magaza

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Baxış sayı: 1. 420

İsti yay aylarında səyahət etməyi planlaşdıran və qarderobunu yeniləmək istəyənlər yəqin ki, az deyil. Xüsusən Avropaya üz tutmaq istəyən, ancaq hansı mağazalara gedəcəklərini bilməyənlər varsa, bu yazı onlara faydalı olacaq. Beləliklə, Avropanın şoppinq üçün ən əlverişli 6 şəhərini təqdim edirik.

 

Paris
Moda paytaxtında endirimlər (soldes) ildə iki dəfə olur. Birincisi yanvarın ikici yarısından, digəri iyunun sonuncu şənbə günündən başlayır. Təxminən 4-5 həftə davam edən endirimlərdə qiymətlər əvvəlcə 30%, daha sonra isə 70-80%-ə qədər enir. İstər demokratik markalara, istərsə də lyuks brendlərdən alış-veriş üçünsə Rivoli küçəsinə getmək lazımdır. Burda hər cibə uyğun mağazanı tapmaq olar. Paltara çox pul xərcləmək istəmirsinizsə, Monmartrın aşağı hissələrində yerləşən “TATI”-yə, ayaqqabı üçünsə “Andre”yə gedin. “Armani”, “Prada”, “John Galliano” və s. kimi məşhur brendlərdən alış-verişi “Printemps” və “Galeries Lafayette” univermaqlarında edə bilərsiniz. Vintaj geyim həvəskarısınızsa, “Espace Kiliwatch” second-hand mağazası yaxşı variantdır. Əsas ticarət mərkəzləri bunlardır: Saint-Ouen (Porte deClignacourt metrosu), Porte deVanve (eyni adlı metro), Porte deMontreuil (eyni adlı metrо), Village Saint-Paul (Saint-Paul metrosu).

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Milan
İtaliyanın ikinci ən böyük şəhərində endirimlər (sconti) qışda yanvarın 1-dən fevralın 20-ə, yayda isə iyulun 10-dan avqustun 31-ə qədər davam edir. Ümumilikdə 40-70 faiz endirim müşahidə olunur. Şoppinq üçün Via Sant’Andrea, Via Monzani, Via Montenapoleone və Via Della Spiga küçələrinin kəsişməsi olan “dördbucaqlı” mərkəzdə “Gucci”, “Fendi”. “Baldinini”, “Sergio Rossi” tipli brendləri tapmaq olar. Bu brendlərdəki endirimli malları “Serravalle Scrivia” autletindən (Via della Modada yerləşir, ora Arquata Scrivia qatarı ilə gedə bilərsiniz) əldə etmək mümkündür. Vittorio Emanuele II prospektində isə italyan demokratik markalarından alış-veriş etmək mümkündür. Milanda uşaqlara eksklüziv hədiyyələr almaq üçün “Disney Store” da var.

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

London
50-70% arasında dəyişən endirimlər (sales) dekabr-yanvar və iyun-iyul ayları arası olur. Oksford küçəsi daha çox demokratik markalarla boldur: “Benneton”, “H&M”, “Marks&Spenser”, “Allders”, “Debenhams”, “Selfrige” və s. Daha lüks markaları – “Chanel”, “Armani”, “Louis Vuitton”, “Versace” isə Bond küçəsində tapmaq olar. “Cartier”, “Tiffany” və “Asprey” kimi məşhur yuvelirlər və beş mərtəbəli “Fenwick” univermağı da Bond küçəsinin yaxınlığındadır. Recent küçəsində əsasən İngiltərə istehsalı olan mallara və uşaqlar üçün nəzərdə tutulan “Hamles” mağazasına rast gəlmək olar. Gecə platarları üçün “Slone Square” metrosu ətrafında olan “Ben deLisi’s”ə, çanta almaq üçünsə “Lulu Bguinness’s”ə gedin. Kemden Taun metrosunun yanındakı alış-veriş yerlərindən printli köynəklər, vintaj paltarlar, ayaqqabılar və aksessuarlar tapmaq olar. Küçə-küçə gəzib alış-veriş etməyi sevmirsinizsə, “Westfield Shopping” mərkəzinə gedib 250 butikdən istədiyinizi seçib alın.

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Madrid
İspaniyanın paytaxtında endirim (rebajas) vaxtı şoppinq etmək istəyisinizsə, biletinizi ya yanvardan marta, ya da iyuldan avqusta qədər alın. “Gran Via” küçəsində ispan istesalı olan brendlərə, həmçinin məşhur “Zara” və “Mango”nun böyük mağazalarına girə bilərsiniz. Eleqant paltarlar üçün “Punt Roma”ya, yeniyetmə geyimləri üçünsə “Custo”ya müraciət edin. Yaxınlıqda yerləşən “Gran Via” metrosunun yanındakı “Corte Ingles” univermağı da köməyinizə çata bilər. Ayaqqabı almağı sevirsinizsə, Augusto Figueroa küçəsinə gedib “ayaqqabı dünyasına” baxın. Bahalı brendlər “Barrio de Salamanca” rayonunda yerləşir. Brendlərin endirimli mallarını əldə etmək üçün “Desigual Outlet Cavanilles”ə gedin. Bütün gününüzü şoppinqə həsr etmək istəyirsinizsə, “Las Rozas Village”ə (Moncloa metrosundan avtobusla 45 dəqiqəlik yoldadır), yox, əgər şoppinq üçün cəmi iki-üç saatınız varsa, “Plenilunio” şoppinq-molluna gedin. “Plenilunio” Baraxas hava limanının yaxınlığındadır.

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Praqa
Bura şoppinq sevənlərin yeridir! İlin bütün fəsillərində Praqada endirim (sleva) görmək olar. Paris küçəsindəki Müqəddəs Nikolay məbədindən Köhnə Şəhər meydanına qədər “Christian Dior”, “Louis Vuitton”, “Swarovski”, “Armani”, “Calvin Klein”, “Escada Sport” butiklərin, Respublika meydanına düşən Na Prikope küçəsində isə demokratik markaların, eləcə də “Cerna Ruze”, “Myslbek”, “Slovansky Dum” multibrend mağazalarından alış-veriş etmək mümkündür.
Vaslav meydanında yerləşən “Debenhams” AVM-də də kifayət qədər “ekonomik” qiymətlərə şoppinq edə bilərsiniz. Ayaqqabı üçün yaxınlıqdakı “Bata” mağazasına üz tutun. Havel bazarında orijinal əl işlərinə rast gəlmək olar.

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

İstanbul
Əlbəttə ki, ölkəmizə ən yaxın məsafədə yerləşən “şoppinq şəhəri”ni unutmaq olmazdı. İstanbulda endirimlər (indirim) qış və yay fəslində müşahidə olunur. Ancaq iyun ayında “İstanbul Shopping Fest” keçirilir ki, bu tədbir zamanı da əksər mağazalarda, hətta brendlərdə də 50-70%-ə yaxın endirim edirlər. İstanbul xəz və dəri sevənlər üçün əvəzolunmazdır, burada həmin malları Avropa ölkələrinə nisbətən daha ucuz qiymətə əldə etmək olar. Xəz satılan mağazaların əksəriyyəti Zeytunburnudadır. “Böyük Bazar”a əsasən ipək parçalar, təmiz dəri gödəkçələr və zinət əşyaları almaq istəyənlər baş çəksin. Əksər mağazalar, xüsusən yerli markalar – “Koton”, “Colins”, “Mavi”, “Collizone” və s. İstiqlal küçəsində yerləşir. Müalicəvi otlar, bitkilər, toxumlar, nadir bitki kökləri və kosmetika üçün Misir bazarına gedin.

Avropanın ən yaxşı 6 şoppinq şəhəri

Yadınızdan çıxmasın ki…
Ölkə xaricində alış-veriş edərkən (spirtli içkilər, yeyinti, tütün məhsulları və s. bura daxil deyil) malın qiyməti daxilində ödədiyiniz əlavə dəyər vergisini geri almaq haqqınız var. Bunun üçün satıcıdan çek və “Tax Free” sənədini istəyin. Hava limanında lazımi məntəqəyə yaxınlaşsanız, aldığınız hər malın qiymətinin təqribən 10-15%-ni qaytarılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir