psixoloq

Koqnitiv Bihevioral Terapiya nədir?

Baxış sayı: 2. 089

Koqnitiv Bihevioral Terapiya (CBT) psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır.

Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərlə klinik araşdırmalarla təsdiq olunmuşdur.

Digər psixoterapiya metodlarından fərqli olaraq CBT-da terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir.

CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir.

Bu vərdişlər “əyri” düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir.

Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir. Yəni “hadisələri olduğu kimi deyil, olduğumuz kimi görürük”.

Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın “çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür” deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək.

Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından “yaxşı kimi görünür, amma mən edə bilmərəm, məndə işə yaramaz” şəklində düşüncələr keçmişsə, bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək.

Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini, şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir.

Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir.

 

İnsan ağ bir lövhə kimi doğulur, ətrafdan ona üç cür mesaj gəlir:

– Özümüz haqqında məlumat

– Digər insanlar haqqında məlumat

– Yaşadığımız dünya haqqında məlumat

Biz onlara ƏSAS VƏ YA TƏMƏL İNANCLAR deyirik. Əslində heç birimiz bunların fərqində belə deyilik. Lakin sırf bu faktorlar bizim hadisələri analiz etmək qabiliyyətimizdə və hadisələrə verdiyimiz reaksiyalarda ortaya çıxır. Məsələn, bir uşağa davamlı olaraq sən gözəlsən, ağıllısan, bacarıqlısan, dəyərlisən deyilsə, uşaq həyatı boyu özünü elə təsəvvür edəcək, elə qələmə verəcək.

 

Seanslar

Müalicədə pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə “İNDİ VƏ BURADA” prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır.

Terapevt və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent seanslar arasında icra edir. Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir.

Terapevt və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin düşüncə, duyğu və davranışlarını və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə çalışırlar.

Müalicənin məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir.

 

Müalicə müddəti

Hər hansı istisna hallar nəzərə alınmadıqda CBT-nın müddətinə terapevt və pasiyent birlikdə qərar verir.

Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər.

Müalicənin əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyllilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir.

 

Dərman

CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapevt bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir. Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür.

 

Nəticələr

Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsə, 4-5 seans sonra psixopatoloji əlamətlərində bir azalma yarandığının fərqinə varacaq. Eyni zamanda pasiyent mütəmadi olaraq bir sıra psixoloji testlərdən keçirir ki, testin nəticəsində də müalicənin effektivliyi özünü göstərir.

 

CBT:

Çətinlik yaradan simptomları hədəfləyən, narahatlığı azaltmağı, düşüncə tərzini yenidən gözdən keçirməyi, problemin həllində yeni metodların, üsulların yaradılmasını aşılayan təsiri araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür.

CBT uşaq və yeniyetmələr üzərində də müsbət nəticələr verir. Ümumiyyətlə depressiya, müxtəlif psixoloji pozuntular, diqqət əskikliyi və hiperaktivlik, enurez hallarında, travma və travma sonrası yaranan stress ilə əlaqəli simptomların müalicəsində istifadə edilir.

Bu müalicə növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar CBT-nın aşağıda göstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir:

• Obsessiv kompulsiv pozuntu

• Panik atak

• Travma sonrası stress pozuntusu

• Depressiya

• Ailə və cütlük problemləri

• Asılılıqlar

• Qidalanma pozuntuları

• Sosial fobiya

• Spesifik fobiyalar

• Davranış pozuntuları

• Şizofreniya

• Bipolyar pozuntu

• Yuxu pozuntulari

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir