Universiteti bitirdikdən sonra qarşımızda duran əsas hədəf iş tapmaqdır. Bu isə bir neçə mərhələdən ibarətdir: CV-nin göndərilməsi, sonra test və ən sonda müsahibə. Təbii ki bu saydıqlarımız bütün işəqəbul müəssisələrinə aid deyil. Hər şirkətin öz seçim üsulu olur. Amma müsahibə və ya fərdi söhbət demək olar ki, əksər müəssisənin seçimləri sırasında olur. Bu mərhələdə gənclər daha həyəcanlı olurlar və bu da onların müsahibədə uğursuz olmalarına gətirib çıxaran nüanslardan biridir.
Bu dəfə “Gənclərə məsləhət” rubrikamızda İnsan Resursları üzrə mütəxəssis Elçin Zeynalovla iş müsahibəsindən uğurla keçməyin sirləri haqqında danışdıq. Müsahibimiz deyir ki, CV-ni ilk nəzərdən keçirən şəxs insan resursları üzrə mütəxəssisdir (İR mütəxəssisi) və şirkətdən asılı olaraq işə qəbul prosesi fərqli qurula bilər: “İş müsahibəsində ilk görüşdüyünüz şəxs İR mütəxəssisidir. İlk olaraq bundan əmin olun ki, o, sahəniz üzrə ekspert deyil və sizin sahəniz üzrə biliklərinizi özü qiymətləndirə bilməsə də, tərəddüd, həyəcan və təcrübəsizliyinizi aşkarlayacaq. Şirkəti mütəxəssisin tapılması maraqlandırır, odur ki, şəxsi və xüsusi məlumat və istəklərinizi sonraya saxlayın. Birinci, seçilməyinizdir”.
Elçin bəy deyir ki, iş müsahibəsində şəxsi keyfiyyətlər texniki biliklər qədər vacib sayılır: “Siz öz sahənizin mütəxəssisi kimi müsahibə və ya testdən keçə bilərsiniz. Texniki biliklərinizin olması hələ işə qəbul ediləcəyiniz demək deyil. Sizin şəxsi keyfiyyətləriniz də texniki bilikləriniz qədər əhəmiyyətlidir. Əgər müraciət etdiyiniz şirkət namizəddə axtardığı dəyərləri müəyyən edibsə, bu zaman siz aidiyyəti rəhbərlərlə görüşdürüləcək və ya şəxsi keyfiyyətlərinizin aşkarlanması üçün testə tabe tutulacaqsınız. Əgər sizin seçilməyiniz hansısa rəhbərin şəxsi fikir və təşəbbüsündən asılıdırsa, bu zaman bilin ki, hadisələrin inkişaf ssenarisini təxmin etmək çətindir. Çünki sizin kimi texniki bilik və bacarıqlara sahib mütəxəssis namizədlərdən hansının uyğun zaman, şərait, müsbət təsir bağışlama üstünlüyü əldə edəcəyi, İR mütəxəssisinin özünə məlum deyil. Buna görə, məsləhət görərdim ki, müraciət etdiyiniz şirkəti dərindən incələyin, əvvəlki iş yerlərinizdəki həmkarlarınızın və rəhbərlərinizin rəylərini alın”.
Həmsöhbətimiz deyir ki, müsahibə zamanı bəzən gözlənilməz hallar da baş verə bilər: “İR mütəxəssisliyi ölkəmizdə bir çox idarəetmə sahələri kimi yenidir. Buna görə də siz ola bilsin ki, təcrübəsiz mütəxəssis tərəfindən də müsahibəyə çağırılasınız. Vakansiyanın tələbləri, işin xüsusiyyətləri, tam incələnmədiyi halda, ilkin göstəricilərinizin uyğun gəldiyi üçün ilk müsahibəyə dəvət oluna bilərsiniz. Amma növbəti mərhələdə irəliləməyiniz çətin olacaq. Və ya müəssisənin içində vakansiya tələbi düzgün formalaşmaya bilər. Şirkətin rəhbərliyi elan edilmiş vakansiyanı müsahibə zamanı sonradan müxtəlif təşkilati və idarəetmə problemi səbəbi ilə bağlaya bilər. Məsələn, işə qəbul ediləcəyiniz şöbədə iş bölgüsünün yenidən aparılması, layihədən imtina və s. Həmçinin şirkət daxilində əməkdaşla ayrılma qərarına görə yaranmış vakansiya, əməkdaşla rəhbərliyin təkrar razılaşması səbəbi ilə ləğv edilə, sizinlə aparılan müsahibə yarımçıq qala bilər”.