Ağır çantalar daşımaqdan artıq yorulmusunuzsa, çantaları yüngülləşdirmək üçün nələr edə biləcəyinizi mütləq oxuyun.
Çoxumuz əlimizə keçən hər şeyi çantamıza doldurub, günün sonunda çiyinlərimizdə yaranan ağrılardan şikayət edirik. Makiyaj çantası, gün eynəyi, əl kremləri, su və s. şeyləri özümüzlə götürdükcə çantalarımız ağırlaşdıqca ağırlaşır.
Çantamızı yüngülləşdirməyin və gərəksiz əşyaları daşımaqdan qurtulmağın yolu əslində çox sadədir. Yazımızı oxuyaraq boş yerə ağırlıq daşımaqdan qurtulacaqsınız.
Yüngül bir çanta seçin
Hər şeydən əvvəl çantanın öz ağırlığı əsas məsələdir. Bəzi çantaların öz ağırlığı belə çiyinlərimizi ağrıtmağa bəs edir. Bu səbəbdən çanta seçərkən ağırlığına diqqət etməli və daha yüngül materiallardan hazırlanmış çantaları seçməliyik. Süni dəridən hazırlanmış modellər, adətən, yüngül olduğu halda, həqiqi dəridən hazırlanmış çantalar daha ağır olur. Çanta seçimində estetiklik qədər sağlamlığınız barədə də həssas olmalı və yüngül modelləri seçməlisiniz.
Kiçik çantalardan istifadə edin
Çantalarımız nə qədər böyük olsa, içinə doldurduğumuz əşyalar da o qədər artır. Əlimizə keçən hər şeyi çantaya atdığımız üçün günün sonunda niyə bu qədər ağır olduğu sualını özümüzdən soruşuruq. Bu məqamda kiçik çantalar məhdud həcmləri ilə içinə qoyduğumuz əşyaları da məhdudlaşdıracaq və sadəcə vacib olan şeyləri içinə qoymağımıza səbəb olacaq.
“Organizer” istifadə edin
Əgər böyük çanta istifadə etməkdən əl çəkə bilmirsinizsə, bir “organizer” ala bilərsiniz. Bu sayədə çantanızın daha səliqəli olmasını təmin edə və içinə qoyduqlarınızı idarə edə bilərsiniz. Üstəlik çantanızda nəsə axtararkən dəqiqələrlə onu tapmaq üçün çalışmazsınız. “Organizer”lər bir çox çanta ölçüsünə uyğun bir şəkildə istehsal edilir. Siz də öz çantanıza uyğun boyu seçib həm daha səliqəli, həm də daha yüngül bir çantaya sahib ola bilərsiniz.
Makiyaj çantasına diqqət edin
Bir çoxlarımızın çantasını ağırlaşdıran ən böyük faktor “birdən lazım olar” deyərək özümüzlə götürdüyümüz böyük makiyaj çantalarıdır. Əgər həqiqətən o makiyaj çantasının içində olan bütün məhsullara hər gün ehtiyacınız olursa, onda buna sözümüz yoxdur. Amma bir çoxumuz makiyaj çantasını əlimizə keçdiyi üçün çantamıza atır və bütün bu ağırlığı gün ərzində daşıyırıq. Makiyaj çantanıza baxaraq sadəcə həqiqətən istifadə edəcəyiniz şeyləri yanınızda götürə bilərsiniz. Daha da yaxşısı çantanızda daşımaq üçün mini, çanta üçün nəzərdə tutulmuş məhsullar ala bilər və ya çoxfunksiyalı vasitələr istifadə edərək makiyaj məhsullarının sayını azalda bilərsiniz.
Çantanızı vaxtı-vaxtında təmizləyin
Bəzilərimiz çantamızda nə var deyə nəzarət etmədən, günlərlə eyni ağırlığı daşıyırıq. Halbuki, bəzən nəzarət etmək gərəksiz yerə daşıyacağımız yüklərdən bizi xilas edəcəkdir. Sadəcə həmin gün istifadə etmək üçün yanınızda götürdüyünüz bir əşya, dünən çantaya atdığınız bir kitab kimi bəzən çantanın içində unudulub qala bilir. Hər səhər evdən çıxmazdan qabaq çantanıza baxıb, özünüzlə gərəksiz bir əşya götürməməyə diqqət edə bilərsiniz.
Kiçik və yüngül bir pul qabı istifadə edin
Çantamızdakı ən ağır və eyni zamanda ən vacib əşya pul qabımızdır. Adətən böyük pul qabları istifadə etdiyimiz üçün içində saxladıqlarımız da bir o qədər çox olur. Alış-veriş qəbzləri, üzvlük kartları, bir kənarda unudulmuş vizit kartlar qoyduqca pul qabımız ağırlaşır. Kiçik bir pul qabı istifadə edərək bu gərəksiz yığını azalda və çantanızı yüngülləşdirə bilərsiniz. Əgər böyük pul qablarından əl çəkə bilmirsinizsə, onun içinə qoyduqlarınızı tez-tez nəzərdən keçirin və gərəksiz olanları çıxarın.