Sumqayıtda iki abituriyentin ali məktəblərə keçirilən qəbul imtahanlarında az bal topladıqlarına görə canlarına qaymaları son günlərin ən çox müzakirə olunan mövzularındandır. Axı, kiminsə tələbə adını qazana bilməməsi onun həyatının sonu olmamalıdır. Az bal toplayan abituriyent niyə canına qıyır?
Məsələyə münasibət bildirən “AMAC” ana və uşaq birliyinin rəhbəri, psixoloq Ruhiyyə Rüstəmovanın sözlərinə görə, bu gün valideynlər abituriyentlərin qəbul imtahanını necə verəcəyi həyəcanını yaşamaqdansa, övladlarının canlarına qəsd etməməsini düşünməli, bunun həyəcanını yaşamalıdırlar. “Çünki hər il abituriyent intiharı qaçılmaz bir hal alıb. Biz valideynlər unutmamalıyıq ki, övladlarımız bizim sənət əsərlərimizdir. Çəkdiyimiz ən gözəl tablodur. Hər bir valideyn gözəl tablo çəkmək uğrunda əziyyət çəkir, övladının gələcəyini gözəl şəkildə planlayır. Bu planın içərisində ona vura biləcəyi zərbələri, ziyanları görmür. Çünki biz hər zaman etdiklərimizə daha yaxşı çərçivədə baxırıq. “Mən daha yaxşı edirəm”, “Mən düz düşünürəm, o, uşaqdır, anlamır”, “Övlad bizim zəhmətimizi, əziyyətimizi itirməməlidir” istiqamətində düşünürük”, – deyən müsahibimiz bildirir ki, valideynlər bu cür fikirlərlə abituriyentin üzərinə nə qədər böyük yük qoyduğunun, necə güclü təzyiq etdiyinin fərqinə varmır.
Dediyinə görə, ümumiyyətlə, yeniyetmələrin intihara cəhd etməsinin, özünə qəsd etməsinin səbəblərindən öndə olanı onlarda həyat eşqinin artıq azalması, həyatla tək üz-üzə qalması, üz-üzə qalaraq çapalaması və “necə alınacaq”” düşünməsi, daxilində boşluq hiss etməsi, valideynin və yaxud müəllimlərin onlara etdiyi təzyiqə cavab olaraq həyata son qoymağı seçməsidir. “Abituriyent intiharla ona qarşı edilənlərə cavab verir, etirazlarını bildirir. “Artıq dözə bilmirəm!” intihara sürükləyən fikirdir”.
Rüstəmova qeyd edir ki, bəzi insanlar psixoloji cəhətdən güclü, bəzilərisə zəif olurlar: “İntihar addımını atan gənclər özünə qapanmış, xarakteri zəif, ətrafda baş verən hər bir hadisəyə məyusluqla reaksiya verən, hər şeydən tez inciyən və ruh düşkünlüyündə olan yeniyetmələrdilər ki, həyatın kəşməkəşliyinə, sınaqlarına gücləri çatmadığı üçün də bu addımı ata bilərlər. Özlərini tənha hiss edən, artıq yaşamağın bir mənasını görməyən yeniyetmələr həyatın boşluğuna özünü atırlar. Valideynlər, müəllimlər, dost-tanış tərəfindən onlara göstərilən yersiz nümunələr, pis davranış nəticəsində, təhqiramiz sözlərin təsirindən çıxış yolunu görmürlər”.
Psixoloq vurğulayır ki, bu gün bir-birinin ardınca hazırlıq kursları açılır və oradakı müəllimlərin pedaqoq olması, yəni elementar psixoloji qaydalara əməl etməsi sual doğurur: “Bəzən abituriyentlər müəllimlərin danlağına artıq dözə bilmədiklərini deyirlər. Belə müəllimlər çox vaxt valideynə şikayət edir və övladını tənbeh etməsini istəyir ki, dərslərini daha yaxşı oxusun. Davamlı tənbeh, pis sözlər, valideynlə mübahisələr yeniyetmənin psixoloji durumunu pozur, dərs oxumaq bacarıqlarını aşağı salır, özgüvənini endirir, ruh düşkünlüyünə salır”.
Onun dediyinə görə, valideynlər çox vaxt imahan verəcək uşağı çox sıxışdırırlar ki, imtahandan yaxşı bal toplasın: “Düşünürlər ki, təzyiq göstərilməsə, övladı dərslərinə qarşı məsuliyyətsiz yanaşar. Valideynlərin ən böyük səhvləri uşaqlarına imtahan qabağı və ya imtahanın nəticəsini gördükdə onları həyatlarının çox pis olacağını deməsi, “Əgər pis bal toplasan, görərsən sənə nə edəcəyəm!” kimi fikirlərlə hədələməsidir”. Valideynlər uşağı az bal toplayıbsa, onu təhqir etməməli, onu iqnor etməməli, davranışı ilə onu quyunun dibinə atmamalıdır. Onlar imtahan öncəsi və sonrası uşaqları ilə oturub söhbət etməli, ona ürək-dirək verməli, övladlarına “Nə olursa-olsun, sən mənim üçün dəyərlisən. Biz mütləq birgə bir çıxış yolu tapacağıq. Bu, son demək deyil, həyatda çıxış yolu olacaq. Yeni imtahana hazırlaşacağıq” kimi sözlər deməlidirlər. Övladlarının həmyaşıdlarını onlara misal çəkməməli, təhlükəni xəbər verən cümlələr qurmamalıdırlar, “Əziyyətlə qazandığım pulları sənin hazırlığına verdim”, “Qəbul imtahanından keçməsən, məni biabır etmiş olursan!” deyərək öz yaşadığı mənfi hissləri, aqressiyanı, hirslərini uşaqdan çıxmamalıdırlar. Valideynlər özləri də uşağın ali təhsil müəssəsinə qəbul olmamasını dünyanın sonu kimi qəbul etməməli, onda həyat eşqini öldürməməlidir”.
Psixoloq Səbinə Bayramova isə deyir ki, abituriyentlərin yaş dövrünə nəzər salmaq lazımdır: “Yeniyetməlik yaş dövrü psixologiyada böhran, krizis dövrü kimi dəyərləndirilir. Bu, insanın yaş dövrləri arasında ən ağır dövrdür. O, uşaq deyil və eyni zamanda böyük də deyil. Ona görə də hər deyilən ifadə uşaq üçün təsirli, yaddaqalan, unudulmaz olur. Bu, istənilən bir söz ola bilər. Məsələn, elə valideynin onu başqa uşaqla müqayisə etməyini götürək. Tutaq ki, filankəsin uşağına bax, o necədir, sən necə? Yəni bu kimi müqayisələr artıq uşaqda özünü qiymətləndirməni aşağı salır, özünə güvənini sarsıdır. Bəzən valideynlər “Sən bunu bacarmazsan, edə bilməzsən, sənlik deyil” kimi cümlələrdən istifadə edirlər. Bu kimi cümlələr artıq yeniyetmənin beyninə oturur”.
S.Bayramova bildirir ki, abituriyent yeniyetməlik böhranı dövründə olduğu üçün imtahan dövrü onda ikiqat həyəcana, stressə çevrilir: “Həmçinin ailənin ondan gözləntisi və sair də var. Bu zaman ailə özünü qoyur onun yerinə. Düşünür ki, filankəsin uşağı universitetə qəbul olacaq, mənimki yox. Yəni, mən, mən… Valideynlər öz eqolarını qabardaraq özlərini düşünür və bunları sanki uşağın üzərinə köçürürlər”.
Psixoloq məsləhət görür ki, imtahana ən azı iki ay qalmış, valideynlər imtahan stresinin azaldılması üçün psixoloji dəstək alsınlar.
S.Bayramova qeyd edir ki, intiharlara təşəbbüs göstərən abituriyentlər çoxdur: “Təbii ki, yaşantılar və belə xəbərlərin paylaşılması da intihar təşəbbüslərinə təsir edir. Nəzərə alınmalıdır ki, yeniyetmələr də belə xəbərləri oxuyur və “hə, mən də intihar edə bilərəm, valideynimi belə cəzalandıra bilərəm” deyə düşünür. Məsələn, o düşünür ki, mən bu ay qəbul ola bilmədim, evdə məni öldürəcəklər. Bu psixologiya ilə intihar edir. Bununla yeniyetmə iki cür cəza forması verir: həm valideynini cəzalandırır, həm də valideyninin gözünə görünmədən özü özünün cəzasını verir. Düşünür ki, mən düzgün etməmişəm, evə getsəm, cəzalandırılacam. Bəzən valideynlər “Bal aşağı olsa, evə gəlmə, gözümə görünmə, öldün sən, bitdin sən” kimi ifadələr işlədirlər. Bu cür ifadələr, kəlmələr uşağın beyninə çox pis həkk olunur. Və o, öz yoxluğu ilə valideynlərini cəzalandırmaq istəyir”.
İmtahanda az bal toplayan iki abituriyentin intiharı məsələsi dünən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında da müzakirə olunub. Deputat Tahir Rzayev bildirib ki, valideynlər uşaqlara “Sən oxumasan, vəziyyətin pis olacaq”, “Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. “Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər” (“report.az”).
O qeyd edir ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: “Azərbaycanda “Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı, hamı alim ola bilməz… Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır.
Aynurə MƏMMƏDOVA