novruz

Novruz süfrəsi bir ailəyə neçəyə başa gəlir? – QİYMƏTLƏR – REPORTAJ

Baxış sayı: 2. 046

Artıq Novruz bayramına sayılı günlər qalıb. Demək olar ki, hər bir yerdə bayram ab-havası duyulur. Novruzun elçisi olan çərşənbələr bir-bir arxada qalır və hər kəs sonuncu çərşənbəyə hazırlaşır. Məlum olduğu kimi, bu il ilaxır çərşənbə ilə Novruz bayramı eyni günə düşür. Bu çarpazlaşmanın özü belə, insanlarda bayram əhvalını daha da yüksəldir. Evlərdə bahar təmizliyi edilir, nimçələrdə səmənilər göyərdilir, uşaqlara bayram paltarları alınır. Novruz bayramı həm də bolluq, bərəkət bayramıdır və hər kəs istəyir ki, bayramı layiqincə qarşılasın. Bayramın atributları olan şəkərbura, paxlava, qoğalın ətri hər bir evdən gəlsin, bayram süfrələrinin şahı qaralı aş dəmlənsin. Təbii ki, bütün bu hazırlıqlar üçün əvvəlcə Novruz alış-verişi etmək lazımdır. Bəs Novruz süfrəsini açmaq bir ailəyə neçəyə başa gəlir? Bunu öyrənmək üçün bazarlardakı mövcud qiymətlərlə maraqlanmışıq.

Qeyd edək ki, bütün metrostansiyaların yaxınlığında bayram yarmarkaları quraşdırılıb. Həmin yarmarkalarda bayram bazarlığı üçün lazım olan məhsulların digər bazardakılardan nisbətən ucuz olduğu bildirilir. Əməkdaşımız Koroğlu və Xətai metrostansiyalarının yaxınlığındakı yarmarkalara baş çəkərək, satılan mallar və qiymətlərlə tanış olub.

 

“Üç badam, bir qoz…”

Yarmarkalarda alıcılar kifayət qədər idi. Özü də daha çox qoz və fındıq ləpəsi almağa üstünlük verirlər. Sürəyya xala söylədi ki, digər bazarlarda qoz və fındıq ləpəsini 20 manatdan aşağı tapmaq mümkün deyil: “Bayramda şirniyyat bişirmək üçün əsas qoz-fındıq ləpəsinə ehtiyac olur. Nəvələrim mən bişirən şirniyyatları xoşlayır. Ona görə də mütləq şəkərbura, paxlava, qoğal bişirirəm ki, onlar gələndə doyunca yesinlər. Amma bir iki bazara baş çəkib gördüm ki, yaman bahalıqdır. Yarmarkaya gəldim. Burada qiymətlər nisbətən ucuzdur. Qoz, fındıq, badam ləpəsinin hərəsindən 1 kilo aldım”.

Novruz süfrəsində özünəməxsus yeri olan innab, badam, püstə, yapon xurması, iydə isə alıcıların ən çox aldıqları çərəzlər arasındadır. Nazim adlı alıcı deyir ki, bu çərəzləri başqa vaxt yeyəndə o qədər də ləzzətli olmur: “Novruz süfrəsinin ən dadlı nemətləridir bunlar. Uşaqlar papaq atanda o çərəzlərdən də mütləq qoymaq lazımdır. Biz uşaq olanda bu cür bolluq olmurdu. Ya da almağa pulumuz yox idi. Qapılara papaq atanda həmin çərəzlərdən papağa qoyardılar. Elə ləzzətlə yeyərdik ki… Uşaqlıq xatirələrimi yada salır. Ona görə bu çərəzlərdən bolluca alıram ki, uşaqlar torba atanda evdə onun içinə qoysunlar”.

Yeri gəlmişkən, qeyd edək ki, yarmarkada qabıqlı və qabıqsız çərəzlərin qiyməti aşağıdakı kimidir.

 

Qoz ləpəsi –  18-19 manat

Fındıq ləpəsi – 13.70

Qovrulmuş fındıq ləpəsi – 14.50, 16.50

Araxis – 3.80

Badam – 9.50

Badam ləpəsi – 22 manat

Şabalıd – 9 manat

İydə – 6 manat

Xurma – 1.50

İnnab – 4.50

Albuxara – 7 manat

Qaysı – 7.50

 

Yarmarkada meyvə-tərəvəzin qiyməti isə belədir.

Armud – 1 manat

Portağal – 2 manat

Kivi – 2.50

Alma – 1 .50, 1.60

Naringi – 2.50

Heyva – 2 manat

Qreypfrut – 2.30

Banan – 3 manat

Badımcan – 1.80

Çuğundur – 80 qəpik

Kələm – 20 qəpik

Kartof – 1 manat – 1.10

Soğan – 60 qəpik

1 kq sarımsaq – 4 manat, 1 ədədi 40 qəpikdir

 

Səməni, saxla məni

Balaca qız səmənilərin arasında dolaşaraq anasının əlindən çəkişdirir ki, ona bu səmənini alsın. Məktəbdəki bayram şənliyinə aparacağı xonçada məhz buta formalı səməni olmalıdır…

Yarmarkada ucuzundan bahalısına müxtəlif formalı və ölçülü səmənilər boy-boy düzülüb.

Ən balacası 70 qəpiyə, ən böyüyü isə 12 manata təklif olunur bu beli qırmızılı bahar simvollarının.

Həmçinin kiminsə ürəyindən keçsə, adının hərfləri olan səməni alsın, bunun üçün əməlli başlı məbləğ ödəməlidir. Məsələn, 10 hərfdən ibarət səməni 250 manata başa gəlir.

 

“Şəkərbura, paxlava, bəzək verir xonçaya”

Bayramda adət idi ki, hər evdə xanımlar yığışaraq bayram şirniyyatı bişirərdilər. Necə deyərlər əl qabiliyyətlərini nümayiş etdirərdilər. Amma müasirləşən zamanla bərabər bu adətlər də getdikcə itir. Son illər demək olar ki, əksər xanımlar işləməsi, və yaxud da başqa səbəblərdən dolayı bu şirniyyatları özü hazırlamır, satın alır. Şirniyyatları satın alacaq xanımlar üçün həmin şirniyyatların neçəyə başa gəlməsi ilə də maraqlanırıq.

 

1 kq paxlava – 20 manat

Şəkərburanın 1 ədədi -1 manat – bəzəkli olsa 1.20

Şor qoğal – 50 qəpik

Şirin qoğal -50 qəpik

Badambura – 1 manat

1 kq tort – 10 manat

 

Bazarlarda, marketlərdə hazır Novruz xonçaları, səbətləri də satılır. Onların qiyməti isə kifayət qədər bahadır. Paxlava, buta formalı ən balaca səbəti 25 manata ala bilərsiniz.  İçərisində bir neçə şirniyyat olur. Nisbətən böyüklər isə 200-250 manata qədər təklif olunur. Xüsusi hazırlanmış novruz atributlu şokoladın bir ədədi isə 1 manata satılır.

Məsələn, səbətin içərisinə 150 ədəd şokolad yığılsa, buna ən azı 200 manat ödəməlisən. Amma bu qədər baha olmasına baxmayaraq, həmin xonçaları, səbətləri alanlar da çoxdur. Çünki xalqımızın adətinə görə, nişanlı qızlara, təzə gəlinlərə mütləq bayram payı aparılır. Bu bayramlıqlar da ki, bərli-bəzəksiz, səbətsiz, xonçasız olmaz.

 

Gəl, ay müştəri…

Bayram süfrəsinin şahı plovun və digər xörəklərin hazırlanacağı ərzaqların qiymətləri isə aşağıdakı kimidir.

 

Yumurta – 14 qəpik

Kənd yumurtası – 30 qəpik

1 kq düyü – 3 – 3.40

1 kq kərə yağı – 15.80 – 17.45

1 l duru yağ – 1.50 – 6.50

1 kq mal əti – 10 – 10.50

1 kq quzu əti – 10.50 – 12 manat

Toyuq -7 manat

Konfet – 5.50 – 10 manat

Şokolad – 10 – 18 manat

Meyvə şirələri – 1-2 manat

Cola, Fanta, Sprite, Pepsi – 90 qəpik – 1.30

 

Novruz ruzi, bərəkət deməkdir. İnanca görə, bayram süfrəsinin bol olması qarşıdan gələn ilin bolluq içində keçməsinə bir işarədir. Biz də yuxarıda sadaladıqlarımızı təqribi şəkildə hesablayaraq, belə bir nəticəyə gəldik ki, Novruz bayramı üçün alış-veriş etmək və süfrələri bəzəmək üçün minimum 200-250 manat lazımdır. Süfrələrinizin hər zaman bol, arzularınızın hər zaman həyata keçməsi diləyi ilə…  (Ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir