qadin-kisi

Peşələrə qadın-kişi fərqi qoyulmalıdır? – VİDEOREPORTAJ

Baxış sayı: 1. 353

Deyirlər ki, bütün peşələr yaxşıdır. Lakin Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, bəzi peşələrin öz cinsi, kateqoriyası var. Yəni peşələr qadın və kişi işi olmaqla ikiyə ayrılır. Kişilərin çalışdığı elə sənət növləri var ki, orada qadınların işlədiyini görəndə hamı təəccüblənir. Eyni zamanda, elə sənət növləri var ki, onları əsasən qadınlara yaraşdırsalar da, həmin sahədə də kişilər az deyil.

Qəhrəmanımız Pəri Mustafayeva qadın olsa da cəmiyyətdə kişi peşəsi kimi qəbul edilən mühafizəçi vəzifəsində çalışır. Deyir ki, çalışdığı peşə cəmiyyət tərəfindən heç də pis qarşılanmır. Bəzi peşələr qadın üçün arzuolunandır. Bəlkə də əvvəldən bu peşələrə qadınlar üstünlük verdiyindən, ənənəvi olaraq qadın peşələri hesab edilir. Məsələn, katibə, ofis meneceri, satıcı, səhiyyə müəssisələrində tibb bacısı, xadimə və s. Amma elə sahələr də var ki, qadınların orada işləməyi qadağandır. Bu sahələr Nazirlər Kabinetinin reproduktiv sağlamlıqla bağlı qəbul etdiyi qərarda öz əksini tapıb. Bəzən elə hesab edilir ki, monoton texniki işlərdən ibarət, əmək haqqı aşağı olan işlər qadınlara aiddir.

Hazırda qadınlar arasında çoxlu cərrahlar, diş həkimləri, sürücülər, menecerlər, dizaynerlər var. Lakin son zamanlar bəzi sahələrdə qadınlar heç də kişilərdən geri qalmayaraq, əvvəllər ənənəvi hesab edilən və fiziki qüvvə, dözüm tələb edən kişi peşələrinə də uğurla yiyələnirlər. Mütəxəssislər belə hesab edirlər ki, bu gün hüquq bərabərliyi uğrunda mübarizədə qadınlar xeyli irəliləyiblər. Hətta bəzi yerlərdə kişilərlə qadınlar sanki yerlərini dəyişməyiblər. Peşəkar fəaliyyətdə bu özünü qadınların bəzi kişi peşələrinə yiyələnməsində, kişilərin isə, əksinə, qadın işlərinə keçməsində göstərir.

Müasir işəgötürənlər kadrları seçərkən, ilk növbədə, ali təhsilli, iş təcrübəsi olan, zərərli vərdişlərdən uzaq olan intizamlı işçilərə üstünlük verir. Əgər hər hansı bir peşəyə marağınız varsa, ətrafınızdakıların onu kişi və ya qadın peşəsi kimi qruplaşdırmasına fikir verməyin. Sizdən əvvəl bu peşə ilə məşğul olan həmcinsiniz olmayıbsa, burada qəribə heç nə yoxdur. Deməli,siz ilk edərək tarixin yaddaşında qalacaqsınız. Yetər ki, bu yolda heç nəyin sizi həvəsdən salmağına icazə verməyin!

 

Ramil Zeynallı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir