Seker

Şəkər xəstələrində xərçəng riski nə qədərdir? – HƏKİM RƏYİ

Baxış sayı: 2. 120

“Diabetes mellitus” və ya sadəcə şəkər xəstəliyi şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar.

 

Kimlərdə şəkərli diabet olma riski daha yüksəkdir?

– Piylənmə və ya artıq çəkisi olan insanlar (BKİ, yəni bədən kütlə indeksi 25kq/m2 yuxarı olan)

– İrsiyyətdə şəkərli diabeti olanlar

– Qan təzyiqi yüksək olan xəstələr

– İri çəkili uşaq doğan və hamiləlik vaxtı diabet diaqnozu qoyulan qadınlar

– Xolesterin və triqliseridləri yüksək olanlar (dislipidemiya)

– Yumurtalıqların polikistoz sindromu olan qadınlar

– Şizofreniya xəstələri

– Tək orqan transplantasiyası olunan (əsasən də böyrək köçürülən) xəstələr

– İnsulin rezistentliyi olan insanlar

– Oturaq həyat tərzi keçirən və fiziki aktivliyi aşağı olan insanlar.

 

Əgər yuxarıda sadaladığımız risk faktorları varsa, xəstələr mütəmadi olaraq diabet riskinə görə müayinələrdən keçməlidirlər. Aclıq qan şəkəri 100-125 mq/dl olan insanlar prediabet sayıldığından sonrakı addım 75 qr qlükozalı standart OGTT olmalı və 2 saatdan sonra qan şəkəri dəyərləndirilməlidir. Müayinələrdən sonra xəstənin prediabet və ya diabet olması dəqiqləşdirilir və buna uyğun əlavə müayinə və müalicə planı hazırlanır.

Erkən aşkarlanmış diabet və vaxtında başlanılmış müalicə göz, böyrək, sinir, ürək-damar ağırlaşmalarının qabağını almaq deməkdir.

 

Şəkərli diabet xəstələrində xərçəng riski

Bəs şəkərli diabet xəstələrində xərçəngə yoluxma riski nə qədərdir? Mövzu ilə bağlı Aile.lent.az-a danışan endokrinoloq Nadirə Ağazadə deyir ki, uzun illərdən bəri şəkər və xərçəng xəstəliyinin əlaqəsi alimlərin diqqətini çəkmiş və araşdırılmağa başlanılmışdır. Xəstələr üzərində aparılan müxtəlif çalışmaların meta-analizi nəticəsində müəyyən olunmuşdur ki, diabetli xəstələrdə xərçəng olma riski diabet olmayan insanlarla müqayisədə 2 dəfə yüksəkdir.


Hansı orqanların xərçəngi daha çox rast gəlinir?
– Qaraciyər

– Mədəaltı vəz

– Qadınlarda endometrium xərçəngi

Həkimin sözlərinə görə, diabetli xəstələrdə bağırsaq, sidik kisəsi, qadınlarda süd vəzi xərçənginin 20-30% arasında risk artımında olduğu müəyyənləşib: “Xərçəng olma risk səbəbi kimi xəstələrdə piylənmə, fiziki aktivliyin aşağı olması, insulin rezistentliyi, hiperqlisemiya (qanda şəkərin yuxarı olması) olması düşünülür. Diabetli xəstələr bu risk faktorlarını nəzərə alaraq insulin rezistentliyinin qarşısını almaq üçün çəkilərinə nəzarət etməli, düzgün qidalanmalı, aclıq və toxluq şəkərlərinə nəzarət etməli, idmana xüsusi önəm verməlidirlər. Bundan başqa, diabet müalicəsində istifadə olunan bəzi qrup preparatların hüceyrə böyüməsini yavaşladaraq xərçəng olma riskini azaltdığı müəyyən olunmuşdur”.
N.Ağazadə onu da qeyd etdi ki, daha gec yaşlarda diabet olan xəstələrə ilk 5 il ərzində onkoloji rutin testlərin aparılması vacib sayılır.