geyim

Kök adamlar nə geyinsin?

Baxış sayı: 2. 118

“Ana olandan sonra çəkim il ərzində 20 kiloqram artdı” – təxminən 35 yaşlı qadın “Miss Bahar” mağazasında özünə paltar axtara-axtara satıcıya danışır: “Hazırda 83 kiloqram çəkim var və bədənimin ölçüsü 54-dür. Ticarət mərkəzlərini gəzirəm. Bir neçə saat vaxt sərf edirəm, geyinib ölçürəm və kədərli halda oranı tərk edirəm. Çünki bədən ölçümə görə əynimə heç nə tapa bilmirəm. Mağazaların dəbli şöbələrinə isə ümumiyyətlə baxmıram. Başa düşürəm ki, oralar köklərin yeri deyil”.

Təsadüfən mağazada qulaq kəsildiyim bu dialoq müştərilərin böyük bədən ölçülü geyim axtarışı zamanı qarşılaşdıqları problemi gündəmə gətirdi. Satıcı qız da “bu bizim təqsirimiz deyil. Firmalar böyük bədən üçün mal gətirmirlər” deyə məsələyə aydınlıq gətirməyə çalışdı.

Gənclik Mall, 28 Mall, Park Bulvar-ın brend mağazalarında, şəhərin müxtəlif guşələrində yerləşən geyim dükanlarında demək olar ki, oxşar vəziyyətdir: böyük bədən ölçülü geyimlər tapılmır. “Böyük ölçülər yoxdurmu” – sualına satıcılardan ən yaxşı halda “ən böyük ölçü L və ya XL-dir”- cavabını eşitmək olar. “Nə üçün böyük ölçülər satılmır” sualını isə satıcılar əksər vaxtlarda çiyinlərini çəkməklə cavablandırırlar.

Problem ondadır ki, Avropa geyim brendləri Avropa standartlarına uyğun ölçüdə tikilir. Orta kompleksli insanlar bu ölçülərə hardasa uyğun gəlir və özlərinə uyğun gələn geyimi seçə bilirlər. Lakin nə zaman ki söhbət standartlara uyğun gəlməyən bədəndən gedir, o zaman «sistem» donur. Bu qeyri-standart alıcını isə yalnız xüsusi ixtisaslaşmış mağazalarda geyindirmək olar. Üstəlik, mağazalarda köklər üçün tikilmiş geyimlərin qiyməti adi ölçülərdən 1,5 – 2 dəfə bahadır.

Populyar markalarda maksimum ölçü XL-i (50) qadınlar üçün tapmaq mümkündür. Kim ki daha kökdür, Türkiyənin çox işlənən mallarını alır, ya da xüsusi mağazalarda və ya atelyelərdə sifarişlə tikdirir. Bu gün xüsusən brend geyim dükanlarının çəki ayrı-seçkiliyi kök kişi və qadınların ziyanına işləyir. Dolu qadınlar və kişilər əyinlərinə geyim almaq üçün şəhərin bütün mağazalarını bir-birinə vururlar. İnternet üzərindən alış-veriş də onlara o qədər sərf etmir. Bəzən onlayn alınan mallar ölçüyə uyğun gəlmir. Bu isə əlavə başağrısı yaradır. Qeyri-standart ölçülər üçün ən optimal variant mağazalarda geyinib yoxlamaqdır. Əlbəttə, seçim və çeşidlər çox olacağı təqdirdə…

Oxşar problem Rusiyada da mövcuddur. Qonşu ölkədə yaşayan hər dördüncü qadının mağazaları gəzməkdən xoşu gəlmir: “Onsuz da burada bizim üçün geyim yoxdur” – deyə düşünürlər. “Əgər sən böyük ölçülü geyimlər tikmək üzrə ixtisaslaşmısansa, onda zəhmət çək, bu geyimləri bir neçə variantda təklif et” – deyə geyim üzrə ekspert Tatyana Qrivennaya deyir: “Bu, alıcıların xüsusiyyətlərini bilən konstruktorların, texnoloqların bilavasitə işidir. Buradan parçaların keyfiyyəti məsələsi ortaya çıxır. Burada təbii materiallara üstünlük verilir ki, bu da geyimin qiymətinə təsirsiz keçmir”.

Artıq eyni düşüncə bizim ölkəmizdə də hakimdir: böyük bədən ölçülü geyimlər tapmaq əsil problemə çevrilib. Paytaxtın bəzi yerlərində bu tip mağazalar olsa da, qiymətlər o qədər də ucuz deyil və çeşidlərin rəngarəngliyi yoxdur.

 

 

Bazarın məxfi qanunu

İstər-istəməz sual yaranır: nə üçün tanınmış geyim markaları kök insanlara qarşı etinasızdırlar? Belə görünür ki, iş parça sərfiyyatındadır. “S” ölçülü paltara az,  XXXL-ə isə daha çox material sərf olunur. Qiymətlərinin eyni olması isə şərtdir.

“Kütləvi istehsal zamanı böyük ölçülər heç də həmişə baha olmur” – deyə dizayner Aytac Əliyeva bildirir: “Lekalın rasional qurulması lazımdır – o zaman ən böyük ölçülü geyim ən kiçik ölçülü geyimlə qonşuluq edir. Nəticədə parçanın sərfiyyatı orta olur. Bu zaman bir neçə ölçüdə tikmək sərfəli olur. Kök adamlara paltar satmaq o qədər də çətin deyil, əgər həmin paltar onun əyninə yaxşı oturursa. Təbii ki, bu cür paltarları tikməkdən ötrü gərək olan ölçüyə əsasən lekal hazırlanmaq lazımdır, amma bu hər kampaniyaya da alınmır”.

Geyim istehsalçıları etiraf edirlər ki, böyük ölçülü paltarlar adi ölçülülərdən çətin satılır. Satılmayan qalıqlar isə mənfəətə pis təsir edir. Son nəticədə firmalar zərərin qarşılığını təmin etmək üçün qiyməti artırmağa məcbur olurlar. Belə halda isə, alıcılar üsyan etməyə başlayır və bu halda rəqiblər işə keçirlər. Beləliklə, hətta nəhəng brendlər belə, böyük ölçülərə baş qoşmaq istəmirlər.

Ekspertlər işarə edirlər ki, dəbli markalar köklər üçün geyim tikmir, bir də gəncliyin zövqünü aşağı salmaq istəmirlər. Kobud desək, ana və qız eyni mağazadan geyinib-kecinə bilməz – bazarın belə məxfi qanunu var.

“Gucci” mağazasının satış təmsilçisi Minayə İsrailovanın sözlərinə görə, böyük bədən üçün geyimlər istehsal edən xüsusi fabriklər və onların satışı ilə məşğul olan mağazalar var. Belə ki, “Gucci” və “Dolce& Gabbana” kimi mağazalarda çox nadir hallarda böyük ölçülü mallara rast gəlinir: “Bizdə bütün geyimlər kiçik ölçü bədənlər üçün nəzərdə tutulub. Bizim şəbəkədə daha çox gənc xanımlar üçün mallar satılır. Ona görə də böyük ölçüyə üstünlük verilmir. Ancaq elə klassik modellərimiz var ki, məsələn, pencək, yubka – maksimal olaraq 48 ölçüdə gəlsə də, 46 ölçüyə uyğun gəlir. Düzdür, böyük ölçü ilə bağlı müraciətlər çox olur, ancaq malın yoxluğu bizdən asılı proses deyil. Bu gün bütün mağazaların əksəriyyəti balaca ölçülü geyimlər satır”.

Böyük ölçülü geyimlərin az miqdarda gətirildiyini etiraf edən «Manqo» mağazalarının meneceri Elnarə Həsənova səbəbini əsasən kiçik ölçülü geyimlərin daha çox satılması ilə izah edir: «Bizim mağazalar şəbəkəsində əsasən kiçik ölçülü geyimlər alınır. Ona görə də əgər hər hansı bir modeldən 6 ədəd sifariş veririksə, onun biri böyük bədən olacaq. Modeldən asılı olaraq ölçülər “L və XL” olur. Bizdə böyük ölçülü paltarlarla bağlı əsasən problem olmayıb. Endirim vaxtı olanda da, böyük ölçülər satılmır. Ona görə də biz böyük ölçülü geyimləri o qədər də sifariş vermirik”.

“DeFacto” mağazasında söhbətləşdiyim satıcı bəzi hallarda “XXL” ölçülərin olduğunu bildirdi: Bizim mağazada əsasən kiçik ölçülü mallar satılır. Ancaq dolu bədənlər üçün də geyimlər gəlir. Düzdür, o qədər də çox deyil, ancaq alıcılar razı qalır”.

“New Yorker” mağazasının satıcısı XXXL malları satdıqlarını deyir: “Bizim mağazada 50-52 ölçüdə geyimlər olur. Düzdür, mağaza kök adamlar üçün ixtisaslaşmayıb. O üzdən böyük ölşülərə az yer verilir. Daha böyük ölçülər – 54 və ya 56 ölçülü geyimlər isə bizim mağazalarda satılmır. Ümumiyyətlə daha böyük ölçüləri tapmaq çətindir”.

Nərimanov rayonundakı «Böyük ölçülü qadın paltarları mağazası»nın satıcısı Qəmər Əliyeva mağazanın böyük bədən geyimlərinə ehtiyac üzündən yarandığını bildirdi: «Daha çox böyük ölçüdə geymə ehtiyacı olan insanların müraciətini nəzərə alaraq bu mağazanı açdıq. Müraciətlər də həddən artıq çox olur. Bu tip mağazalar az olduğundan bizim mağazaya çox üz tuturlar. Malları əsasən Türkiyədən gətiririk. Qadınlar böyük ölçüdə şalvar və köynəklər axtarırlar. Onları maksimum təmin etməyə çalışırıq”.

“İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən “XXXL” mağazasında da malları əsasən Türkiyədən gətirdiklərini dedilər: “Türkiyə tekstil ölkəsi olduğu üçün orada bütün bədən ölçülərini nəzərə alan istehsal müəssisələri var. Elə fabriklər mövcuddur ki, ənənəvi olaraq böyük bədənlər üçün tikir. Həmçinin böyük ölçülü geyimləri satan mağazalar da çoxdur. Belə mağazalar demək olar ki, Türkiyənin bütün şəhərlərində var. Bu baxımdan, insanlar geyim axtaranda çətinlik çəkmirlər. Bizdə isə bu, əsil problemdir. İstehsal olmadığından, böyük ölçülü mallar xaricdən gəlməlidir. Bu isə baha başa gəlir. Mağaza sahibləri daha çox kiçik ölçülü geyimlərə üstünlük verirlər. Çünki rahat satılır”. Satıcı xüsusən dolu qadınların mağazaya müraciət etdiyini bildirir: “Kök qadınlar paltar tapmaqla bağlı daim problemlə üzləşirlər. Atelyelərə getmək onlara o qədər sərf eləmir. Dəb isə onları nəzərə almır. Məşhur markalar isə öz ənənələrini pozmaq fikrindən uzaqdırlar”.

Stilistlər problemin həllini istehsal müəssisələrinin insafına bağlayırlar. Yəni “material sərfindən çəkinməyib eyni dəbi böyük bədənlər üçün də yaratmaq olar” deyirlər. Fabrik sahibləri isə dolu insanlara mağazaları gəzməkdənsə, çəki atmağı məsləhət görürlər: “Bu, həm sağlamlığa xeyirdir, həm də gözəllikdir. Üstəlik, dəblə ayaqlaşmaq üçün lazımdır”.

Bütün hallarda köklərə heç kəs güzəşt etmək istəmir. Baş çəkdiyimiz mağazaların menecer və satıcıları ilə söhbətdən də gələcək üçün işıq ucu görünmədi. Heç kəs öz mənfəətindən əl çəkmək istəmir. Belədə çarə yalnız köklərin özünə qalıb, yəni çəki atmaqdan başqa çarələri yoxdur…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir