Nikahdan əvvəl tibbi müayinə çox vacibdir. Bu ilk növbədə qurulacaq ailənin möhkəmliyinə və müəyyən xəstəliklərin vaxtında aradan qaldırılmasına imkan verir. Azərbaycanda nikahdan əvvəl tibbi müayinədən keçmək icbari xarakter daşısa da, çox hallarda buna əməl etməyənlər də olur. Əsasən nikahdan kənar qurulan ailələrdə icbari tibbi müyinəyə o qədər də önəm verilmir. Ailə institutunun sağlam və möhkəm qurulmasında böyük rolu olan tibbi müayinəyə məsuliyyətlə yanaşmayanların isə aiqbəti heç də yaxşı olmur. Ekspertlər hesab edir ki, nikahdan əvvəl tibbi müayinədən keçməklə bağlı məsələdən gənclərin çoxu məlumatlı deyillər. Yəni sonradan baş verə biləcək fəsadları doğru-dürüst dərk etmirlər. Nəticədə isə dünyaya xəstə uşaqlar gəlir.
Azərbaycanda nikaha girmək istəyən 105 şəxsdə AİDS (Acquired Immune Deficiency Syndrome – İnsanda İmmunçatışmazlığı Virusu) aşkar edilib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə 2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib. Müayinədən keçənlərin 2 min 773 nəfərində talassemiya daşıyıcılığı aşkar olunub. Nikahdan əvvəl 242 nəfərdə siflis xəstəliyi aşkar edilib. 8 ayda nikaha girmək istəyənlərdən 105 nəfərində isə HİV1/2 (AİDS) xəstəliyinin qeydə alındıgı bildirilir. Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edilib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda “Ailə Məcəlləsi”nə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını da təsdiqləyib. Həmin qaydalarda tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.
Tibbi müayinələr Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində pulsuz həyata keçirilir. Bu günlərdə 8 min ərəbin Azərbaycanda QİÇS-ə yoluxduğuna dair məlumatlar yayıldı. Bu məlumatlar iraqlı blogger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportajda verilib. Məlumat böyük rezonansa səbəb oldu. Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Bloggerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.
Düzdü, məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi açıqlama verərək məlumatın həqiqətə uyğun olmadığını bildirdi: “Ümumiyyətlə, Azərbaycanda heç o qədər QİÇS-ə yoluxan xəstə yoxdur. Bu, sensasiya xatirinə səsləndirmiş qeyri-real rəqəmdir. Bu, həmin bloggerin məsuliyyətsizliyindən irəli gəlir. Bilirsiniz, birdən-birə 8 min insanın QİÇS-ə yoluxması fikrini səsləndirmək əslində dezinformasiyadan başqa heç nə deyil.
Bunlar Azərbaycanı sevməyən insanların səsləndirdiyi fikirlərdir”. Amma doğru olmayan bu informasiya dünya mediasında da rezonans doğurdu. Bununla bağlı rəsmi rəqəmlər də açıqlandı. Belə ki, 2018-ci ilin 6 aylıq rəqəmlərinə əsasən, Azərbaycanda 5937 İİV-lə (İnsanda İmmunçatışmazlığı Virusu) yaşayan insan rəsmi olaraq qeydiyyatdadır. Onlardan 1733 nəfəri (30 %) qadınlar, 4204 nəfəri (70 %) kişilərdir. QİÇS mərhələsində olan xəslərin sayı isə 2080 nəfərdir. Ekspertlərin fikrincə, nikahdan kənar nəzərdə tutulan tibbi müayinəyə regionlarda elə də əməl edilmir. Əməl edənlərin əksəriyyəti isə bununla bağlı arayışı qeydiyyat şöbələrindən alternativ variantlarla əldə edirlər. Hansısa tibbi yoxlanışdan söhbət belə getmir. Nəticədə isə gələcəkdə yaranmış hər hansı fəsadın məsuliyyətin kimin üzərində qaldığı da bəlli olmur.
