Bagca

Bağçanı özümüz bəzəsək necə olar? – EVİN İŞİ

Baxış sayı: 2. 434

Artıq yazın son günləridir. Və indidən hər kəs evinin eyvanında, bağçasında vaxt keçirməyə başlayıb. Yayın isti günlərində, xüsusilə axşamlar evdə deyil, açıq havada ailənizlə birlikdə yemək yeməyi, söhbət etməyi, kitab oxumağı, musiqiyə qulaq asmağı kim istəməz. İşdən evə gələndə, yaxud həftəsonları şəhərin səs-küyündən uzaq, yaşıllığın içində dinc vaxt keçirmək hər kəsin arzuladığı bir şeydir.

Təbii ki, bütün yayı keçirəcəyimiz bağçamızın dekorasiyası da vacibdir. Bəs bağçanı özümüz bəzəsək necə olar?! Rəngarəng, şıq, əhval-ruhiyyəmizi açacaq bağçaya sahib olmaq elə də çətin deyil. Mağazalarda gördüyünüz bahalı bəzək əşyalarını unudun. Çünki sizinlə paylaşacağımız “Özün et” dekorasiya fikrilərinin köməyilə xəyalınızdakı bağçaya sahib olacaqsınız. Eyni zamanda çox əylənəcəksiniz.

Onu da qeyd edək ki, bütün bunları evdəki çoxdan istifadə etmədiyiniz, yaxud atmağı planlaşdırdığınız köhnə əşyalarla edəcəksiniz. Sizin üçün fəqli, eyni zamanda asanlıqla edə biləcəyiniz dekorasiya fikirlərini “Evin işi” rubrikasında bir yerə yığdıq.

Köhnə velosipedinizi atmayın. Velosipedinizi dibçək çiçəkləri ilə bəzəyərək romantik abu-hava yarada bilərsiniz. Çiçək əkdiyiniz dibçəkləri velosipedin oturacaq və səbət hissəsinə qoyaraq bağçanızda fərqli və əyləncəli bir dekor əşyası düzəltmiş olacaqsınız. Velosipedin sabit durmağı üçün seçdiyiniz guşədəki ağaca bağlaya bilərsiniz.

Atmağı məsləhət görmədiyimiz digər əşya isə əl arabasıdır. Köhnə və artıq istifadə etməyəcəyiniz  əl arabası varsa, onu bağçanızda seçdiyiniz guşəyə yerləşdirin. İçinə rəngarəng çiçəklər əkdiyiniz dibçəkləri yerləşdirin.

Çılğın bağça dekorasiyalarına davam edirik. Bu işdə əsas məqsəd köhnə əşyalarımızı yenidən bərpa edərək faydalı vəziyyətə gətirməkdi. İşə köhnə ayaqqabı və çəkmələrimizlə davam edək. Atmağa əlimiz gəlmir dediyimiz çəkmələrə rəngarəng çiçəklər əkib çəpərlərdən asın. Dibçək əvəzinə köhnə dabanlı ayaqqabılardan istifadə edərək şıq və əyləncəli bəzək əşyalarına sahib olun.

Köhnə stul və kreslolarınızı dibçək kimi istifadə edə bilərsiniz. Necə?! Köhnə stulların ayaqlarını kəsin. Daha sonra çəpəriniz varsa, ora mismarla bərkidin. Və dibçəkləri oturacaq hissəsinə yerləşdirin. İndi isə növbə köhnə kreslolardadır. Dekor etmək istədiyiniz yeri seçin, kreslonu ora daşıyın. Oturacaq hissəsindəki parçanı kəsin, taxta hissəsini isə saxlayın. Həmin taxta hissəyə torpaq tökün və gül əkin. Köhnə stullardan eynilə ayaqlarını kəsərək yelləncək də düzəldə bilərsiniz.

Yenidən istifadə edə biləcəyimiz digər bir əşya köhnə maşın təkəridir. Sevdiyiniz rəngləri seçin, təkərləri o rənglərə boyayın. Ən yaxşısı divar, yaxud çəpər dibinə yerləşdirin. Və çiçəklərinizi əkin. Əgər yerdə yerləşdirmək istəmirsinizsə, çəpərdən və ya ağacdan iplə asaraq eynilə güllərinizi əkə bilərsiniz.

Qonaqlıq vermək planınız varsa, istifadə etmədiyiniz şüşə qablardan dekor məqsədilə istifadə edə bilərsiniz. Masalarınızın üzərində, yaxud ağac və çəpərlərdən asaraq içlərini gül-çiçəklə doldurun. Qonaqlarınızın əhval-ruhiyyəsini açın. Yaxud romantik bir gecə keçirmək istəyirsinizsə, rəngarəng şüşə qablardan şamdan kimi istifadə etmək mümkündür. Belə ki, şüşə qabları iplərlə ağacdan asın, içinə şamlar qoyun. Ətrafı işıqlandırın və səmimi mühit yaradın.

Bağçanızda kəsilmiş bir ağac kötüyü varsa, mütləq dəyərləndirin. Kötüyün ölçüsünə görə üzərinə dibçək və saxsı qablarınızı qoya, yaxud çox gözəl yemək masası düzəldə bilərsiniz. Bağçanızın daha geniş və aydın görünməyini istəyirsinizsə, güzgülərdən istifadə edin. Köhnə pəncərə çərçivəsi varsa, birinci güzgünü ona bərkidin. Sonra bağçanızın çəpərindən, yaxud divarından asın.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir