin mütəxəssisi olmaqdır: “Pis ixtisas yoxdur, pis mütəxəssis var. Bizim bir ömrümüz dünyadakı maraqlı ixtisasların hamısında işləmək üçün yetərli deyil. Biz ən yaxşı halda bir neçə ixtisasda özümüzü sınaya bilərik. Bu da, bəzən məni üzür. Bu səbəbdən də ixtisas seçərkən sevdiyin, ürəyinə yaxın olan sahəni seçməlisən. Əgər sevdiyin, seçdiyin, arzuladığın ixtisasın növbəti dövrdə ölkəmiz və dünya üçün prestijli, prioritet olmayacağını düşünürsünüzsə, yenə də çıxış yolu var. Ya sevdiyin işdə çalışacaqsan, ya da işlədiyiniz işi sevəcəksiniz. Bu halda mövcud prioritet sahələrdən birini, qəlbinizə və ruhunuza ən yaxın olanını seçməlisiniz. Bu hər zaman mümkündür, sadəcə, cəhd etmək, axtarmaq və tapmaq lazımdır”.

Sevindirici hal odur ki, ixtisas seçimi ömrümüzdə yalnız bir dəfə olmur. Hər vaxt ixtisasımızı dəyişə, öz qəlbimizin səsini dinləyib, sevdiyimiz peşənin sahibi ola bilərik. Statistikaya əsasən, dünyada heç də hər kəs bu gün ilk təhsil aldığı ixtisasda çalışmır. İnsan onun üçün imkansız görünən sahələrdə belə, çox çalışsa, uğur qazana bilər. Nobel mükafatı laureatı, türk professor Əziz Sancar da bu fikirləri təsdiqləyir: “Çoxları insan zəkasına inanır. Mən inanmıram. Bizi bir-birimizdən fərqləndirən zəka deyil, əmək və çox çalışmaqdır…” (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir