SOZ BAYRAMI 1

Sumqayıt yazarlarının “Söz çələngi”

Baxış sayı: 1. 231

Payızın ilk günlərində Sumqayıt yazarları “Söz – 2018” Poeziya Bayramına toplaşdılar. Sumqayıt şəhərində 1997-ci ildən təməli qoyulan “Söz” Bayramının bu dəfə açıq havada – Heydər Əliyev Parkında yerləşən Poeziya Evinin qarşısında keçirilməsi öz rəngarəngliyi ilə yadda qaldı.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn tədbiri giriş sözü ilə bölmənin sədri, istedadlı şair Gülnarə Cəmaləddin açaraq bu bayramın hər il təntənəli şəkildə keçirildiyini qeyd etdi.  Sabir Sarvanın ideya müəllifi olan “Söz” Bayramında sumqayıtlı yazarlar ürək sözlərini və şeirlərindən nümunələr söylədilər. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB-nin mətbuat xidmətinin katibi Xəyal Rza, tanınmış türk şairi və tərcüməçi İmdad Avşar, “Kimsəsiz uşaqların sosial müdafiəsi” İB-nin rəhbəri şair-publisist Lamiyə İsazadə, şair-dramaturq Nizami Muradoğlu, Sumqayıt Dövlət Universitetinin professoru, prezident təqaüdçüsü Həsən Sadıqov bayram münasibətilə bütün yazarları təbrik edərək onlara yeni yaradıcılıq nailiyyətləri arzuladılar. Sözün böyüklüyündən, gücündən danışan ziyalılardan professor, prezident təqaüdçüsü Həsən Sadıqov vurğuladı ki, gözlərimiz önündə ucalan Sumqayıt şəhəri son illərdə öz müasir siması ilə dünyada gözəl şəhərlər sırasındadır. Görülən abadlıq, quruculuq işləri Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun adı ilə bağlıdır. Ona görə də bu şəhər məhz öz yeniliklərinə görə bacarıqlı rəhbər Zakir Fərəcovun adı ilə tanınmalıdır. Bu təklifi alqışlayan ziyalılardan AYB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı Rəna Təbəssüm bildirdi ki, Sumqayıtın gözəl, təmiz şəhərlər sıyahısında öndə olmasında və inkişafında nümunəvi icra başçısı Zakir Fərəcovun əməyi danılmazdır. Qabarlı fəhlə əlləri ilə tikilən Sumqayıtın zəhmətkeşləri, xüsusilə ziyalıları bu gün müxtəlif sahələrdə qazanılan uğurları, şəhərdə görülən abadlıq, quruculuq işlərini təbliğ edəcək, doğma Sumqayıtın müasirliyini nümunə göstərəcəklər.

Tədbir iştirakçıları S.Vurğun adına kitabxananın təşkil etdiyi klassiklərin və yerli yazarların kitablarından ibarət sərgi ilə də tanış oldular. Sonda AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin möhtəşəm tədbirin ərsəyə gəlməsində iştirakı olanlara dərin minnətdarlığını bildirdi.

 

Rəna İmanova

AYB-nin üzvü

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir