Model olmaq üçün nələr lazımdır? Satandart ölçülərə – hündür boya, maksimum 40 kq çəkiyə, füsunkar gözəlliyə və qamətə sahib olmaq.
Bu əvvəllər belə idi. Artıq bu standartlar əhəmiyyətini itirib.
Beləliklə, sizə standartları alt-üst edən 10 modelin siyahısını təqdim edirik.
1. Vinni Xarloy – Vitiliqo adlı nadir dəri xəstəliyindən əziyyət çəkən bu gənc qız özü də düşünməzdi ki, nə vaxtsa bu xəstəlik onun kariyerasının əsasını qoyacaq. (Vitiliqo – dəri piqmentlərinin pozuntusundan yaranır). Uşaq vaxtı qızı “zebra” və ya “inəyə” bənzədən yoldaşları onu Amerikanın “Top model” yarışmasında görəndə nə hisslər keçirtdikləri maraqlıdı. Vinni müsabiqədən sonra bir sıra kliplərə, moda sərgilərinə və reklam çarxlarına təkliflər almağa başlayıb.
2. Ellison Xarvard – Ellisonun iri gözləri və makiyaj tərzi ona ayrı bır gözəllik qatır. Vinni kimi o da şansını Amerikanın “Top model” yarışmasında sınayıb. Yarışmada 2-ci yeri tutan Ellison model kariyerasına bundan sonra başlayır.
3. Diandra Forrest – Nyu-Yorkun Bronks şəhərində kasıb ailədə dünyaya gələn bu albinos gözəl valideynlərinə bənzəmirdi. Ətrafdakı insanlar onu “ögey övlad” adlandırırdılar. Fotoqraf Şamir Xanın küçədə gəzərkən qızı kəşf etməsindən sonra hər şey dəyişdi.
4. Cillian Merkado – uşaq yaşlarından əzələ distrofiyasından əziyyət çəkən Cillian 17 ildir ki, əlil arabasına məhkum olub. O hələ yeniyetmə yaşlarından moda ilə maraqlanırdı. Modaya olan marağı onun həyatını gözlənilmədən dəyişdi. Moda haqqında blog açan Cillian tez bir zamanda məşhurlaşdı. Onun paylaşımları bir çox moda səhifələri tərəfindən bəyənilməyə başladı. Daha sonra Cillian özü də çəkilişlərə dəvətlər aldı.
5. Tess Xollidey – uşaqlıqdan model olmaq istəyən Tess artıq çəkiləri və alçaq boylu olması səbəbindən buna nail ola bilmir. O müraciət etdiyi bütün yarışmalardan rədd cavabı alır. Tessin yeganə qatıldığı yarışma “Artıq çəkilərlə mübarizə” adlanırdı. Artıq o model kimi fəaliyyət göstərir və qısa zamanda şəkilləri Vogue moda jurnalının üz qabığında yer alıb.
6. Brunett Moffi – kariyerasına təsadüfən başlayıb. Rəfiqəsinin sevgilisi olan məşhur fotoqraf Tayler Lebon “POP” jurnalı üçün Brunettin bir neçə şəklini çəkir. Şəkillər o qədər uğurlu olur ki, onlardan birini jurnalın üz qabığına qoyurlar. Beləcə Brunet öz kariyerasına başlayıb.
7. Amazon İv – bu gözəlin boyu 2 metr 3 sm-dir. Bu onu dünyanın ən hündür boylu gözəli edir. Model kariyerasına başlamazdan əvvəl İv peşəkar şəkildə idmanla məşğul olub və məşqçi kimi fəalliyyət göstərib. İv avstraliyanın “Zoo Weekly” jurnalı üçün çəkilişlərdən və “Amerikanın dəhşətlər tarixi” teleserialında canlandırdığı obrazdan sonra hər kəs tərəfindən tanınmağa başladı.
8. Dafna Self – bütün modellər pensiyaya tez çıxmır. Bunun ən gözəl nümayəndəsi Dafnadır. Bu gözəl qadın artıq 20 ildir ki Vogue, Harper Bazaar və Vanity Fair dərgiləri üçün modellik edir. Xanımın 88 yaşı var və o hələ də fəaliyyətini davam etdirir. Jurnalların üz qabığında, moda sərgilərində onu görsəniz, təəccüblənməyin.
9. Şon Ross – Diandra Forrest kimi albinos olan Şon rəqqas olub. Estetik cəhətdən o qədər də gözəl olmayan burun quruluşuna malik olsa da, bunu kompleks etmiyib. Model fəaliyyətinə isə 16 yaşından başlayıb.
10. Viktoriya Modesta – doğum zamanı həkimlərin səhlənkarlığı ucbatından sol ayağından ciddi xəsarət alıb. Amputasiya olmamaq üçün 15 uğursuz əməliyyat keçirən Viktoriya son çarə olaraq ayağının kəsilməsinə razılaşır. Məşhur müğənni olan Modesta eyni zamanda standart olmayan model kimi də fəaliyyət göstərir. Onun 8 müxtəlif protezi var. Hər biri ona çox başqa gözəllik verir.