Xərçəng insanlığın bəlasıdır. Bu xəstəliyin tarixi Miladdan əvvəl 3000-ci ilə təsadüf edir. Xərçəng haqqında ilk yazılara qədim Misir papiruslarında rast gəlinib. Orada məmə xərçəngi haqqında yazılıb. Yazılarda xəstəlik haqqında “heç bir müalicəsi” yoxdur deyə bəhs edilir.
Aradan minilliklər keçsə də, xərçəng xəstəliyinin müalicəsi demək olar ki, tapılmayıb. Çox zaman mütəxəssislər “vaxtında aşkarlansa, sağala bilər”, – deyə xərçəngdən bəhs etsə də, nəticə etibarı ilə bu, xəstələrin ömrünü azacıq uzada bilir.
Xərçəng insanın müxtəlif orqanlarında inkişaf edə bilər. Bu dəfə Aile.lent.az sizə ağciyər xərçəngi barəsində məlumat verəcək. Əvvəlcə onu nəzərinizə çatdıraq ki, ağciyər xəstəlikləri çox zaman gizlin inkişaf edir və başqa narahatlıqlar zamanı rentgen çəkilərkən üzə çıxır.
Onkoloq Samir Hacıbabayevin sözlərinə görə, xəstəlik vaxtında müəyyən edildiyi halda müdaxilə etmək mümkün olur: “Ancaq xəstəlik çox zaman gizlin keçdiyi üçün son səviyyədə üzə çıxır ki, bu zaman kimyaterapiya ilə xəstənin ömrünü 6 ay uzatmaq mümkün olur. Ümumiyyətlə isə, ağciyər xərçəngi zamanı qanlı öskürək, sinə bölgəsində ağrı, nəfəs darlığı, səsli nəfəs alıb-vermə müşahidə edilə bilər”.
Ağciyər xərçəngi zamanı ciyərdəki şiş və ya şişlərin təsiri ilə bağlı qanda, hormonlarda və bədənin digər bölgələrində müəyyən əlamətlər görülə bilər. Öskürərkən qan gəlməsi ağciyər xərçəngindən əziyyət çəkən insanların 25 faizində müşahidə edilir. Bu qan şişin böyüklüyündən asılı olaraq, azalıb arta bilər. Ağciyər xərçəngi səbəbilə hormon balanssızlığı və ya digər orqanlarda problemlər müşahidə edilər bilər.
Ağciyərində şiş olan xəstələrin 40 faizində müəyyən əlamətlər özünü göstərir. Əgər xəstə inadçı öskürəyə yaxalanıbsa, öskürək həftələrlə davam edirsə, bu, ağciyər xərçənginin əlaməti ola bilər. Öskürəklə birlikdə qan gəlirsə, mütləq həkimə müraciət edin. Öskürəklə gələn qan bəlğəm qarışıq da ola bilər.
Hərəkət edən zaman nəfəs daralması ağciyər xəstəliyinin erkən əlamətlərindəndir. Əgər tez-tez təngnəfəs olursunuzsa, ciyərlərinizi müayinə etdirin. Ağciyər xəstələrinin 50 faizində öskürək zamanı sinə və çiyin bölgəsində ağrı müşahidə edilir.
Həkim bildirir ki, ağciyər xərçəngi olan xəstələrdə tez-tez iltihablı xəstəliklər müşahidə edilir: “Tez-tez bronxit və ya ağciyər iltihablanması yaşayan insanlarda ağciyər xərçəngi qaçılmazdır. Əgər şiş hava kanalına yaxın bir yerdədirsə, belə iltihablı xəstəliklərin görülməsi normaldır. Belə iltihabi xəstəliklər uzun müddət siqaret istifadəsi səbəbilə də meydana gələ bilər”.
İştahanın azalması, səbəbsiz diz ağrısı, xroniki yorğunluq, depressiya ağciyər xərçənginin əlaməti ola bilər. Xəstəliyin erkən müəyyən edilməsi, xəstənin ömrünü uzada bilər.
Bəzən isə xəstəlik inkişaf edəndən sonra özünü büruzə verir. Bu zaman xəstədə enerji azlığı, xroniki yorğunluq, səbəbi məlum olmayan çəki itkisi, iştaha azlığı, xırıltılı nəfəs alıb-vermə, yüksək hərarət, batıq səs, udqunarkən çətinlik çəkmə, nəfəs alarkən yaşanan ağrılar, barmaqların formasını dəyişməsi, qarının sağ tərəfində olan ağrılar, əzələlərdə gücsüzlük, kişilərdə sinələrinin şişməsi, limfa vəzilərinin şişməsi, baş gicəllənməsi, əl və ayaq barmaqlarda qarışqalanma hissi müşahidə edilə bilər. Sadalanan əlamətlərin bir neçəsini yaşayırsınızsa, həkimə müraciət edin.
Çox az halda ağciyər xəstəlikləri sarılıqla da müşahidə edilir. Bu zaman xəstəlik yetərincə inkişaf etmiş və metastaz vermiş olur. Ağciyər xərçəngi özünü gec büruzə verdiyi üçün yalnız 14 faiz xəstələr xəstəlik müəyyən edildikdən sonra 5 il yaşaya bilir: “Ağciyər xərçəngi, ağciyər iltihablanması, ürək xəstəlikləri zamanı ağciyər tomoqrafiyası, bronxokoskopiya, bəlğəmin sitoloji araşdırılması zamanı müəyyən edilə bilər. Ağciyər xərçəngi kiçik və böyük hüceyrəli ola bilər. Kiçik hüceyrəli ağciyər xərçəngi sürətlə yayılır”.
Mütəxəssislərin fikrincə, ağciyər xərçəngi vaxtında müəyyən edilərsə və xəstənin digər şikayətləri olmadığı təqdirdə, düzgün müalicə ilə xəstə 15 il yaşaya bilər. Amma bu, onun mənəvi gücündən və həkimin davranışlarından asılıdır. Həkim xəstəyə xəstəliyin ağırlıq dərəcəsini bildirməməli, onu sağalacağına inandırmalıdır.