aile

“Avropa praktikası Azərbaycanda ailələri dağıtmağa davam edir” – RƏSMİ

Baxış sayı: 1. 543

“Ötən il Azərbaycanda 14,5 mindən çox boşanma halı qeydə alınıb ki, boşanmaya əsas səbəblər siyahısına isə xasiyyətin uzlaşmaması lidelik edir”

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova açıqlama verib.

O bildirib ki, 2016-cı ildə respublika üzrə boşanmaların sayı 13114, 2017-ci il üçün isə bu göstəricilər 14514 olaraq qeydə alınıb:

“Təbii ki, boşanmaların sayının artması komitəni ciddi sürətdə narahat edir. Ümumilikdə ilbəil boşanmaların sayında ciddi fərqlər olmasa da, bu problemin cüzi səviyyədə artması da heç ürəkaçan deyil. Boşanmalara isə müxtəlif faktorlar səbəb ola bilir: maliyyə problemləri, qısqanclıq zəminində yaşanan mübahisələr, münasibətlərdə uyğunsuzluq, ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması, övladın olmaması, şəxsi ailə problemləri münaqişələr, sosial problemlər, şəraitsizlik, tərəflərdən birinin hər hansı pis vərdişlərə alüdəçiliyi, məişət zəminində sorakılıq və s. Bütün bunlar ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Biz komitə tərəfindən onlayn sorğu keçirmişik və sorğunun nəticələri Ədliyyə Nazirliyi tərəfindən verilən rəsmi statistika ilə üst-üstə düşüb. Belə ki, sosial sorğuda iştirak edən şəxslər boşanmaya səbəb olaraq birinci sırada xasiyyətlərinin uyğunlaşmadığını irəli sürüblər. Bəzən insanlar gələcək həyatı düşünmədən addım atırlar. Ailə qurmaq üçün əsaslı nüansları gözdən keçirmirlər. Bu gün gənclər ailə qurmaq xatirinə bu addımı atır, ailələr isə cəmiyyətdə toy etmək xatirinə övladlarının tam da tanımadığı şəxslərlə izdivac bağlamalarına şərait yardırlar. Nəticədə isə hər iki tərəfin həyatı puç olur. Boşanmalar arasında ailə məsuliyyətini dərk etməyən gənclərin sayı olduqca çoxdur”.

AQUPDK-nın maarifləndirici tədbirlərlə regionlarda əhali ilə görüşdüyünü bildirən A.Veysəlova bu məsələdə komitənin olduqca həssas davrandığını və boşanma dərəcəsinə gələn cütlüklərin ailəni xilas etmək üçün müxtəlif güzəştlərə getməsini tövsiyə edir:

“Biz insanlara müraciət etdiyimiz zaman, hər dəfə boşanmalardan danışmaq yerinə ailəni necə ayaqda saxlamaq olar, münasibətləri hansı üsullarla qaydasına salmaq olar suallarına cavab tapmalarını istəyirik. Belə olan halda insanlar ani qərarlardan geri dönür və yüzlərlə ailə bu təbliğat nəticəsində ailəsinin dağılmasının qarşısını alıb. Avropada bir çox ailələr ailə psixoloqu ilə daim əlaqə saxlayır. Bunun səbəbi isə düzgün yanaşmadı. Təəssüf olsun ki, Azərbaycanda insanlar psixoloji yardım almaqdan imtina edir, hətta bəzən bunu özlərinə sığışdırmırlar. Dünya praktikası göstərir ki, insanlar psixoloq köməyi ilə istənilən travmalardan azad ola bilirlər. Bir misal çəkim, dünya ölkələrində belə bir eksperiment aparılır. 3 ay KİV və digər qurumlar kriminal, şiddət aşılayan davranış və cinayət xarakterli məlumatların yayımını dayandırıb. Əvəzində maarifləndirici, daha faydalı və psixoloji cəhətdən insanları ruhlandıran, motivasiya edən proqramlara, informasiyalara yer verilib. 3 aydan sonra isə statistika onu göstərib ki, ölkədaxili cinayətlər kifayət qədər aşağı enib, boşanmalar azalıb, insanlar daha çox şən əhval-ruhiyyədə olublar”.

Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərdi:

“Ancaq əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqredasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Sevindirici hal bundan ibarətdir ki, aparılan araşdırmalar göstərir ki, Azərbaycanın ailə dəyərlərinin təbliği, bu institutun daha da gücləndirilməsi sahəsində əldə etdiyi təcrübə bir çox ölkələr üçün yaxşı nümunə ola bilər. Hazırda 2 milyon 84 mindən çox ailə var ki, onlardan ömrünün 50, 60 və daha çox ilini birlikdə keçirən cütlüklər çoxluq təşkil edir. Uzunömürlü və sağlam ailə modelləri bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün çox önəmlidir. Hökumət bu mövzuda mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir. Və bu öz-özlüyündə çox uğurlu bir dövlət siyasətidir”.

Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə yaradılan qanunvericilik bazasına toxunan, mövcud qanunların düzgün dərk edilməməsinin ciddi problemlər yaratdığını bildirən A.Veysəlova onu da əlavə edib ki, son 5 ildə Mərkəzlərin fəaliyyətindən 88 minə yaxın vətəndaş bəhrələnib:

“Bu sahədə ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsillə gənc nəslin dialoqunu təşkil edirik. Komitə tərəfindən “Ailə bayramı”, “Azərbaycan ailəsi” adlı film festivalı, “Ailə Akademiyası” layihəsi uğurla həyata keçirilir. Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Son 5 ildə Mərkəzlərin fəaliyyətindən 88 minə yaxın vətəndaş bəhrələnmişdir”.

Dünya praktikasında ailə qurmazdan əvvəl cütlüklərin birlikdə yaşaması, bir-birini daha yaxından tanıması və daha sonra ailə münasibətlərində uyğun olub-olmadıqlarını öyrənmələrinə də toxunan A.Veysəlova qeyd edib ki, kənardan asan görünən bu praktika düşündüyümüzdən də qəlizdir:

“Bilirsiz, Avropa kənardan çox rahat və mükəmməl görünsə də, orada qanunlar daha sərtdir. Dediyiniz münasibətlərin gerçəkləşməsi üçün çoxsaylı müqavilələr bağlanır, hər iki tərəfin vəkilləri arasında, hüquqi normalar təyin olunur və s. İnanın ki, bu qədər sənədlərlə heç kim özünü yormaz. Ondansa ailə qurmaq və müəyyən çətinliklərə qarşı bir müddət mübarizə aparmaq daha asandır. Məhz buna görə biz maarifləndirici seminarlar keçiririk. İnsanlarla sağlam ailə modeli üzərində söhbətlər aparırırq. Peşəkar psixoloqlarımız da bu mövzuda bizə çox kömək olur. Komitəmiz cəmiyyətin sağlam istiqamətdə inkişaf etməsi üçün bütün zəruri tədbirləri həyata keçirir”.

Komitənin yaradılmasında məqsəd ailə, qadın, uşaq problemlərilə məşğul olmaq və bu mövzuda yaranan problemləri aradan qaldıraraq ölkədə boşanmaların sayının azalmasına nail olmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir