Psixoloqun sözlərinə görə, aqressiya heç də hər zaman zərərli olmur: “Bəzən insana emosional boşalma xeyir verir. Həm də çox sakit, heç nəyə etiraz etməyən, emosiyalarını büruzə verməyən adamları da sevən az olur. Aqressiya hansısa insana qarşı yönəlməyəndə, dağıdıcı hərəkətlərə çevrilməyəndə, insana xeyri olur. İdmanla məşğul olmaq, qaçmaq, təbiət qoynunda gəzmək, hər hansısa fiziki hərəkətlə məşğul olmaq insanın daxilində aqressiyasının boşalması üçün ən gözəl vasitələrdir. Amma bu aqressiya və daxili gərginlik kiməsə qarşı yönələndə, münaqişə qaçılmaz olur”.
Psixoloq deyir ki, əgər siz aqressiv insanla qarşılaşırsınızsa, ona mümkün qədər reaksiya verməməyə çalışın: “Aqressiv insana həmin an cavab vermək onun aqressiyasının daha da şiddətlənməsinə səbəb olur. Hətta bu, o qədər şiddətlənə bilər ki, həmin insana fiziki şiddət də göstərilər. Aqressiv insanın emosional davranışı bir neçə saniyə, maksimum bir neçə dəqiqə çəkir. Bu müddət ərzində həmin şəxslə konfliktə girməməyə, maksimum şəkildə reaksiya verməməyə çalışın. Bir neçə dəqiqədən sonra isə məsələni müzakirə etmək olar. Hədəf olmamaq üçün qarşındakı şəxsin emosional reaksiya göstərdiyi müddətdə onunla heç bir kontakta girməmək və ondan uzaqlaşmaq vacibdir”.
Aygün ƏZİZ