Maraqlıdır, məsələ ilə bağlı Azərbaycanda ümumi mənzərə necədir?
“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyir ki, ilk növbədə nəzərə alınmalıdır ki, rəsmi nikahlardan əlavə qeyri-rəsmi nikaha girənlər də var. Onların sayı isə həddindən çoxdur:“Qeyri- rəsmi nikaha girənlər təbii ki, tibbi müayinədən keçmirlər. Rəsmi nikaha girənlərin sayı konkret bəllidir və nikaha girənlər tibbi müayinədən keçirlər. Bir qism insanlar var ki, tibbi müayinədən keçmədən sənəd alırlar. Ola bilər ki, bəzi yerlərdə buna göz yumulsun. Bu faktlar da istisna deyil.
Tam olaraq biz deyə bilmərik ki, konkret nikaha girmək istəyən 105 şəxsdə QİDS aşkarlanıb. Yaxud ondan az, ya çoxdur. Qeyri-rəsmi nikaha girənlər heç yerdə qeydiyyata düşmürlər. Ona görə də bunun fəsadı artıq ailədə övlad dünyaya gələndə aşkara çıxır. Qadın hamilə olanda tibbi müayinədən keçir və məlum olur ki, o xəstədir. Əlbəttə ki, həyat yoldaşı tərəfindən xəstəliyə tutulub. Demək ki, ona bu xəstəlik keçib. Yoldaşı Rusiyada və yaxud haradasa kimlərləsə qeyri-rəsmi surətdə cinsi əlaqədə olub. Ona görə də o xəstəliyi gətirib. Əslində kişi özü də bilmir ki, xəstədir. Bu səbəbdən xəstəliyə tutulanlarla bağlı rəsmi rəqəmlər demək mümkün deyil. 105 nəfər isə yalnız qeydiyyata düşmüş şəxslərdir”.
QHT sədri bildirir ki, QİDS-ə yoluxanlarla bağlı bir neçə ildir ki, müxtəlif layihələrlə çıxış edirlər. Yerlərdə, bölgələrdə və paytaxt daxilindəki məktəblərdə maarifləndirmə işləri aparılır, broşurlar paylanılır: “İnsanlar məlumatlı olsalar da riayət etmirlər. Məsələn, qoruyuculardan istifadə edilmir. Bunu insanlara təbliğ edə bilmirik. Bundan əlavə xəstəliyə yoluxmuş şəxslər var ki, gedib qeydiyyatda durur, amma oranın verdiyi dərmanları qəbul etmir. Bir sözlə, öz sağlamlıqlarına çox səhlənkar yanaşırlar. Bu səbəbdən də qadın kişini, yaxud əksinə, bir-birlərini yoluxdura bilirlər. Mütləqdir ki, qoruyuculardan istifadə edilsin ki, bir-birlərini yoluxdurmasınlar. Bir məsələni də qeyd edim ki, nikah üçün bütün qeydiyyat şöbələrində tibbi arayış mütləq tələb olunur. Elə qeydiyyat şöbəsi yoxdur ki, bu sənədi tələb etməsin. Yəni həkim müayinəsi olmadan nikah üçün qeydiyyata düşmək mümkün deyil”.
Zenfira Mustafayeva 8 min ərəbin Azərbaycanda QİDS-ə yoluxması məsələsinə də toxunub. O, deyib ki, həmin məlumat həqiqəti əks etdirmir: “İlk növbədə həmin o 8 min ərəb haradasa mütləq müayinədən keçməli və qan analizi verməli idilər. Bu isə uzun bir prosesdir, bir günə həll olunan məsələ deyil. 8 min ərəbin xəstəliyə yoluxması yalan və şişirdilmiş bir informasiyadır. Əslində bununla bəzi mənbələr Azərbaycan haqda mənfi rəy formalaşdırırlar”. (“Cebhe.info”)