Antidepressant dərman preparatları müasir dövrdə təkcə əhval-ruhiyyəni yüksəltmək məqsədi ilə yox, həm də insanda yaranan həyəcan, təşviş kimi halların da aradan qaldırılmasında geniş istifadə olunan dərman qrupudur.
Bu dərmanların hansı mexanizmlə təsir etməsi tam aydın olmasa da, əsas nəzəriyyələrdən biri çoxlarımızın da bildiyi beyində “xoşbəxtlik hormonu” adlandırdığımız serotonin maddəsinin artırması nəzəriyyəsidir.
Dünyada orta hesabla hər 8 nəfərdən biri həyatının hansısa dövründə depressiya və ya buna bənzər şikayətlərlə həkimə müraciət edib. Depressiyanın müalicəsində müxtəlif növ psixoterapiyalar, elektrokonvulsif terapiya, alternativ tibbin digər metodları olduğu halda niyə antidepressantlara bu qədər önəm verilir? Psixiatriya təcrübəsində ən çox təyin edilən bu dərmanlar göstərdiyimiz digər müalicə üsullarının hamısını ötüb keçib.
Nədir antidepressantlar? Kimlər istifadə edə bilər? Nə zaman və niyə istifadə edilir? Asılılıq yaradırmı?
İlk antidepressant dərmanlar tam təsadüf nəticəsində təxminən 1950-ci illərdə vərəm xəstələrinin müalicəsində istifadə olunan dərmanların xəstələrin əhval-ruhiyyəsini artırdığının müşahidə edilməsindən sonra kəşf edildi. Nəticə etibarı ilə, vərəm əleyhinə dərmanlar depressiya əleyhinə istifadə olunan ilk peraparatlar olmuşdur.
Hazırda isə təkmilləşərək uşaqlardan tutmuş qoca və ağır yataq xəstələrinə qədər geniş bir diapozonda istifadə olunan antidepressantlar depressiyadan başqa həyəcan pozuntularının, sosial fobiyanın, panik atakın, obssesiv-kompulsiv pozuntu və ipoxondriya kimi xəstəliklərin müalicəsində də müvəffəqiyyətlə tətbiq olunur.
Haqlı olaraq tez- tez verilən suallar var. Məsələn, biz hər dəfə əhvalımız olmayanda, həyəcanlanan, əllərimizi tez-tez yuyan zaman, özümüzdə hansısa bir xəstəliyin, yaxud qohumlarımıza nəsə olacağını düşünəndə dərman qəbul etməliyikmi? Əlbəttə ki, yox. Əgər depressiya əlamətləri, əhvalsızlıq 2 həftədən çox davam edərsə, intihar fikirləri olarsa və ya qeyd etdiyimiz əlamətlər gün ərzində pasientin 3 saatdan çox vaxtını alarsa, dərman təyini qaçılmazdır.
Antidepressantların təyini şəxsin orqanizminin fərdi xüsusiyyətlərinə, cinsinə, xəstəliyin dərəcəsinə, hansı əlamətin daha qabarıq ifadə olunmasına (əl yumaq, xəstəlik qorxusu, bəd xəbər eşitmə qorxusu) görə seçilir və təyin olunur.
Effektiv bir müalicə üçün dərmanlar orta terapevtik dozada ən azı 6 ay müddətində fasiləsiz qəbul olunmalıdır. Bəzən təkrarlanan depressiya hallarında pasientin 2 ilə qədər dərman qəbul etməsi tövsiyə olunur. Antidepressiv və ya müalicəvi təsir dərman qəbulundan 2 həftə sonra ortaya çıxmağa başlayır.
Tez-tez mətbuatda və insanlar arasında antidepressant dərmanlar haqqında düzgün olmayan məlumat səslənir. İndi həmin səhv bildiklərimizin bir neçəsini nəzərinizə çatdıracam:
– Antidepressant dərmanlar düzgün istifadə edildiyi və seçildiyi təqdirdə qətiyyən asılılıq (öyrəşmə) yaratmır
– Ciddi patologiyalar olmadığı təqdirdə qaraciyər, ürək, mədə-bağırsaq sisteminə heç bir ziyanı yoxdur.
– Əksər hallarda digər dərmanlara qarşılıqlı təsiri yoxdur.
Son olaraq, antidepressant təyini zamanı diqqət etməli olduğumuz məqamlardan biri də bu dərmanlardan uzun müddət istifadə olunduğu üçün pasiyentlərin maddi durumlarını nəzərə almaqdır. Doğru müalicənin təyin olunmasına qədər onlarla bitki tərkibli dərmanların, lazım olmayan preparatların qəbul edildiyini nəzərə alsaq, antidepressantlar tək dərman olaraq həyat qurtarıcıdır.
Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı Orxan Fərəcli