ders

Testə qurban gedən uşaqlıq…

Baxış sayı: 1. 783

Bu gün müxtəlif özəl təhsil kurslarında beşyaşlı uşaqlar üçün sınaq imtahanları keçirilir. Valideynlər bir-birinin bəhsinə uşaqları bu sınaq imtahanlarına göndərir və övladı test tapşırıqlarını düzgün etmədikdə uşağı sıxışdırır, artıq dərs yükü ilə yükləyirlər. Ekspertlərin fikrincə, beşyaşlılar üçün test tapşırıqları kommersiya məqsədi daşıyır və uşaqların yaş səviyyəsinə uyğun deyil, qat-qat çətindir.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu gün Azərbaycanda orta məktəb proqramının çətinləşməsi, qəbul imtahanlarının ağır formatda təşkili valideynləri kütləvi şəkildə və demək olar, məcburi olaraq övladlarını repititor yanına göndərməyə yönəldir: “Təəssüfləndirici hal ondan ibarətdir ki, artıq təkcə valideynlər 10 və 11-ci sinifdə oxuyan şagirdləri yox, eyni zamanda 1, 2, 3-cü sinif şagirdlərini də hazırlıq kurslarına, repititor yanına göndərirlər. Əlbəttə, valideynlər çalışırlar ki, övladları yaxşı təhsil alsın. Halbuki, onlar bu təhsili heç bir vəsait ödəmədən orta məktəblərdə almalıdırlar. Məktəb yaşları şagirdin uşaqlıq illəridir. O, cəmiyyətə bu dövrdə əldə etdiyi psixoloji durumla daxil olur, nəinki əldə etdiyi biliklərlə. Bilik daimi deyil, amma şagirdlərin uşaq yaşlarında ağır təhsil yükü ilə bağlı aldığı psixoloji travma daimidir”.

Əsədov qeyd edir ki, son vaxtlar təzə bir dəb halını almış xoşagəlməz tendensiya başlayıb: “Hazırlıq kursları ancaq kommersiya məqsədləri üçün azyaşlı uşaqlar üçün sınaq imtahanı keçirir”.

Həmsöhbətimiz vurğulayır ki, imtahanın keçirilməsinin bir neçə vacib nüansı var: “Siz bu imtahanı hansı məqsəd üçün keçirirsiniz, harda keçirirsiz və hansı nəticəni gözləyirsiz. Təəssüf ki, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarında istifadə olunan test tapşırıqları şagirdlərin yaş həddinə, psixoloji durumuna, bilik və bacarıqlarına uyğun deyil. Belə ki, test tapşırığı tərtib edən şəxlərin heç birinin orta məktəb təcrübəsi yoxdur. Onlar müxtəlif resurslardan istifadə edərək əldə etdiyi testləri azyaşlı uşaqların önünə təqdim edirlər. Bu zaman az bal toplayan şagird həm psixoloji cəhətdən narahat olur, həm də valideynlər övladlarına fiziki və digər təziqlər edirlər”.

Ekspert bildirir ki, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarının heç biri təhsilin inkişafına, şagirdlərin bilik və bacarıqlarının artırılmasına xidmət etmir: “Bu çətin təşkil olunmuş sınaq imtahanlarının yalnız kommersiya məqsədləri var. İmtahanda iştirak edən şəxslərin şəxsi məlumatlarını götürən hazırlıq kurslarının əməkdaşları sonra bütün valideynlərə zəng edib, əlaqə saxlayıb onların övladlarını öz kurslarına cəlb etmək istəyirlər. Vəd edirlər ki, onların övladlarının nəticəsi artacaq. Kursa cəlb olunmuş şagirdləri bir müddət sonra asan test tapşırığı ilə yenidən imtahan edirlər və şagirdlər yüksək nəticə əldə edir. Bunun ardınca həmin o saxta yolla əldə edilmiş yüksək nəticəni valideynlərə göstərib məhz onların fəaliyyəti nəticəsində nəticənin əldə olunduğunu deyirlər”.

Əsədovun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində şagirdlər IX sinfə qədər heç bir imtahana cəlb olunmur: “Lakin ölkəmizdə, təəssüf ki, hər ay ərzində 3-4 dəfə şagirdlər bu və ya digər formada imtahana cəlb olunurlar. Bu, heç də yaxşı hal deyil. Azyaşlı uşaqları stresə salmaqla, onlara böyük həyəcan yaşatmaqla heç bir inkişafa nail olmaq mümkün deyil. Nəzarətsiz qalan hazırlıq kursları təhsilimizi öz kommersiya məqsədləri üçün məhv edirlər”.

Füzuli rayonu 7 nömrəli məktəbin direktoru Gülşən Novruzova deyir ki, son vaxtlar müxtəlif özəl  kurslarda tez-tez müxtəlif şəkildə sinaq imtahanları keçirirlər: “Bu, hazırlıq kursunda oxuyan uşağın irəliləmə-geriləməsini təyin etmək üçündür. Lakin son vaxtlar bu, kommersiya məsələsinə çevrilib. Çünki azyaşlı uşaqların da sınaq imtahanlarına cəlbi kütləvi hal alıb. Amma kiçikyaşlı uşaqları bu cür yükləmək düzgün deyil. İmtahana girmək azyaşlı uşaq üçün psixoloji cəhətdən böyük gərginlikdir”.

“Hədəf” kursunun əməkdaşı bizimlə söhbətində bildirdi ki, məktəbəqədər uşaqlar üçün sınaq imtahanlarında məntiqi suallar, toplama, çıxma, rəngləmə, heyvanları tanıma, fərqləndirmə kimi test sualları olur: “Testlər şəkillidir. Sınaq imtahanları ödənişlidir, 4 manatadır. Testin sulları psixoloqla məsləhətləşərək tərtib edilir. Ümumiyyətlə, testdəki suallar “Hədəf” kursunun məktəbəqədər proqramına uyğun tərtib edilib”.
Özəl kursların birində məktəbəqədər təhsil üzrə müəllimə Leyla Babayeva “Ekspress”ə bildirib ki, valideynlər kiçik yaşlarından uşaqların təhsili ilə məşğul olmalıdırlar: “Kurslarda, tədris mərkəzlərində 5 yaşlı uşaqlar üçün sınaq imtahanlarının keçirilməsi liseylərdə olan birinci sinfə qəbulla bağlıdır. Kurslar, tədris müəssisələri məcbur olub belə bir addım atırlar. Burada həm də kursun, tədris mərkəzinin öz şəxsi maddi maraqları da üstünlük təşkil edir”.
Babayevanın sözlərinə görə, imtahan anlayışı kiçik yaşlarından uşaqlara aşılanmamalıdır: “Çünki imtahan beşyaşlı uşaqların yaşına tamamilə uyğun deyil. Uşaqların hədsiz yüklənməsi onlarda hər hansı bir xəstəliyin başlanğıcına təkan verə, qorxu, stress keçirməsinə səbəb ola bilər. Beş yaşlı uşaqların sınaq imtahanlarına cəlb olunması müsbət, arzuolunan hal deyil. İmtahan sözünün əvəzinə uşağa “Sən sadəcə tapşırıqlar edəcəksən”, “Özünü sınayacaqsan” demək daha yaxşı olar. Özüm də uşaqlarla işləyirəm və uşaqların valideynləri onları çox sıxır, uşaqlar özləri dilə gəlib mənə deyirlər ki, biz sınaq imtahanlarına getmək istəmirik. İmtahan sözünün ağırlığını bu yaşda olan uşaqlara hiss etdirmək düzgün deyil”.

Müsahibimiz bildirib ki, sınaq imtahanlarındakı test sualları uşaqların yaşına uyğun olaraq tərtib olunur.

Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, ümumiyyətlə, valideyn özünü ideal valideyn kimi hiss etmək, daxilən rahatlanmaq üçün bütün qüvvəsini uşağın təhsilinə qoyur: “Valideynlər öz aralarında uşaqlarını tərifləyir və bu, onlarda bir növ yarışa bənzəməyə başlayır. Beş yaş uşaqların psixoloji inkişafının ən önəmli mərhələsidir. Bu yaş dövründə onlar yadda saxlayır, anlayır, müqayisə edirlər. Amma onları çox yükləmək əks effekt verə bilər. Hər bir valideyn övladının intellektual bacarıqlarını düzgün qiymətləndirməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir