vampir

İnsanları vampirə çevirən filmlər

Baxış sayı: 1. 775

Tez-tez real həyatda baş verən müxtəlif hadisələr film ssenarilərinin yaranmasına səbəb olur. Bəzən isə bunun əksi baş verir.

İnsanlar filmlərdə gördükləri səhnələri real həyatda yaşamaq, film qəhrəmanının yerində özünü görmək istəyir.


“Oğrular şəhəri” (2010)
Kriminal dram janrında çəkilən bu filmdə Ben Afflek dostları ilə birlikdə soyğun təşkil edən gənc qəhrəmanı canlandırır. Banklarda baş tutan uğurlu soyğunlar qəhrəmanı daha da ruhlandırır, o, öz “işinin” ustadına çevrilir. Filmin nümayişindən qısa müddət keçəndən sonra artıq bir qrup gənc filmin “ardını çəkməyə” başlayır. Belə ki, gənclər 46 soyğun həyata keçirir. Və bu əməliyyatlar nəticəsində əldə olunan gəlir 217 min dollara çatır. Cinayətkarlar proses boyu Afflekin filmindəki metodlardan istifadə edir – kömək üçün heç yerlə əlaqə saxlanıla bilməsin deyə bankın binasına enerji axınının qarşısını alırlar. Soyğunu həyata keçirən gənclər qaranlıqda rahat hərəkət edə bilmək üçün mədənçi formaları geyinir, öz DNK-larını ağardıcı ilə məhv edirlər. Bütün bunlara baxmayaraq, qruplaşmanın bütün üzvləri həbs olunur. Həbs olunan gənclər özləri “Oğrular şəhəri”ndən ilhamlandıqlarını dilə gətiriblər.


“X Proyekti” (2012)
Yəqin ki, gənclər üçün “X Proyekti” komediyasını yaradanlar bu filmin bir çox amerikalı yeniyetmə tərəfindən həyata keçirilmə ehtimalını ağıllarına da gətirməyiblər. Əgər filmi izləməmisinizsə, bir neçə sözlə sizə danışım: valideynlərinin şəhər kənarında olduğu bir vaxtda gənclərdən ibarət qrup parti təşkil edir. Zaman keçdikcə gəncləri idarə etmək olmur. Bu haqda xəbər tutanlar partinin keçirildiyi evə axışmağa başlayır. Bir müddət sonra parti narkotik maddələrlə, yanğınlarla, davalarla müşayiət olunur. Film nümayişə çıxdıqdan bir neçə ay sonra ştatlarda yeniyetmələr haqda polisə şikayət sayı artmağa başlayır. “X Proyekti” filmindəki kimi olmasa da, yeniyetmələr bu tip partilər təşkil etməklə ictimai asayişi pozur, narkotik maddələrdən istifadə edir, qonşuları bezdirməyə başlayırlar. Vandalizmə gətirib çıxaran bu partilər nəticəsində polis xeyli sayda azyaşlını həbs etməyə məcbur olur. Bununla yanaşı, üzərində icazəsiz silah gəzdirən yeniyetmələr bir çox vətəndaşa xəsarət yetirir.


“Çığırtı” (1996 )
Ues Kreyvenin klassik treyleri hələ nümayiş olunduğu ilk gündə sensasiyaya səbəb olmuşdu. Filmin süjeti yəqin ki, sizə məlumdur. Qorxu filmlərini sevən hər kəsin tez bir zamanda sevimlisinə çevrilən “Çığırtı” həm də bir çoxlarına cinayət üçün stimul verdi. Filmin ən yaxşı imitasiyası hollandiyalı Terri Jaradenə nəsib oldu. O, 2001-ci ilin noyabrında 15 yaşlı Ellison Kembiri öldürməsinin səbəbini filmdən aldığı “ilhamla” izah etmişdi. Gənc xanım Ellisona etdiyi görüş təklifinə neqativ cavab aldıqdan sonra qonşu otağa keçib, məşhur maskanı taxıb, mətbəx bıçağı ilə xanıma hücum edib. Gənc fanatik filmin ilk seriyasında olduğu kimi xanıma 30 bıçaq zərbəsi endirib. Sorğuda Terri çoxdandır ki, filmin bu səhnəsini reallaşdırmaq istədiyini etiraf edib.


“Döyüşçü klubu” ( 1999 ) 

Çak Palanyakın romanı əsasında ekranlaşdırılan bu şedevr Devid Finçerin rejissorluğu ilə çəkilib. Film o qədər mükəmməl və ideal işlənib ki, Bret Pitin canlandırdığı Teyler Derden obrazını bir çox gənc özündə tapıb. Və bundan sonra öz “Məğlubiyyət layihəsi”ni yaratmağa başlayıb. 2009-cu ildə Birləşmiş Ştatlar özünün ən mühüm bayramlarından birini – Anım Gününü qeyd edirdi. Bu bayram Amerika Birləşmiş Ştatlarının indiyə qədər itirdiyi bütün şəhidləri anma mərasimi kimi hər ilin may ayının sonuncu bazar ertəsi qeyd olunur. Mərasimin davam etdiyi bir vaxtda Nyu Yorkun bir neçə küçəsində, eyni anda partlayış baş verir. Terrorçular kapitalizmə qarşı çıxaraq filmdəki kimi koorperativ şirkətlərin binalarını partladırlar. Terrorun əsas təşkilatçısı tezliklə polis tərəfindən saxlanılır. Saxlanılan şəxsin yerli “Döyüş klubu”nun üzvlərindən biri olan Kayl Şou olduğu məlum olur. Onu da qeyd edim ki, film ekranlara çıxdıqdan sonra dünyanın hər yerində “Döyüşçü klubu” yaradılıb və onlar hazırki günümüzdə də fəaliyyət göstərir.

“Mişar” ( 2004 )
Psixopat Con Kramer son dövrlərin ən xoşagəlməz qatil obrazlarından biridir. Kramer öz qurbanlarını, sadəcə, öldürmür, o, “məntiqli” oyunlar quraraq öz qurbanlarına əzab verir və ya onlara öz həyatlarını xilas etmək üçün şans verir. Baş qəhrəmanın sözlərinə görə, o, qəhrəmanları öldürmür, kifayət qədər yaşamaq eşqi olmayan qurbanlar özləri-özlərini öldürür. Filmin çılğın süjeti ABŞ-ın Solt-Leyk-Siti şəhərində yaşayan iki gənci cinayətə sövq edib. Belə ki, azyaşlılar kinodakı qədər orijinal olmasa da, bir neçə plan qurub insanlara əzab veriblər. Tez bir müddətdə polis tərəfindən saxlanılan gənclər öz günahlarını etiraf edib və “Mişar” filmindən təsirləndiklərini dilə gətiriblər.


“Vampirlərlə müsahibə” ( 1994 ) 

Daniel Sterlinq və onun 8 yaşlı rəfiqəsi Liza Stelvaqen 17 noyabr, 1994-cü il tarixində vampirlərlə bağlı qorxu filmini izləyirlər. Səhərə yaxın, saat 3 radələrində Liza ona kiminsə baxdığını hiss edib oyanır. Yatağının yanında o, Danieli görür: “Sən bu gün öləcəksən. Səni öldürəcəyəm və qanını içəcəyəm”. Qız bunun yuxu olduğunu düşünüb yatmağa davam edir. Bundan sonra isə Daniel ona 7 xəsarət yetirir və qanını içməyə başalayır…


“Rembo” ( 1982 )
Silvestr Stallonenin iştirakı ilə lentə alınan “Rembo” filmi. Vyetnam müharibəsinin veteranından bəhs edən bu film hələ çoxdan izləyicilərin sevimlisinə, “müqəddəs”inə çevrilib. Bir çox yeniyetmə filmin nümayişindən sonra Rembonu təqlid etməyə başladı. Lakin onlardan çox az bir hissəsi böyüdükdən sonra öz uşaqlıq idealına sadiq qaldı. Bir müddətdən sonra başına qırmızı lent bağlayan, kamuflyaj kostyumunda kanadalı polis maşınını partladan gənc meydana çıxdı. Filmin təqdimatından bir neçə həftə sonra başına eynilə “Rembo” kimi qırmızı lent bağlayıb “ədaləti bərpa edən” çoxsaylı gənc həbs olundu.


“Qara Cəngavər” ( 2008 ) 

Kristofer Nolanın premyerasından dərhal sonra Ceyms Xolmsun 12 nəfəri qətlə yetirməsi hər kəsin heyrətinə səbəb oldu. Fantastik ssenarinin təsiri ilə törədilən nə birinci, nə də sonuncu olan bu cinayətin səbəbini qatil belə açıqladı: “Mən Cokerəm!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir