turizm

Azərbaycanın indiyədək bilmədiyimiz TURİZM SİRLƏRİ

Baxış sayı: 1. 425

Biz necə də gözəl ölkədə yaşayırıq: bir neçə iqlim zonası, multikultural ənənələr, zəngin tarixi və təbii irs Azərbaycanı turizm üçün həqiqətən bitməz-tükənməz imkanlar diyarına çevirir. Səyahətçiləri burada nə qədər maraqlı kəşflər gözləyir!

Bilirsinizmi ki, məsələn, respublikanın Masallı rayonunda banan yetişir və krablar (onayaqlı dəniz xərçəngi) yaşayır, yaxud dünyanın ən qədim kərə yağı İsmayıllının diyarşünaslıq muzeyində saxlanılır və ya Şamaxıda yeni musiqi aləti ixtira edilib, Xınalıqda isə qar adamla üz-üzə gələn ovçu yaşayır?!

Bu və digər əyləncəli, bəzən isə müəmmalı faktlar barədə sizi bu gün məlumatlandırmaq istəyirik.

 

Image result for Gəncə

Gəncənin əzəmətli parkı və Masallı möcüzələri

Azərbaycan burada heç olmasa bir dəfə olmuş adamı məftun edir. “Odlar Yurdu”nda ilk dəfə olan turistlər bir səslə deyirlər ki, səfər onlar üçün əsl kəşf olub – Azərbaycan isə onların qarşısında parlaq rəngləri ilə nadir brilyant kimi bərq vurub. Səyahətçilər Bakının mərkəzindəki Qız qalasını, Şəki xanları sarayının Venesiya şüşələrinin gözqamaşdırıcı parıltısını və bəşər sivilizasiyasının beşiyi – minlərlə heyrətamiz petroqliflərin həkk olunduğu Qobustan qayalarını buradan ayrıldıqdan sonra hələ xeyli müddət xatırlayırlar. Lakin Azərbaycanın geniş şöhrət tapmış görməli yerləri ilə yanaşı, bu və ya digər şəhər və rayonunda turistləri hələ nə qədər heyrətamiz tapıntılar gözləyir.

Kimin ağlına gələrdi ki, Gəncədə Heydər Əliyev adına park kompleksi hazırda Azərbaycanda və Qafqazda ən böyük parkdır və dünyanın ən böyük beş parkından biridir! Onun ümumi sahəsi nə az, nə çox, 450 hektardır! Parkın girişində tamaşaçıları möhtəşəm “Zəfər tağı” gözləyir. Bu, eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü 38 metr olan tikilidir. Tağın başına xüsusi pilləkən və ya liftlə qalxmaq olar. Yuxarıda muzey, kafe və baxış meydançası var. Buradan şəhərə və ətraf yerlərə heyrətamiz mənzərə açılır. Adamlar “Zəfər tağı”ndan keçərək uzunluğu 2 kilometr olan geniş xiyabana daxil olurlar. Parkda ümumilikdə 16 fəvvarə quraşdırılıb.

Gəncə haqqında daha bir kəlmə: qutabı burada kətə adlandırırlar! Gəncə kətəsi pendir qatılmış ət və ya göyərti ilə olur. Porsiya, bir qayda olaraq, iri və doyumludur, üstünə sumax səpilir – çox dadlıdır!

Masallı – Azərbaycanın qeyri-adi koloritli və maraqlı guşəsi də özündə çox sürprizlər gizlədir. Subtropik mülayim iqlimi var, yayda burada havanın temperaturu +29 dərəcədir. Bütün rayon sıx meşələrlə örtülüb. Bu meşələrdə nadir bitkilər, o cümlədən məşhur dəmir ağacı bitir. Ancaq burada bananın yetişməsini çox adam gözləmir, lakin onlara burada hər yerdə rast gəlmək olar. Üstəlik bəzi yerlərdə yaşıl banan salxımlarını görmək olar. Hərçənd bu salxımlar yetişməyə güclə gedib çatır, lakin bu ekzotika yerli mənzərəni zənginləşdirir.

Masallı rayonu özünün çoxsaylı isti mineral bulaqları ilə məşhurdur. Burada məşhur “Fatimeyi-Zəhra” sanatoriyası yerləşir. Sanatoriyanın ətrafında isə müalicəvi bulaqda krablar bəslənir! Bu kiçik ziyansız şirin su xərçəngləri təkcə istirahət edənlərin gözünü oxşamır, həm də bu yerlərin ekoloji təmizliyinin çox gözəl indikatorudur.

