Dogus

İcbari tibbi sığorta ana olmağa hazırlaşan xanımlar üçün hansı imkanları yaradır?

Baxış sayı: 1. 841

“Ana olmağa hazırlaşıram, artıq hamiləliyin 6-cı ayıdır, sözün həqiqi mənasında həkim və analizlərə, müalicəyə verilən pul bizi yıxıb sürüyür. Əldə olan nə varsa, elə həkimlərə gedir. Məndə bəzən başqa problemlər də yaranır ki, daha çox xərcimiz çıxır. Hələ birinci uşağımızdır, sağ-salamat doğulsun, iki-üçüncü uşaq fikirləşsək, bu uşağı saxlaya-saxlaya onları dünyaya gətirmək düşünürəm ki çox çətin olar”. Bu sözləri bizimlə söhbətində 3 aydan sonra ana olmağa hazırlaşan Aytən Mehdiyeva bildirdi. Müsahibimizin elə bu problemindən dolayı belə bir sual yarana bilər: İcbari tibbi sığorta ana olmağa hazırlaşan xanımlar üçün hansı imkanları yaradır? Maddi tərəfləri ilə yanaşı, başqa nə kimi faydası olacaq?

Axı ölkəmizdə İcbari tibbi Sığortanın tətbiqi sahəsində işlərə başlanılıb, iki ilə yaxındır ki, ilkin olaraq seçilmiş Yevlax, Mingəçevir və Ağdaş şəhərlərində pilot olaraq layihənin icrası həyata keçirilir. Növbəti ildən icbari tibbi sığortanın artıq bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Ona görə hər kəsi bu istiqamətdə maraqlandıran suallar çoxdur. Biz bu yazımızda ana olmağa hazırlaşan xanımları maraqlandıran suallara cavab tapmağa çalışacağıq.

İlk olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentliyin Tibbi Sığorta Departamentinin rəhbəri Vüqar Qurbanov “Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsinin şərtləri və qaydası müəyyən olunub, baza (əsas xidmətlər) zərfinə daxil olan tibbi xidmətlərin siyahısı, tibbi xidmətlərə görə tariflər təsdiq edilib. Pilot layihə çərçivəsində sığorta olunanlara tibbi xidmətlər həmin siyahıya uyğun növdə, həcmdə və şərtlərlə göstərilir. Hamiləlik dövründə ana və dölün sağlamlığının tam təminatı üçün baza zərfi çərçivəsində həkim tərəfindən təyin olunmuş bütün tibbi xidmətlər icbari tibbi sığorta tərəfindən qarşılanır.

Hətta əgər hamilə qadının hər hansı xəstəliyi mövcuddursa, baza zərfi çərçivəsində ona uyğun digər laborator və instrumental müayinələrə də təminat verilir. Yəni, doğuşa aid hər bir xidmət bura daxil olacaq, qeysəriyyə əməliyyatları da. Doğuş zamanı hər pasientin durumu fərqli olduğu üçün, göstəriləcək xidmətlər də dəyişə bilər. Məsələn, tutaq ki, hamilə qadın şəkərli diabetdir, ya ürək xəstəsidir. O zaman da əlavə xidmətlər göstərilir.

 

Tibbi ekspert Adil Qeybulla deyir ki, icbari tibbi sığorta paketinə ilk növbədə doğuş və təxirəsalınmaz tibbi yardım daxil edilməlidir: “Çünki təcili təxirəsalınmaz tibbi yardıma hər kəsin ehtiyacı olur. Həm cərrahi, həm terapevtik kəskin xəstəlikləri qeyd etmək olar. Məsələn, xəstə infarkt, kəskin apendisit, xolestitit və s. ola bilər. Yaxud yıxıla, avtomobil qəzası keçirə bilər və s. Bunlarda təcili yardım lazımdır. Sonra artıq zaman-zaman digər xidmətləri də əlavə etmək olar. Hamiləliyin izlənməsi prosesi də önəmlidir, ona görə ilk olaraq bunlardan başlanılmalıdır”.

A.Qeybullanın sözlərinə görə, icbari tibbi sığorta tətbiq olunduğu zaman hamiləlik davamlı olaraq izləniləcək və bu, ana və uşaq ölümlərinin sayının azalmasına gətirib çıxaracaq: “Bunun hamiləlik vaxtı çəkilən xərclərdən əlavə də əhəmiyyəti var. Hamiləlik dönəmi protokolla izlənməlidir. Təəssüf ki bizdə hamiləlik çox vaxt planlaşdırılmamış olur, hamilə qalır, sonra uşaq anadan olana yaxın həkim axtarırlar. Yanaşı da anada şəkərli diabeti, böyrək problem olanda vəziyyət ağırlaşa bilir. Hamiləliyin təqibi məhz buna görə lazımdır. Əgər doğuş zamanı təhlükə yaranırsa, birinci ananın xilasına çalışılır. Ona görə ilkin dövrdə monitorinqin önəmi çoxdur. Xəstələr tərəfindən hamiləliyin izlənilməsi çox da diqqətə alınmır. Beynəlxalq protokollar olsa, tətbiq edilsə, nəticədə ana və uşaq ölümlərinin sayı kəskin dərəcədə aşağı düşər”.

 

Ginekoloq Naibə Həsənova deyir ki, maddi cəhətdən sərf etmədiyi üçün bəzi hamilə xanımlar lazım olan bütün müayinələrdən keçə bilmirdilər. Bu da bəzi problemlərin vaxtında aradan qaldırılmasına mane olur: “Bizdə çox qadın hamilə vaxtı qadın məsləhətxanasına getmir, gedənlər də sənəd işləri üçün gedir. Hər xanımın vaxtında müayinəyə gəlməməyinin fərqli səbəbləri olur. Kimi internetdə oxuyub tətbiq edir, kimi təkrar doğuşu olur, elə bilir ki, hər doğuşu rahat olacaq, fərdi bir şeydir. Amma doğum prosesi izlənməli, təbii doğuşla, yoxsa qeysəriyə ilə olacağı müəyyənləşdirilməlidir. Bunun üçün də hamilə qadınlar mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar. Bu proses üçün də müəyyən qədər maliyyə gedir. Məsələn, ultrasəs müayinəsi. Dopler ultrasəs müayinənin qiyməti çox adamın cibinə uyğun olmur. Qiyməti 50 manatdan başlayır. Bu xidmət icbari sığorta paketinə daxil olsa, ailələr bunu rahatlıqla etdirərlər. Çünki bu müayinə daxil olsa, anadangəlmə qüsurlar, döldə nə isə problem olanda görmək olur”.

N.Həsənova deyir ki, süni mayalanma da icbari tibbi sığortaya daxil edilsə, bir çox ailələr üçün böyük kömək olar: “Sonsuzluq problemi indi böyükdür, ona görə sığortaya süni mayalanmanın da daxil olmağını istəyərəm. Çünki süni mayalanmanın ilk dəfədən tutmamaq şansı çox yüksəkdir. Bunu 3-4 dəfə edirlər. Uzağa getməyək, Türkiyə, Gürcüstan, Rusiyanı götürək. O ölkələrdə artıq 2-cidən sonrakının ya müəyyən hissəsini dövlət qarşılayır, ya da ümumiyyətlə pulsuz olur. Sonsuz ailələrin müayinə paketləri var, hormonlar, dərmanlar. Əsas maliyyəni o aparır. Onlar qarşılansa, çox yaxşı olar”.

 

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir