Son bir neçə gündə mediada müzakirə olunan mövzulardan biri də jurnalisti söyən sabiq polis generalı ilə bağlıdır. Xatırladaq ki, bu, ilk belə hadisə deyil və bundan öncə də açıqlama almaq üçün ekspertlərə zəng edən jurnalistlərə qarşı müxtəlif cür təhqirlər, söyüşlər istifadə edilib. Qələm əhlinə “küçük” deyən də olub, onu verdiyi suala görə təhqir edən də.
Amma gündəlik məhkəmə reportajlarından da izləyirik ki, bir çox hallarda azərbaycanlılar telefonda söyüş üstündə bir-birini bıçaqlayır, döyür, hətta qətlə yetirirlər. Telefon nə qədər ən önəmli ünsiyyət vasitəsi olsa da, bəzən xoşagəlməz hallara, eləcə də kriminal hadisələrə səbəb olur. Bundan başqa, telefon xuliqanları da insanların həyatını cəhənnəmə çevirə bilir. Təkcə məişət yox, dünya liderləri səviyyəsində, diplomatik münasibətləri zədələyəcək formada…
Telefonla prezidentləri dolayanlar var
Beləliklə, bəzi örnəkləri yada salırıq. FTX-yə bağlı olduğu güman edilən telefon xuliqanı – “Leksus” ləqəbli pranker Aleksey Stolyarov növbəti dəfə Rusiyanın hədəfində olan ölkələrdən birinin yüksək vəzifəli şəxsini dolayıb.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti tərəfindən vətəndaşlıqdan məhrum edilib Ukrayna hüdudlarından kənarda pasportsuz dolaşmaqda ikən “Lexus” Gürcüstan daxili işlər naziri Georgi Mqebrişviliyə zəng vurub. Rusiyalı telefon xuliqanı özünü Ukraynanın daxili işlər naziri Arsen Avakov kimi təqdim edərək ona “vacib məlumat” çatdırıb.
“Leksus”un telefon zəngi zamanı Gürcüstan daxili işlər nazirinin Batumidə dincəldiyi məlum olur. Mqrebrişvili deyir ki, o, hazırda Belarus və Azərbaycandan olan qonaqlarla dincəlir.
“Avakov” bildirib ki, onlara daxil olan məlumata görə, Saakaşvili vətəndaşlıqdan məhrum edilməsinə baxmayaraq Ukraynaya qayıtmağa hazırlaşır. Telefon xuliqanı gürcü nazirə bildirir ki, görünür, Saakaşvilinin məqsədi yeni qalmaqal yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etməkdir. Çünki o, Avropa Parlamentinin deputatlarının müşayiəti ilə gəlmək istəyir və hesab edir ki, belə olanda onu saxlamağa heç kim risk etməyəcək. Və “Avakov” təklif edir ki, Ukrayna hüquq-mühafizə orqanları Saakaşvilini saxlayıb Gürcüstana təhvil verməyə hazırdır. Əgər Gürcüstan tərəfi onu qəbul etmək istəyirsə…
Saakaşvilinin Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsinə baxmayaraq Mqrebrişvili bildirir ki, onlar keçmiş prezidenti təhvil almaq istəmirlər. Daxili işlər naziri bu zaman Saakaşvilinin ünvanına söyüş söyür, bildirir ki, baş nazirlə məsləhətləşib və o, eks-prezidentin Gürcüstana ekstradisiyasını istəmir. Telefon danışığının məzmununa əsasən Gürcüstan daxili işlər naziri deyir ki, onlar Saakaşvilini tutub özlərinə başağrısı yaratmaq istəmirlər. “Daha yaxşısı budur ki, qoy o elə bu cür, vətəndaşlıqdan məhrum edilmiş şəkildə dolaşsın” – nazir deyir.
“Leksus” Gürcüstan daxili işlər naziri ilə telefon danışığını yayandan sonra Mqrebrişvili belə söhbət apardığını təkzib edib, səs yazısının “qurama olduğunu” bildirib.
Lakin rusiyalı telefon xuliqanı “Danışır Moskva” radiosuna açıqlamasında deyib ki, səs yazısını istənilən müstəqil ekspertizaya təqdim etməyə hazırdır. O, Gürcüstan daxili işlər nazirinin mobil telefon nömrəsini bildiyini deyib, qeyd edib ki, həmin nömrəni açıqlaya da bilər. Aleksey Stolyarov telefon danışığı zamanı “nazirin kefinin yaxşı olduğunu”, bu səbəbdən ümumi şəbəkəyə qoşulmuş telefon nömrəsi ilə dövlət əhəmiyyətli məsələləri müzakirə etdiyini deyir. Prankerin fikrincə, nazir bununla daxili təlimatları pozub və sonradan telefon danışığını təkzib etməyə çalışıb.
Rusiya xüsusi xidmət orqanlarına bağlı olduqları ehtimal edilən məşhur telefon xuliqanları “Vovan” və “Leksus” Yeni il axşamı Ukrayna prezidenti Pyotr Poroşenkonu da doladıqlarını iddia edir. Xuliqanlar Ukrayna prezidentinə NATO baş katibi Yens Stoltenbergin adından zəng vurub. Əvvəlcə söhbət xoş məcrada keçir, Ukrayna prezidenti həmsöhbətini Yeni il münasibətilə təbrik edir və zəngə görə təşəkkür bildirir. Lakin birdən prankerlər gülməkdən özlərini saxlaya bilmir və Poroşenkoya bildirir ki, gərək bu axşam çox içməsin. Bu vaxt Poroşenko ona zəng vuranın NATO baş katibi olmadığını başa düşərək dəstəyi atır. Söhbət təxminən bir dəqiqə davam edir.
“Vovan” ləqəbli Vladimir Kuznetsov sosial şəbəkə hesabında yazıb ki, Poroşenko, deyəsən, içkili idi və telefonla danışanda Yeni il süfrəsinin başında oturmuşdu.
Bundan əvvəl də rusiyalı telefon xuliqanları dəfələrlə müxtəlif xarici ölkə liderlərinin adından Ukrayna prezidentinə zəng vuraraq ələ salıblar. “Vovan” və “Leksus” bir qayda olaraq Kremlin xoşlamadığı xarici siyasətçilərə zəng vurub dolayır.
Rusiyalı telefon xuliqanı pranker “Vovan” (Vladimir Kuznetsov) Böyük Britaniyanın xarici işlər naziri Boris Consonla Ermənistanın baş naziri Nikol Paşinyanın adından edilən telefon söhbətinin təfərrüatları haqqında danışıb.
“Russian Today” kanalının saytı xəbər verir ki, Kuznetsovun sözlərinə görə, “bütün işlərə Rusiyanın müdaxiləsi haqqında” söhbət edərək Consonla zarafat etməyə qərar veriblər.
“Consonun danışığı diplomatik idi. Fikrimcə, ona görə ki, Ermənistanın baş naziri ona yad şəxs idi və onunla necə davranmaq barədə dəqiq fikir yox idi: o, Rusiyanın yanında və ya ona qarşı olacaq”, – “Vovan” bildirib.
Xuliqanlar telefonunuza dadanıbsa…
Bununla yanaşı, telefon xuliqanları bir çox hallarda sizin telefonunuzu da dinləyə bilirlər. Onlar danışığı dinlədikdən sonra bundan sizə qarşı silah olaraq istifadə edirlər. Mobil telefonunuzun dinlənildiyini anlamağın bir neçə yolu var. Bunlardan biri telefonun batareyasının həddən çox qızmasıdır. Telefonda çox danışanda onun qızması təbiidir. Ancaq uzun müddət ona toxunan olmayıbsa və aparat qızıbsa, demək, onun içərisində nə isə baş verir.
İkinci əsas məqam telefonun enerjisinin tez bitməsidir. Düzdür, bəzən enerji aparatları zaman keçdikcə yararsız hala düşür. Ancaq istənilən halda üç gün kifayət edən enerjinin bir saatda bitməsi təəccüblüdür.
Telefonu bağlayanda gecikmənin baş verməsi də bu səbəblər sırasındadır. Telefon bağlananda işığının da eyni anda sönməsi lazımdır.
Telefonda baş verən qəribə hadisələri də yaddan çıxarmayaq. Əgər telefonunuzun işığı özü-özündən yanıb sönürsə, bağlanırsa, sizi kimsə dinləyə bilər.
Telefondan cızıltı, xışıltı səsləri gəlməsi də bu səbəblərdən sayılır. Bəzən belə səslərin gəlməsi qüllədə olan problemlərdən irəli gələ bilər. Amma səs və cızıltı daima gəlirsə, bu, telefonun dinlənilməsi deməkdir…
Telefon xuliqanlarını belə cəzalandırırlar
Azərbaycanda yaşanan telefon xuliqanlığı isə zaman-zaman hansısa obyektin guya partladılacağı ilə bağlı xəbərdarlıq qismində olur. Metronun, hansısa strateji obyektin partladılacağı ilə bağlı anonim telefon zəngləri sonradan onu edən şəxslərin cəzalandırılması ilə müşayiət olunur. Çünki insanların təşvişinə, narahatlığına, eləcə də dövlət orqanlarının, təşkilatların normal iş və həyat ahənginin pozulmasına səbəb olan belə hərəkətlər qanunvericiliklə başa çatmış cinayət hesab olunur. Bu cür əməllərdə təqsirli şəxslər isə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilirlər.
Amma müşahidələr göstərir ki, Azərbaycanda insanları əsasən ya təhqir, ya da şantaj edirlər. Əsasən gənc qadınların kişilər tərəfindən “terrora” (eşq etirafları, görüş təklifi və sair) məruz qaldığı hallar müşahidə olunur. İkinci halda isə telefon vasitəsilə şantaj, nəsə tələb etmək kimi hallar özünü göstərir. Israrlı şəkildə zəng edib, nələrsə tələb etmək, insanları bezdirmək də bu kateqoriya üzrə qiymətləndirilir. Azərbaycanda xırda xuliqanlıqlara görə, inzibati cəza nəzərdə tutulur. 50 manatdan 100 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunur.
Psixoloqlar isə telefonda söyüş söyməyi xuliqanlığın bir növünə aid etsələr də, bunun yaranma səbəbləri barədə fərqli fikirlər bildirirlər. İlkin səbəb telefonda insanların bir-birinin üzünü görməməsidir. Yəni bir-birinin üzünü görməyəndə söyüş söymək daha asan olur. Psixoloji yük daha da azalır və aqressiyanı rahat formada ifadə etmək asanlaşır. Bir çox hallarda bir-birini söyən insanlar üz-üzə gələndə ilk işləri üzrxahlıq etmək olur. Çünki canlı ünsiyyət zamanı həmin səhv ciddi utanc yaradır.
Sevinc TELMANQIZI