Nəhayət, Masallı öz mahir ustaları ilə də məşhurdur. Məsələn, Lənkəran şosesinin 10 kilometrliyində yerləşən Xanalion kəndində qeyri-adi çayxana var. Onun sahibi Maqsud Şirəliyev köşklərdən birini ağacda – 35 metr hündürlükdə qurub! Çay dəstgahı podnosda buraya 50 metrlik trosun köməyilə qaldırılır. Hər kəs çay içmək üçün belə hündürlüyə qalxmağa cəsarət etməz. Ayaqları altında möhkəm yeri hiss etməyə üstünlük verənlər bağda quraşdırılmış köşklərdə otura bilərlər. Burada ekzotik bitkilərin 26 növü, meyvə ağacları və kollarının 38 növü yetişir.

Xanalion kəndinin daha bir sakini Əkrəm Cabbarov da bitkilərə hədsiz maraq göstərir. O, 11 ildə tut ağacına floranın 23 növünü peyvənd edə bilib. Bəzi bitkiləri o, əvvəlcədən gövdədə açılmış və torpaqla doldurulmuş oyuqda əkib. Buna baxmayaraq, bitki növlərinin çoxu inkişaf edir və məhsuldardır. Açığını deyək ki, tut ağacından xiyarın asılması, əriyin “boylanması”, burada dəfnə yarpaqlarının bitməsi qeyri-adidir.

 

Image result for ivanovka kəndi

Lahıcın numerologiyası və Nic kəndinin sakini Geroy

İsmayıllı Azərbaycanın etnoqrafik turizm mərkəzlərindən biridir. Təəccüblü deyil ki, sənətkarlar şəhəri Lahıcda, Basqal kəndində indiyədək ənənəvi kəlağayı istehsal olunur, əhalisi arasında molokanların üstünlük təşkil etdiyi İvanovka kəndi də buradadır. Bilirsinizmi ki, Lahıcda hər şey 7 rəqəmi ilə başlayır? 7 dağın arxasında yerləşən bu kənddə 7 bulaq, 7 məhəllə və 7 hamam var. Burada indiyədək IX əsrdə çəkilmiş kanalizasiya sistemindən istifadə olunur, özü də sistem elə məharətlə qurulub ki, sakinlər axan suyun hara getdiyini indinin özündə də bilmirlər.

İsmayıllının digər məşhur kəndi Basqalda XVI əsrdə əkilmiş çinar var. Onun nəhəng gövdəsində açılmış oyuqda çayxana, sonra isə bərbərxana yerləşirdi. İndi bu ağac dövlət tərəfindən mühafizə olunur. Basqalın daha bir maraqlı səciyyəvi cəhəti odur ki, orada bütün evlərin üzü Məkkəyə tərəf baxır.

İvanovkanın da səciyyəvi cəhətləri var. Məsələn, kəndin yaxınlığından Ax-ox çayı keçir. Deyilənə görə, bu ərazidə bir dəfə güclü daşqın olub, molokanların evlərinə ziyan dəyib. Çayın sahilinə toplaşan sakinlər qışqırmağa başlayıblar. Onların qışqırığı və fəryadları uzaqlara “Ax!” və “Ox!” kimi yayılıb. Həmin vaxtdan çayın adı Ax-ox qalıb.

Yeri gəlmişkən, İsmayıllının zəngin tarixi ilə əyani tanış olmağa imkan yaradan diyarşünaslıq muzeyində çoxlu nadir eksponatlar qorunur. Bunlardan biri kərə yağının dünyada ən qədim növüdür. Yağ Mollaisaqlı kəndində qədim amforanın içindən, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilən zaman tapılıb. Paytaxtın arxeologiya muzeyinin mütəxəssisləri ekspertiza aparıb və müəyyən ediblər ki, yağ e.ə. III-I əsrlərə aiddir. Buradakı daşı – kosmosun ənginliyindən buraya düşmüş meteorit olduğu güman edilən daşı da yaddan çıxarmaq olmaz. Daşın kiçik ölçüləri, eyni zamanda, qeyri-adi ağır çəkisi onun mənşəyi haqqında şübhə doğurmur.

Etnoturizmdən danışanda Qəbələ rayon mərkəzinin 40 km cənub-qərbində Nic kəndini də yaddan çıxarmaq olmaz. Burada udinlər yaşayır. Tarixçilərin fikrincə, onlar Qafqaz albanlarının əcdadlarıdır. Udinlərin əksəriyyəti xristian dininə sitayiş edir. Maraqlıdır ki, Nic kəndində udin adları ilə yanaşı, başqa xalqlardan götürülmüş adlar da var. Məsələn, kənddə Vitali, Sergey adlı adamlar yaşayır, kənd sakinlərindən birinin adı Valter, birininki isə Geroydur.

Related image

Şəmkir bambuku və Şamaxı fenomeni

Çoxları yəqin, eşidib ki, bir vaxtlar Azərbaycanda, Şəmkirdə alman koloniyası olub. Şəhərdə bu gün də o zamanların maddi sübutları qalmaqdadır: lüteran kilsəsi, ənənəvi evlər, şərab zirzəmiləri.

Lakin heç də hamı bilmir ki, qiymətli yadigarlar təkcə şəhərin mərkəzində qalmayıb. Şəmkir rayonunda kolonistlərin daha bir dayağı indiki Çinarlı (keçmiş Georqsfeld) kəndidir. İnzibati mərkəzdən 15 kilometr aralıda yerləşən və Almaniyadan gəlmiş insanların izlərini ehtiramla qoruyur. Kəndin əsası 1888-ci ildə qoyulub, iki il sonra isə burada sahəsi 5 hektar olan mənzərəli park salınıb. Onun ərazisində kənd əhalisinin asudə vaxtının keçirməsi üçün rəqs meydançası, mədəniyyət evi, habelə şərab istehsalı üzrə müəssisə və lüteran kilsəsi vardır. Qeyd etmək lazımdır ki, bir çox tikililər heç də pis vəziyyətdə deyil. Parka xüsusi gözəlliyi ağaclar verir, onlar o qədər gurdur ki, sanki cəngəlliyə düşmüsən. Nəhəng sərv və şam ağacları ilə yanaşı hər addımda qarşıya çıxan yelpiyə bənzər palmalar bu təsəvvürü daha da gücləndirir. Parkda nadir hind qozu, nə qədər paradoksal olsa da, hətta bambuk belə bitir.

Çinarlı qəsəbəsinin daha bir görməli yeri köhnə körpüdür. Bu körpü onunla məşhurdur ki, onun üzərində Azərbaycan kinematoqrafının klassikası sayılan məşhur “Əhməd haradadır?” filminin çəkilişləri aparılıb.

Bir vaxtlar möhtəşəm Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxının da qürrələnməyə çox şeyi var. Burada, Uşaq Yaradıcılığı Mərkəzində dünyada analoqu olmayan musiqi aləti var. Onun yaradılmasına 15 il sərf edilib. Alət üçkomponentli nağara qurğusundan ibarətdir, lakin onun vasitəsi ilə sadəcə ritm tutmaq yox… melodiya çalırlar! Onun ilk komponenti tonallıq üzrə 3 oktavaya bölünən 36 kiçik nağaran ibarətdir. Digər iki komponent bir oktavalıdır və müşayiət üçün nəzərdə tutulub. Unikal qurğu yaradıcısının adını daşıyır – “Antik”. Onun ixtiraçısı Uşaq Yaradıcılıq Mərkəzinin müəllimlərindən biri olan Antik Seyidovdur. İstedadlı musiqiçi və bəstəkar artıq bu qurğuda ənənəvi musiqi alətlərinin – royal, skripka, qarmon, zurnanın müşayiəti ilə bir neçə əsər yazıb, onların vokal partiyalarının ifaçısı öz qızıdır. Əgər axtarış sətrində “Ehli Quran” sözlərini yazsanız, bu musiqiyə YouTube saytında qulaq asa bilərsiniz. Bu nadir ansamblın canlı ifasını isə Şamaxı Uşaq Yaradıcılıq Mərkəzinin səhnəsində dinləmək olar.

