sintepon torgan

Yun, yoxsa sintepon? – HƏKİM AYDINLIQ GƏTİRİR

Baxış sayı: 1. 148

Azərbaycanda yun yorğan və quş tükündən olan yastıqlardan istifadə etməyən ailələrə çox nadir hallarda rast gəlinir. Əksər Azərbaycan qadını hətta evindəki yun yorğan və quş tükündən olan yastıqlarının sayının çoxluğu ilə də öyünür.

Yun və quş tüklərinin çox vaxt allergiyaya səbəb olması, bəzi dəri xəstəliklərinin yaranmasına rəvac verməsi də qadınlarımızı bir o qədər qorxutmayıb. Lakin son illərdə daha gənc qadınlarımızın yun yorğan və quş tükündən olan yastıqlara olan “sevgisi” azalıb, bunun yerini isə sintepon yorğan və yastıqlar tutub.

Əslində “sintetik” termininə müsbət yanaşmadığımız üçün sintepon yorğan və yastıqdan istifadə zamanı bizdə onlara qarşı bəzi şübhələr də yaranır və yun, yoxsa sintepon yorğan və yastıqdan istifadənin daha xeyirli olması barədə özümüzə sual veririk.

Həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyir ki, sintepon yeni nəsil sintetik materialların ilk və ən geniş yayılmış nümayəndəsidir. Təkmilləşdirilmiş versiya olan sinteponun istehsalı üçün termik üsulla birləşdirilən toplu poliefir liflərdən istifadə edilir. Daha sonra məhsulun işçi xarakteristikasını artırmaq üçün lifli kətan silikonla və antibakterial tərkiblərlə işlənilir.

Y.Abdiyeva bildiriR ki, sinteponların müsbət keyfiyyətlərindən biri onun hipoallergen olmasıdır. Poliefir liflərdən hazırlanmış məhsullarda patogen mikroorqanizmləri, çürüdücü göbələk, kif və dəri parazitlərini cəlb edən qidalı mühit tam olmadığından tənəffüs yolu xəstəliklərinin simptomlarının kəskinləşməsi və xoşagəlməz reaksiyaların yaranması riski azalır.

Sinteponların digər keyfiyyəti onun gigiyenik olması ilə bağlıdır. Sinteponun kənar iylərə və tozlara qeyri-həssaslığı yataq yerinin təmizliyini saxlamağa imkan verir: “Sinteponlar ekoloji təhlükəsiz, elastik, suya davamlıdır. Silikonlaşdırılmış liflər təkrar yumalar üçün nəzərdə tutulub və su ilə kontaktdan sonra orijinal xüsusiyyətlərini qoruyur. Silikon liflərin daxilinə nəmin daxil olmasını məhdudlaşdırır, bu da yumadan sonra mayenin buxarlanmasını sürətləndirir. İçiboş struktura malik liflər maneəsiz hava dövranını təmin edir. Yastıq “nəfəs” aldıqda, tez bir zamanda nəm buxarlanır, toz toplayıcısına çevrilmir və kənar qoxuların qalmasına mane olur”.

Lakin Y.Abdiyeva sintepondan hazırlanan yastıq və yorğanların mənfi keyfiyyətlərinin olduğunu da söyləyir.

Onun sözlərinə görə, sintepondan hazırlanan yastıq və yorğanlara qarşı ən geniş yayılmış arqumentlər onun həddindən artıq yumşaq olmasıdır: “Bu səbəbdən onurğanın boyun şöbəsinin davamlı müdafiəsindən söhbət gedə bilməz. Onlar osteoxondroz, fəqərəarası disklərin protruziyası və yırtığı zamanı ağrı sindromunun şiddətlənməsinə şərait yaradır. Onlar həm də azömürlüdürlər. Sintepon yastıqlara və yorğanlara ekspluatasiyadan bir il sonra ilkin cazibədarlığını itirmək və tökülmək xüsusiyyəti xasdır, büdcə üçün əlverişli deyillər. Sinteponlar qeyri-təbii olduğundan bir çox insanlar üçün onlar sintetikaya – neft emalı məhsuluna sinonimirlərdir və deməli, sağlamlıq üçün potensial təhlükə mənbəyidirlər”.

Y.Abdiyeva qeyd edir ki, sinteponları alarkən üç xüsusiyyətə diqqət yetirmək lazımdır. Bunlar tikilişin keyfiyyəti, çexolun materialı, xoşagəlməz iyin olmamasıdır: “Keyfiyyətli tikişlər düz fasiləsiz tikiş deməkdir, belə halda doldurucular xaricə tökülmür. Əgər tikiş ətrafındakı sahəni yüngülcə dartsaq, o, bütöv qalmalıdır. Çexolun istehsalında yüksək keyfiyyətli pambıq istifadə edilir. Optimal variant odur ki, yastıq çexolda zəncirbəndlə bağlanmalıdır, bu da qurutma, təmizlənmə işini, doldurucunun əvəz edilməsini asanlaşdırır. Xoşagəlməz iyin olmaması bütün sintetik doldurucular üçün mütləq şərtdir. Belə ki, hər bir istehsalçı öz məhsullarının keyfiyyətinə son dərəcə diqqətlə yanaşmır, buna görə də istehsal prosesində zərərli materialların istifadəsi tətbiq edilir. Kəskin iyin mövcudluğu keyfiyyətsiz xammalın istifadəsini göstərir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir