Mütəxəssislərin fikrincə, yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirlməlidir.
Amma keçirə bilirlərmi? Mütəxəssislər hesab edir ki, valideynlər uşaqları üçün tətil planlarını əvvəlcədən – elə tədris zamanı hazırlamalıdırlar. Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Əvvəllər, uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Düşərgələrin binalarında isə məcburi köçkünlər məskunlaşdı. Nəticədə, bu gün 3 aylıq tətil var, istirahət üçün düşərgə isə yox.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. Ekspert bildirir ki, indi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır.
Əsədov qeyd edir ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir: “Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”.Əsədov hesab edir ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına hazırda düşən düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz: “Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, Rayon Təhsil şöbələri, Şəhər Təhsil Şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə “təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək” xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyatı qurumlar layihələr hazırlasın. Yaxşı olardı ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu Azərbaycan təhsilində inqilabi bir addım olar”.
Psixoloq Fərqanə Mehmanqızı deyir ki, uşaqların yay tətilini səmərəli keçirməsi çox vacibdir: “İndi kompüterlərdə həddən artıq oyunlar meydana çıxıb. Amma çalışın ki, uşaqlarınızda 20 il əvvəlki dövrlərə aid olan oyunlara daha çox diqqət yaradasınız. Küçədə oynanılan oyunlar uşaqların problem həll etmə bacarığını inkişaf etdirir. Uşaq gününü kompüter qarşısında keçirməkdənsə, sizin nəzarətini altında küçədə keçirsə daha yaxşı olar”.
Mehmanqızı qeyd edir ki, uşaqların yay tətili günlərində idmanla məşğul olması da çox əhəmiyyətlidir. Bu onların həm sağlamlığına, həm də psixologiyasına yaxşı təsir edir. “Yay tətilində uşağınızın üzmə, tennis, basketbol və bu kimi idman növləri ilə məşğul olmasına şərait yaratmalısınız. Çünki 9 ayı parta arxasında keçirən uşağımın idmana böyük ehtiyacı var. Tətil, sərhədsiz televiziya-kompüter demək deyil. Uşaqların yay tətilində ən böyük istəkləri istədikləri qədər televizor izləmək və kompüter oynamaq olsa da, valideyn buna imkan verməməlidir”.