Image result for “Gələrsən-Görərsən” qalası

Şəkinin nəhəngləri və Xınalıqlı qar adamı

Şəki haqqında hamı bunu bilir: zəngin divar naxışları və incə şəbəkələri olan möhtəşəm Şəki xan sarayı XVIII əsrdə bircə mismar belə vurulmadan tikilib, qədim “Gələrsən-Görərsən” qalası, karvansaralar. Lakin heç də hamıya məlum deyil ki, Şəki rayonunun kəndlərində Qafqaz Albaniyasının bir neçə xristian memarlığı abidəsə var və onlardan ən məşhuru Kiş kəndindəki kilsədir. Bu kilsənin xristian-alban abidələri arasında xüsusi statusu var. Məbəd təkcə memarlıq abidəsi deyil, həm də dəyərli tarixi əhəmiyyətə malikdir. Onun rəsmi təməlqoyma tarixi I əsrdir, həmin dövrdə Azərbaycan ərazisi Albaniyanın Qafqaz hissəsinə daxil idi. Maraqlıdır ki, Kiş məbədi ilkin orta əsrlər dövrünə aid ilk zal tipli qübbəli kilsədir. Kompleksin həyətində mühafizə məqsədi ilə şəffaf plastik qübbə ilə örtülmüş qədim dəfn yeri var. Bura gələnlər bir neçə metr dərinlikdə qədim insan qalıqlarını görə bilirlər. Dəfn edilən adamların azmanlığı (təxminən iki metr boyda) adamı heyrətə gətirir. Yeri gəlmişkən, əfsanəvi Norveç səyyahı və antropoloq-alimi Tur Heyerdal burada tədqiqatlar aparıb və özünün sensasiyalı nəzəriyyəsinə sübutlar axtarıb. Heyerdalın iddiasına görə, vikinqlərin əcdadları Qafqaz əsilli olub. Məbədin yaxınlığında məşhur alimin büstü ucaldılıb.

Şəki ilə bağlı daha bir maraqlı xüsusiyyətdən söz açaq. Burada hələ iki əsr əvvəl müasir ev-xəbərçisinin (“domofon”) bənzəri mövcud olub. Belə ki, iri karvansara qapılarında müxtəlif zınqırovlar quraşdırılıb: kişi və qadın qonaqların hər biri özlərinə aid “zınqırov”dan istifadə edib. Beləliklə, müsəlman adətinə uyğun olaraq, “qadın zınqırovu”nun səsi gəldikdə qapıya ev sahibəsi çıxıb, əks cinsdən olan qonaqları isə evin kişisi qarşılayıb. Əgər yolunuzu XVIII əsrdə tikilən Yuxarı karvansaraya salsanız, buna indi də şahid ola bilərsiniz. Yeri gəlmişkən, bu tikili indi də təyinatı üzrə, yəni otel kompleksi kimi fəaliyyət göstərir.

Image result for xınalıq kəndi

Yəqin çoxları eşidib ki, Azərbaycanın digər rayonu Qubada diyarın ən əlçatmaz dağ kəndlərindən biri olan Xınalıq yerləşir. Rayon mərkəzindən 65 kilometr uzaqlıqda yerləşən bu kəndi səma altında açıq muzeyə oxşadırlar. Lakin Xınalıq təkcə qədim adət-ənənələri ilə tanımır, bu yerlərdə… “qar adamı”nı da görənlər olub. Bu hadisə 1988-ci ildə baş verib, gənc ovçu Babəli Babaəliyev (indi də sağdır) daş duz yemək üçün buralara gələn dağ keçilərinin intizarında Xınalıq ətrafındakı mağaraların birində pusqu qurub. Mürgüləyən ovçunu öz bədəni ilə mağaranın ağzını tutan məxluq oyadıb. Gözlərini açdıqda Babəli səsini çıxarmadan gözlərini ona zilləyən insanbənzər bədheybəti görüb. Dəhşətdən donub qalan ovçunun əl-ayağı quruyub, buna görə də yanındakı tüfəngi götürə bilməyib. Bir qədər dayanan o varlıq isə sonradan çıxıb gedib. Bu hadisədən sonra Babəli uzun müddət şokda olub, özünə gələ bilməyib və o mağaradan uzaq gəzib. Təəccüblü deyil ki, bu yerlər təkcə etnoturizm yox, həm də kriptozoologiya həvəskarlarını özünə cəzb edir.

Bu kiçik hekayəti qısaca belə bitirmək olar: Azərbaycanda gəzməli-görməli o qədər yerlər var ki… İlk neft quyusunun qazıldığı və ilk neft platformasının yaradıldığı, dünyada ən çox palçıq vulkanı olan və rekord sayda narın yetişdiyi ölkə heyrətləndirməkdə davam edir!

Azərbaycanda səyahət edə-edə hər dəfə nə isə yeni bir şey öyrənirsən. Hətta ən məlum və yaxşı tədqiq edilmiş məkanlar belə qəfildən öz sirləri ilə adamı heyrətə gətirir və siz bir daha və yenidən bura gəlmək istəyirsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir