Leyli

“Atamı qucaqlayıb, ağladım” – Qardaşı kimi 700 bal toplayan Leyli ilə MÜSAHİBƏ

Baxış sayı: 1. 798

Mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələrə əsasən 7 nəfər 700 bal toplayıb. Onlardan 2 nəfəri II qrupa, 5 nəfəri isə III qrupa aiddir. Leyli Əhmədova da qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. Bakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi olan Leyli III ixtisas qrupu üzrə maksimum nəticə göstərib.

 

Leyli deyir ki, sınaqlardan topladığı yüksək nəticəyə əsasən 700 bal toplayacağını bilirmiş:

– 700 bal mənim üçün gözlənilməz deyildi. Çünki sınaq imtahanlarından 680-690 bal toplayırdım. Tək qorxduğum cavabları sürüşdürmək idi. İmtahanda da həyəcanlı deyildim, özümə güvənirdim. Düşünürdüm ki, 11 ilin zəhmətinin bəhrəsini almağa gəlmişəm. Qardaşım da 700 bal toplayıb. Onun yüksək nəticə əldə etməsi mənə motivasiya oldu. Mən də sınaqdakı balımla yüksək nəticə göstərəcəyimi görürdüm.

6a6089cf-995b-46f6-a284-4ef70436a89a.jpg (176 KB)

– Sual kitabçasında suallara baxanda ilk hansı hissi keçirdin?

– Sual kitabçasını əlimə alanda bir az həyəcanlandım. Ilk suala baxanda  hiss etdim ki, cavabı bilirəm. Sonra həyəcanım keçdi. Çətinlik çəkmədim. Lakin bir-iki sual mənim üçün şübhəli idi. Evə gələndə məni ən çox narahat edən suala baxdım, gördüm ki, düz yazmışam. Dərindən nəfəs aldım. Artıq tərəddüdlərim yox olmuşdu. Cavabları da çox gec öyrəndim. Məktəb yoldaşlarım cavablarını öyrənmişdi. Mən gözlədim. Maksimum nəticə göstərmək möhtəşəmdir. Hamıya o hissi yaşamağı  arzulayıram.

– 700 bal topladığını öyrənəndə hansı reaksiyanı verdin?

– Cavabları anamla qardaşım yoxladı. O zaman sadəcə dua etdim. Qardaşım birdən dedi ki, hamısı düzdür, 700 bal toplayıb.  Atamı qucaqlayıb ağladım. Sadəcə onu xatırlayıram. Cavablar çıxana kimi heç kəsə yüksək nəticə topladığımı demədim. Çünki onlara xəyal qırıqlığı yaşatmaq istəmirdim. Amma 700 bal topladığımı eşidəndən hər kəs məni təbrik edir, dostlarım məndən çox sevinir. Şükür Allaha ki, mən ən yaxşını əldə etməyi bacardım.

– Bir az da hazırlıq prosesindən danış. 700 bal toplamağın sirri nədədir?

– Qardaşım 11 il yanımda olub, daim riyaziyyatdan mənə kömək edib. Digər fənləri öyrənməyimdə isə məktəbin rolu sözsüzdür. Çünki təməl məktəbdə qoyulur. Hazırlıq prosesi də onun üzərinə əlavə olunur. Yüksək nəticə göstərmək üçün  məktəbin ilk illərindən dərslərinə ciddi yanaşmalısan.

– Hansı ixtisas üzrə təhsil alacağına qərar vermisən?

– Qarşıda düşünməyim üçün 3 ay var. Böyük ehtimal, hüquq fakültəsini seçəcəyəm. Hansı universiteti seçəcəyimi düşünməmişəm.

55d9aba0-a8ec-4ddb-bcde-1dec34915e4a.jpg (114 KB)

– Hüququ seçməyinin səbəbi nədir?

– İstəyirəm ki, insanlar hüquqlarını bilsin. Hüquq fakültəsini seçməyimə səbəb də budur. Mən hüquqlarımı az da olsa, bilirəm. Zamanla daha yaxşı öyrənəcəyəm ki, həyatda öz ayaqlarımın üzərində qala bilim.

– Təhsilini ancaq Azərbaycanda davam etdirmək istəyirsən, yoxsa xarici ölkələrlə bağlı planların var?

– 4 il bakalavr təhsilimi öz vətənimdə alacağam. Gələcəyi isə heç kim bilə-bilməz. Xarici ölkələrdə təhsil almağımı isə zaman göstərəcək.

sss.jpg (81 KB)

– Azərbaycanlı şagirdlərin əsas məqsədi universitetə daxil olmaqdır. Ondan sonranı düşünmürlər. Sən bundan sonra nə düşünürsən, savadlı kadr olmaq üçün çalışacaqsan, yoxsa…?

– Mən universitetə qəbul olmaqla kifayətlənməyəcəm. Həyat universitetdən ibarət deyil. Sonrakı həyat daha gözəldir. 700 bal toplayıb universitetə girmək hər şey deyil. Vətənin, ölkən üçün çalışmalısan. Mən də ölkənin  ən yaxşı mütəxəssislərindən olmaq istəyirəm.

– Bəzən valideynlər övladlarını imtahan öncəsi daha da stressə salacaq sözlər deyirlər, basqı edirlər. Valideynlərinin təzyiqi olub?

– Əsla, valideyn təzyiqi görməmişəm. Universitetə qəbul olmasaydım da, ailəm savadlı qız olmağım üçün əlindən gələni edəcəkdi. Mənə 600-700 bal toplamağım üçün təzyiq olmayıb. Ailəm deyirdi ki, nə qədər bal toplasan, bizim qızımızsan. Sənin savadlı olmağın üçün əlimizdən gələni edəcəyik.

eee.jpg (73 KB)

– Bəzən abituriyentlər “Televizora baxmırdım, sosial şəbəkədən istifadə etmirdim” deyirlər. Özünə nə isə məhdudiyyət qoymuşdun?

– Heç nədən özümü məhrum etməmişəm. O cür həyata dözə bilməzdim. 700 bal həyatda hər şey deyil. 700 bala görə özünü həyatın digər sahələrindən təcrid etmək olmaz. Mən televizora da baxırdım, sosial şəbəkələrdən də istifadə edirdim, istirahətə də vaxt ayırırdım. Sadəcə olaraq, pianino dərslərimi yarımçıq saxlamışdım. Onu da 3 ay ərzində davam etdirəcəyəm və yeni dil öyrənəcəyəm. Zamanımı düzgün bölmüşdüm. Nə artıq dərəcədə çox oxuyurdum, nə də istirahətə vaxt ayırırdım. Hər şey yerli-yerində idi. Bəlkə də, uğurlu nəticə göstərməyimin səbəbi budur.

 

Könül İbrahim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir