dogus

Qeysəriyyə əməliyatı, yoxsa normal doğuş?

Baxış sayı: 1. 382

“Azərbaycanda mama-ginekoloqlar və neonatoloqlar tərəfindən aparılan maarifləndirmə işlərindən sonra hamilə qadınların 38-ci həftədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi halları azalır”. Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. R.Hüseynovun sözlərinə görə, artıq mama-ginekoloqlar hamilə qadınları vaxtında, yəni hamiləliyin 39-cu həftəsində qeysəriyyə əməliyyatı etməyə çalışırlar: “Müasir tədqiqatlar göstərir ki, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur”.

Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır. Mütəxəssisin sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur. Qeyd edək ki, Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır. 2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i qeysəriyyə əməliyyatı ilə olub. Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub. Qeysəriyyə əməliyyatının son dövrlər niyə artdığını, bu əməliyyatdan sonra həm uşaqda, həm də anada hansı problemlərin yaşandığını və ən əsası, normal doğuşla, qeysəriyyə əməliyyatı arasında nə kimi fərqlərin olduğunu öyrənməyə çalışdıq.

Ginekoloq Rəşad Sultan deyir ki, qeysəriyyə əməliyyatından sonra qarın boşluğu kəsildiyi üçün müəyyən ağrılar olur: “Qarın boşluğunun açılması bir yana, uşaqlıq da kəsilmiş olur. Uşaqlıqla qarın boşluğu arasında əlaqə yaranır. Doğuşdan sonra xanımlarda infeksiyaya həssaslıq çoxalır. Onsuz da, hamiləlik dövründə qanın laxtalanması iki dəfə artır.  Normal doğuşdan sonra isə qanın laxtalanması 3 dəfəyə, qeysəriyyə əməliyyatından sonra bu göstərici 6 dəfəyə qədər artır. Əməliyyatdan sonra da xanım çox hərəkət edə bilmədiyinə görə, bu da trombemboliya xəstəliyinə səbəb olur.  Yəni bu zaman qan damarlarda laxtalanır, sonra həmin laxta qopur və gedib ağciyər damarlarını tutur. Bu proses ölümlə də nəticələnə bilər. Hətta bildirim ki, hazırda inkişaf etmiş ölkələrdə ana ölümlərinin əsas səbəblərindən biri də budur. Buna görə də, ananın sağlamlığı baxımından təbii doğuş tövsiyə olunur. Amma normal doğuş zamanı uşağın həyatı üçün risk olarsa, bu zaman sorğu-sualsız həmin ananı əməliyyata alırıq”.

Həkimdən son dövrlər qeysəriyyə əməliyyatının artma səbəbini də soruşduq: “Çünki həm həkimlər, həm də xəstələr səbirsizlik edirlər. Xanımlar ağrı, əziyyət çəkmək istəmirlər. Həmçinin həkimlər də daha asan olsun deyə, qeysəriyyə əməliyyatını seçirlər. Ona görə ki, doğuş prosesi uzun müddət çəkdiyindən, həkimlər də gözləmək istəmirlər. Həm də, normal doğuş zamanı ana üçün bir təhlükə olmasa da, döl üçün müəyyən risklər yarana bilər. Həkimlər də bu kimi risklərə görə, daha asan variant olan qeysəriyyəni məsləhət görürlər. Çünki doğuşdan sonra uşaqda nə isə problem yaranarsa, bunu dərhal doğuşu həyata keçirən ginekoloqun üstünə atırlar. Məsələni tam araşdırıb problemin əsl səbəbini öyrənmirlər. Həkimlər də risk etməyib, bütün xəstələrini qeysəriyyə əməliyyatı edirlər”.

Müsahibim deyir ki, qeysəriyyə ilə doğulan uşaqlarda yeganə problem keçici taxipnoe sindromunun olmasıdır. Buna yenidoğulmuşların təngnəfəslik sindromu deyilir. Qalan bütün risklər sıfıra bərabərdir. Amma normal doğuşda uşaq bəzi risklər daşıyır. Yəni qısaca olaraq deyim ki, normal doğuşda uşaq, qeysəriyyədə isə ana müəyyən təhlükə ilə üzləşə bilər”.

Bütün analara normal doğuş etmələrini məsləhət görürük, amma çox təəssüf ki, son zamanlar qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artıb deyən “Xətai” klinikasının pediatrı Kənan Qarayev qeysəriyyə əməliyyatı ilə normal doğuş arasındakı fərqlərdən danışdı: “Normal, ətraf mühitə adaptasiya olaraq doğulan uşaqlarda fizioloji aktivlik daha çox olur. Amma qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların adaptasiyası fərqli olur. Bu, onun gələcək həyatının inkişaf mərhələlərinə, ananın süd vermə prosesinə mənfi təsir göstərə bilər. Normal doğuşda hormonların işləməsi də normal olur. Amma qeysəriyyə əməliyyatından sonra infeksiyaya tutulma, temperatur ola bilər. Bu zaman ana bəzi dərmanlar qəbul etdiyindən, uşağa südü rahat verə bilmir. Beləcə, məcburi olaraq uşağa süni qida verirlər. Süni qidanın dadını aldıqdan sonra isə uşaq ana südündən imtina edir. Bildiyimiz kimi, ana südü uşağın inkişafında böyük rol oynayır. Uşaq bunu qəbul etmədik isə immun sisteminin formalaşmasında problemlərlə üzləşir. Həmçinin normal doğuş zamanı uşağın qida yollarına flora daxil olur ki, bu da  gələcəkdə onun bağırsağının normal işləməsinə şərait yaradır. Amma qeysəriyyə əməliyyatında bu, baş vermir. Qeysəriyyə ilə doğulan uşaqlarda köp, sancı problemləri, həmçinin həzm sistemində müəyyən pozğunluqlar yaşana bilir”

Pediatr bildirir ki, südəmər dövrü keçdikdən sonra normal doğuş və ya qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda ciddi bir fərq müşahidə etməyiblər: “Əsas problemlər ilkin mərhələlərdə yaşanır. Sonrakı mərhələlər təbii ki, uşağın qidalanmasından, valideynlərinin ona həm fiziki, həm də psixoloji dəstəyindən asılıdır. Tək problem ana südünün kifayət qədər qəbul olunmamağı ilə bağlıdır. Normal doğuşdan fərqli olaraq, qeysəriyyə ilə dünyaya gələn uşaqlar ana südünü az qəbul etdiklərinə görə, gələcəkdə xəstəliklərə yoluxma halları, bədən müqavimətinin formalaşması daha zəif olur. Çünki ana südü bir çox maddələrlə zəngin qidadır. Bunun qəbulu uşağın növbəti mərhələlərdəki inkişafı üçün olduqca vacibdir”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir