Risk etmək və dəb oyununda qalib gəlmək zövq işidir. Bu yazıda sizi risk etməyə çəkinən, eyni zamanda trendlərlə ayaqlaşmaq istəyən modapərəstləri bahar obrazını zənginləşdirən detallarla tanış edirik. Hansı ki, onları həqiqətən də sınaqdan keçirməyə dəyər.
Stiletto
Zərif dikdabanlar qadın qarderobunda ən dahiyanə kəşfdir. Onlar istənilən obrazı bir anda dəyişməyə qadirdir. Bu amili əldə rəhbər tutaraq xanımlara yaz alış-verişləri arasında stilettolara üstünlük verməyi təklif edirik. Onlar imkan verir ki, qadın özünü dünyanı fəth etməyə hazır hiss etdin. Qara və bej çalarları isə hər obrazla uyğunlaşan ideal variantdır.
Halqa sırğalar
Nənələrin güllü və qaşlı sırğaları çoxdan dəbdən düşüb. Odur ki, daha ciddi, lakin maraqlı sırğa modellərinə yönəlin. Məsələn, halqa sırğaların müxtəlif modelləri hər dəstlə uzlaşa və individuallığınızı vurğulaya bilər.
Sivri eynək modelləri
Belə eynəklərlə 50-cı illərin vamp-qadını obrazına bürünmək olar. Obrazın tamamlanması üçün bircə nəfis retro-avtomobili əlavə etmək qalır.
Həsir çanta
Həsir və zənbili xatırladan çantalar artıq bir neçə ildir ki, yaz-yay mövsümün əsas trendləri arasında liderlik edir. Odur ki, “rədd olsun tipik qara çantalar və rükzaklar” deməyə hazır olun. Obraza mürəkkəb, eyni zamanda zərif həsir çantalar əlavə edin. Demokratik brendlərin yaz-yay kolleksiyalarından bu trendin münasib qiymətə olan modellərini əldə edə bilərsiniz.
İpək şal
Qış geridə qaldı, deməli, isti və yun şərfləri ipək və al-əlvan alternativləri ilə əvəz etmək vaxtıdır. Sarsıdıcı effekt əldə etmək üçün tərzinizə eynək əlavə edin.
Narıncı dodaq boyası
Narıncı dodaq boyası tənbəllər üçün ən rahat makiyaj variantıdır: Rəvan ton və parlaq dodaqlar. Ümumiyyətlə, bahar obrazını parlaq dodaqlar olmadan mükəmməl hesab etmək çətin ki, mümkün olsun.
Kepka
Kepka ilə siz asanlıqla Ceyn Birkin və ya Bricit Bardonun romantik obrazlarını təkrarlaya bilərsiniz. Halbuki nə fərqi var? Özünüz olun və aksessuarlarla öz qaydalarınız üzrə oynayın.
Kross-bodi çantalar
Yeni çanta almamaq da olar. Yığcam çantanın uzun kəmərini maksimum dərəcədə qısaldın ya çarpaz şəkildə, ya çiyinə taxın. Bir neçə dəqiqədən sonra yeni dəbə öyrəşəcəksiniz. Kross-bodi adlanan bu üsul işinizi asanlaşdıracaq. Məsələn, ictimai nəqliyyata minəndə çantanı belinizə sıxıb pul kisəni rahat şəkildə çıxarda biləcəksiniz.
Pencəyi sviterlə əvəzləyin
Etiraf etmək lazımdır ki, Bakıda yaz havası küləkli və soyuq olur. Don geyinmək üçün mayın ortalarına qədər gözləməyə məcburuq. Stilistlər bunun üçün maraqlı həll yolu fikirləşib: donları qalın və bol sviterlərlə birləşdirməyi sınaqdan keçirin.
Əlvan printlər
Biz adətən pastel tonları və printləri bir-biri ilə birləşdiririk, parlaq və cəlbedici nümunələri isə cəsarətli olanların seçimidir.
Kəmərin gücü
Kəmərləri müxtəlif paltarlarla və gözlənilməz şəkildə istifadə edin. Onların xüsusilə qalın jaketlər və pencəklərlə vəhdəti mükəmməl alınır.