TOY

Toylarda israfçılıqdan necə qurtulaq?

Baxış sayı: 1. 450

Toy məclislərində mədəniyyətin getdikcə azalması, israfçılığın, səs-küyün və qiymətlərin artması məsələsi dəfələrlə müzakirə olunsa da, bununla bağlı problem öz həllini tapmır. Toy məclislərinin keçirilməsi, şənliklərin tənzimlənməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilməyinə baxmayaraq, bu məsələ hələ də çözülməmiş qalır.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə toy məclislərinin qanunla tənzimlənməsinin tərəfdarı olmadığını bildirib: “Toy şənliklərinin qanunla tənzimlənməsinin tərəfdarı deyiləm, bu, insanların arzusudur. Amma deyim ki, toy məclislərində israfçılıq da var. Bir çoxları banklardan kredit götürür və düşünür ki, toya gələnlər bu xərci ödəyəcək. Sonra pulu yığa bilmir və uzun müddət kredit ödəmək məcburiyyətində qalır. Toy sahibi bunları əvvəlcədən düşünməlidir. Toy sahibi düşünməməlidir ki, “kim mənə nə gətirə bilər?” Hər kəs gücü çatan toyu etməlidir, kredit hesabına yox. Yenə deyirəm, toya qayda-qanun qoymaq olmaz, bu baxır insanın öz ağlına”.

Image result for araz əlizadə

“Toylarda musiqi səsinin həddən artıq yüksək olmasına toxunan A.Əlizadə bunu müğənnilərin və musiqiçilərin istedadlı olmaması ilə əlaqələndirib: “Toylarda həddən artıq səs ona görədir ki, bir çox müğənnilərin, musiqiçilərin istedadı yoxdur. Səs nə qədər güclü olursa, müğənninin, musiqiçinin qeyri-peşəkarlığı bir o qədər az hiss olunur. Ona görə də bu məsələlərə toy sahibi özü nəzarət etməlidir”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da toyların keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin müzakirəsini gülünc sayır. Onun sözlərinə görə, bunun üçün ayrı üsullar var. “Bunu qanunvericilik səviyyəsində müzakirə edən insanlar, sanki, sağ əli ilə sol qulağını qaşımaq istəyirlər. Bunun hamısının kökündə bir məsələ dayanır; ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti. Ölkədə mükəmməl istehlakçı siyasəti yoxdur. İstehlakçı siyasətini yerinə yetirən dövlət orqanları normal işləmirlər”.

Həmsöhbətimizin dediyinə görə, istehlakçı hüquqları sahəsi ilə bağlı yürüdülən səhv siyasətin nəticəsidir ki, bu sahədə cəmiyyəti ayrı-ayrı oliqarxlar, şadlıq evləri, mərasim evləri sahibləri idarə edir. “Cəmiyyəti qanunlar deyil, onlar idarə edir. Bunu, əlbəttə, düzəltmək olar. Dövlət ilk addımlarını atıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evləri ilə bağlı standartları yaradıb. Gərək, mövcud olan qanunları yerinə yetirən dövlət orqanları normal işləsinlər”.

Image result for Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

2015-ci ilin noyabrında hökumət səviyyəsində biznes qurumları üçün “toxunulmazlıq immuniteti” verildiyini xatırladan Hüseynovun sözlərinə görə, elə bundan sonra AİB-ə şikayətlər yağış kimi yağır. “Şikayətlər dövlət orqanlarına göndərilir və cavab gəlir ki, gedin məhkəməyə müraciət edin. Bu, anormal haldır. Biznes qurumlar bu vəziyyətdən sui-istifadə edir”, – deyə Hüseynov bildirir.

Dediyinə görə, cəmiyyətdə, iqtisadiyyatda bir problem olanda onun alternativ variantı təklif olunmalıdır: “Təklif edirəm müasir əl-üz yuyanlarla təchiz olunmuş “palatka toyları” fəaliyyətə başlasın. Bundan sonra şadlıq evlərinin qiymətləri avtomatik düşəcək, daha yaxşı xidmətlər təklif edəcəklər. Heç bir qanunun qəbul olunmasına ehtiyac yoxdur. Alternativ çadır toyları yenidən gündəmə gəlməlidir. Mövcud qanunların işləməsinə cavabdeh olan dövlət orqanları fəal olmalıdır”.

Həmsöhbətimiz bildirib ki, əhalinin də düşüncəsi dəyişməlidir: “Toylarda bu cür özbaşınalıq və problemlərin çoxu ona görə baş verir ki, camaatın küllü miqdarda verdiyi pulun əvəzinə heç bir qəbz və ya hansısa sənəd verilmir. Burada böyük məbləğdə vergidən yayınma faktları baş verir”, deyən AİB sədri hesab edir ki, toy məclislərinin bu həddə gəlib çatmasında istehlakçıların da günahı var: “Azərbaycan istehlakçıları bütün dünya istehlakçılarından fərqli olaraq, xəyal etməyi xoşlayırlar. Deyirlər ki, “Kaş oğluma toy edərdim!”, “Kaş nəvəmə toy edərdim!”. Nə qədər ki, Azərbaycan valideynləri yalnız “toyun görəydim”, “toy edərdim” düşüncəsi ilə yaşayacaqsa, biznes toyu da bu səpkidə inkişaf edəcək. Nə vaxt ki, insanlar həyata real baxacaq, dəbdəbəli toy deyil, gələcək həyatları, özləri üçün də nəsə etməyi fikirləşəcəklər, onda toy biznesindəki israfçılığa da son qoyulacaq”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir