Baxımlı qadın kimdir? Bu, xarici görünüşünə nəzarət edən və əksər hallarda yaxşı görünən qadındır. Bu qadınlar hər yerdə gözəl və ya neytral ətir seçimi, zövqlü geyimi, parıltılı saçları, sağlam dəri rəngi, səliqəli manikürü və yerli-yerində makiyajı ilə dərhal seçilir.
Yaxşı görünmək gündəlik yerinə yetirməli olduğumuz işdir. Üstəlik xoş vəzifədir. Amma biz hamımız yüzlərlə qadın tanıyırıq ki, baxımına laqeyd yanaşır. Onlar üçün gözəl olmaq yalnız bayramdan-bayrama və xüsusi hallarda mümkündür.
Şübhəsiz ki, onların görünüşlərinə qarşı laqeydliyi və öz xeyrinə gətirdikləri “tutarlı” arqumentlərini eşitmək kədərlidir. Əksəriyyətinin bəhanəsi də zaman qıtlığıdır: ər, uşaqlar, məişət problemləri, iş-güc, ailə qayğıları və s. O qədər məşğuldurlar ki, 24 saat ərzində baxımlarına və makiyaja 10-15 dəqiqə ayırmağa ümumiyyətlə, vaxtları yoxdur. İnandırıcı səslənmir, elə deyilmi?
Daha çox vaxtı olan qadınlar da tənbəlliyini əldə rəhbər tutaraq baxımsız görkəminə haqq qazandırır. Digər qrupu isə gözəl görünməyin sirlərinə bələd olmadığını etiraf edir. Halbuki, sosial şəbəkədə saç, makiyaj və bədənə qulluq barədə minlərlə mənbə tapmaq olar. Bu, hələ hamısı deyil. Xüsusi qadın qrupu da var ki, baxımlı olmağın həqiqətən vacibliyinə şübhə ilə yanaşır. Bu, lap dəhşətdir…
Bəs gözəl görünmək nə üçün vacibdir?
Bir qadının gözəl görünməsi ilk növbədə özünə olan hörmətin göstəricisidir. Bədənimizə qulluq etmək, sağlamlığımızın qeydinə qalmaq və gözəl görünmək özümüzə laqeyd qalmadığımızı və özümüzü sevdiyimizi göstərir. Bədənimiz ruhumuzun yaşadığı evdir. Və bu evdə hər şey yaxşı olmalıdır: həm daxilən, həm də zahirən. Baxımlı görünüş, bu, yalnız özümüzə deyil, həm də başqalarına hörmət əlamətidir.
Qadınlar arasında aparılan sorğu və araşdırmalarda məlum olub ki, gözəl göründüyünü düşünən qadının əhval-ruhiyyəsi də dəyişir. Gözəl makiyaj və qüsursuz obraz qadına birbaşa təsir göstərir və onda özünəinam hissi yaradır. O, gülümsəyir və minnətdarlıq əlaməti olaraq ətrafda olan hər kəs, hətta dünya da bu təbəssümə təbəssümlə cavab verir.
Odur ki, əziz xanımlar, ledilər və qızlar, gəlin, özümüzü sevək. Gözəlliyinizə gündə heç olmasa yarım saat ayırın. Bu sizin şişirtdiyiniz qədər mümkünsüz və çətin deyil. Sevgili və ya həyat yoldaşınız buna görə sizə yalnız minnətdar olacaq. Öz analarını gözəl, özünəinamlı və şən görmək uşaqları da xoşbəxt edəcək.
Bu məqaləni oxuduqdan sonra “Sabahdan mütləq özümə baxacam” deyib özünüzü aldatmayın! Elə indi özünüz üçün faydalı iş görməyə başlayın və söz verin ki, bir daha “evinizə”, ruhunuza, gözəlliyinizə qarşı biganə münasibət bəsləməyəcəksiniz. Qoy, bu, ya yeni saç düzümü, ya adi zeytun maskası, yaxud da səliqəli manikür olsun. Hər bir xırda detal istənilən halda əhvalınızda mütləq öz izini qoyacaq.
Qadın gözəlliyi kişi üçün dəyərli və müqəddəsdir, həm də böyük gücə malikdir. Çünki məhz o kişiləri riqqətə gətirir…