Vikipediyaya görə, bu gün Azərbaycan xanəndəsi və opera müğənnisi, Xalq artisti Aygün Bayramovanın doğum günüdür. Yəni biz belə bilirdik.
Xalq artistinin doğum günü təəssüratlarını öyrənmək üçün onunla əlaqə yaradarkən məlum oldu ki, xanəndənin doğum günü əslində 13 avqustdadır. Buna baxmayaraq Aygün xanım suallarımızı cavabsız qoymadı:
– Doğum gününüzü təbrik edirik, Aygün xanım.
– Vikipediyada səhv yazıblar əslində mənim doğum günüm avqustun 13-üdür.
– Biz də həm doğum gününüzü təbrik edib, həm də həmsöhbət olmaq istədik sizinlə.
– Nə olacaq ki, siz də erkən təbrik etmiş olarsınız. Çox sağ olun. Siz birinci deyilsiniz. Əksəriyyət doğum günümün bu gün olduğunu bilir, təbrik edirlər. Hətta keçən il sənət dostlarıma deyirəm ki “Başqaları bilmir. Siz sənət dostusunuz, bilin də”. Ayın axırına qədər təbriklər qəbulumdur. (gülür)
– Adətən yaş artdıqca insanların fikirləri dəyişir. Hiss edirsinizmi ki, fikirləriniz dəyişib?
– Təbii ki. Gənclik illərində insan bir az çılğın olur. Mən uşaq vaxtı həddindən artıq dəcəl olmuşam, ipə-sapa yatmamışam. Bəlkə də evin balacası idim, daha çox əzizlənirdim, ona görə. Zaman keçdikdə insanın fikirləri dəyişir. Məsələn, mən keçən il düşündüyüm müəyyən şeylərlə bağlı artıq tamamilə fərqli fikirdəyəm. Məncə, hər kəsdə belədir. Lakin içimdə bir gənclik, uşaqlıq hələ də var. Bəzən görürsən ki, biri gənc olmasına baxmayaraq sanki həyatı bitib. İllər ötdükcə insan hər bir şeyə daha diqqətlə yanaşmağa çalışır. Ümumiyyətlə mənim heç zaman yaş krizim olmayıb. Yəqin ki, bundan sonra da belə olacam. ”Yaşımın üstünə yaş gəldi, bu ad günüm də belə getdi” -, deyə heç vaxt düşünməmişəm, düşünmərəm də.
– Bəs ifalarınız haqqında necə düşünürsünüz? Əvvəlki illərlə müqayisədə dəyişiklik varmı?
– Ümumiyyətlə yaşın ifaya heç bir təsiri yoxdur. Şəxsən bu, mənim üçün belədir. Mən həmişə ciddi musiqi ilə məşğul olmuşam. Muğam mənim üçün birinci yerdədir. Xalq mahnıları, bəstəkar mahnıları – yeni mahnılar ifa etmişəmsə, inanın, onun sözlərinə, musiqisinə önəm vermişəm. Sənətimə hər zaman ciddiliklə yanaşmışam.
– Lakin sizi efirlərdə çox az görürük.
– Mən gəncliyimdən, tələbəlik vaxtlarımda da iştirak edəcəyim verilişlərə diqqət edirdim. Düzdür, o zaman televiziya kanalları az idi. Amma verilişlərə gedəndə hansı qonağın efirdə olmağı mənim üçün çox önəmlidir.
Təkliflər həddindən artıq çox olur. Mən bu təklifləri qəbul etsəydim, hər gün məni efirlərdə görərdiniz. Hər gün də olmasa, ən azı həftədə üç dəfə. Lakin təklifləri qəbul etmirəm. Özünüz də görürsünüz , müəyyən aparıcılar dünənki ifaçını necə təmtəraqla tədqim edirlər. Hər şeyin zamanı var. Əlbəttə, gənc istedad ola bilər. Bu o demək deyil ki, gənc ifaçı yaxşıdır və ondan yoxdur. Belə demək olmaz. Bir xanəndənin yetişməyi üçün bilirsiniz neçə illər lazımdır? Səsin gözəlliyi böyük sənətkar olmağa dəlalət etmir. Bu cür şeylər çox önəmlidir. Ona görə də hansı efirlərə gedib-getməməli olduğuma özüm qərar verirəm.
– Maraqlıdır, yeni yaşınızdan gözləntiniz nələrdir?
– Yaş vacib deyil. Önəmli olan əzizlərimlə, doğmalarımla ad günü keçirmək, insanlardan gözəl sözlər eşitməkdir. Bu elə bir dünyadır.
– Belə başa düşdük ki, təmtərağı sevmirsiniz.
– Heç zaman təmtərağı sevməmişəm. Hər bir şeydə belədir. Sadəliyə daha çox üstünlük verirəm. Məndə hər şey konkretdir.
– Bəs geridə qalan illərinizi necə qiymətləndirirsiniz?
– Çox yaxşı. Bilirsiniz, mənim uşaqlıq illərim Ağdamda keçib. Bu gözəl torpaqda doğulmuşam. Təəssüf ki, öz torpaqlarımıza gedə bilmirik. Nəinki Ağdam, həmçinin Şuşa, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan və digər işğal olunmuş ərazilərimiz. 9 yaşım olanda ifaya başlamışam. O illərə – Ağdamlı illərimə çox qayıtmaq istəyərdim. Mənim orda o qədər gözəl uşaqlıq, məktəb illərim keçib ki. İnanın, bu mənim ən yaralı yerimdir. O yerdə doğulub, suyunu-havasını içib 25 ildir , torpaqlarımıza həsrət qalmaq çətindir. Ümid edirəm ki, bir gün o torpaqlara dönmək bizə qismət olar.
– Aygün Bayramova sözün hər mənasında xoşbəxtdirmi?
– Mən özümü xoşbəxt sayıram. Birincisi, gözəl ailədə dünyaya gəlmişəm. Ətrafımda gözəl insanlar, bacı-qardaşlarım, valideynlərim varsa, niyə də özümü xoşbəxt saymayım?
Allahın mənə gözəl səs bəxş etməsi də xoşbəxtlikdir. Bu elə birinci sırada durur. İstedad, səs hər kəsə verilmir, yalnız Allah tərəfindən seçilmiş insanlara verilir. Təkcə xanəndələr deyil, gözəl rəssamlar, estrada ifaçıları, heykəltəraşlar və sair. Allahın ən böyük hədiyyəsi səsimdir.
– Aygün xanım, ailənizi böyütmək fikriniz varmı? Yəni övlad sahibi olmaq.
– (Gülür) Bu, Allahın işidir. Nəsib edərsə, olsun. Açığı, ailə haqqında danışmağı xoşlamıram. Bu mənim xasiyyətimdir. O ailə mənə aiddir, bizim ikimizə aiddir. Ailəmi önə gətirmək fikrində olmamışam. Həmişə deyirəm, sənətim xalqa məxsusdur, amma ailəm özümə aiddir. (Modern.az)