Leyla Sarabi

Ərinin telefonundan əl çəkməyən qadınlar üçün

Baxış sayı: 2. 294

Bugünlərdə feysbukda bir qrupa üzv oldum. Nəzərə çarpacaq qədər böyük qadın kütləsini bir araya toplayan bu qrupda hər gün xanımlar çoxsaylı paylaşımlar edirlər. Paylaşımların böyük hissəsini mətbəxdə kartof, soğan doğrayaraq, açdıqları canlı yayımlar tutur. Çıxış zamanı məişətdən, qaynana və baldızla aralarında yaşanan soyuq müharibədən, həyat yoldaşının mobil telefonunu koda qoymaqdan tutmuş, mağazada ərzaqların qiymətinədək hər şeydən söhbət düşür. Mən də, bu xanımlara öz aləmimdə yaxşılıq edib, maarifləndirici yazılarımdan paylaşmağa başladım. Üstündən bir neçə gün keçəndən sonra idarəçi məni qrupdan çıxartdı. Halbuki məqsədim bu ümidsiz ev qadınlarının informasiya aclığını az da olsa, yatırmaq idi. Çünki özüm də o yolu keçmişəm. Körpə uşaqla evdə dəqiqəmi saatıma satdığım günlər, sevdiyim kitabın bir cümləsini belə oxumağa vaxt tapmadığım zamanlar olub.

Feminist filan deyiləm, bu çox dərin anlayışdır. Üzərimə götürmək istəmədiyim böyük məsuliyyəti var, amma mən qadının tükənməyən gücünə inanıram və belə tez təslim olub, cəhalətə sürüklənməyini istəmirəm. Anam xəstə ikən vücudunun dözülməz ağrıları gözünə çöksə də, dodağına qondurduğu təbəssümü itirmirdi. Çünki o, qadın idi. Qadın isə güc deməkdir.

Feminizm demişkən, bir də, xaricdə təhsil alıb, bir az orda yaşayandan sonra özünü feminist adlandıran qadınlarımız var. Onlar da bir cür ümidsizdirlər. Öz aləmlərində qadın hüquqları, cinsi bərabərlik uğrunda mübarizə aparırlar. Bir neçə açıq-saçıq status paylaşıb, əllərində şərab və siqaretlə şəkil çəkdirirlər. Bununla da vəzifə yerinə yetirilmiş olur.

Bəs əslində feminizm nədir?

Sözün kökü “femina” latın dilində qadın deməkdir. Feminizm termini publisistikada ilk dəfə XIX əsrin sonlarında yaranıb. Elə o vaxtdan “kişilik” anlayışı ilə yanaşı, “femminlik” də istifadə edilməyə başlanıb. XX əsrin əvvəllərində bu cərəyan daha geniş vüsət alaraq öz seçki hüquqlarını tələb edən qadınlara aid olunmağa başlanıb. Avropa qadını var gücünü öz seçki hüquqları uğrunda mübarizəyə həsr edib. Məsələn, İtaliya öz qadınına səsvermə hüququnu 1948, Fransa isə 1951-ci ildə verib. Azərbaycan xanımı isə bildiyimiz kimi, 1918-ci ildən bəri səsvermə hüququndan yararlanır. Maraqlı təzad… Demək ki, Avropanın mərkəzində qadınlar özlərini sübut etmək üçün mübarizə apararkən, Azərbaycan xanımı artıq cəmiyyətdə layiqli yerini tuturdu. Hətta yaxınlarda bir fakt oxudum, günü bu gün qadınları ən çox zorakılığa məruz qalan ölkələr siyahısında ilk sıralarda İsveçin də adı var. Tənbəllik eləməyib, bir neçə isveçli xanımla əlaqə saxladım. Hamısı da faktı təsdiqlədilər. Yəni cinsi bərabərliyi elə kağız üzərində qalan Avropada hələ də qadınlar təcavüzə uğrayır.

Feminizimin ilk cizgiləri əslində gedib qədim dövrə çıxır. Antik yunan alimi Platon “Dövlət” əsərində kişilərlə yanaşı, qadınların da hakimiyyətə gəlməyində bir qüsur görmürdü. Düşünürdü ki, qadın kifayət gədər müdrik və savadlıdırsa, demək hüquqları da kişi ilə bərabər olmalıdır.

Planetin ilk feminist qadını, kişilərin qatı düşməni XVIII əsrdə yaşamış Meri Yostonkraft sayılır. Meri qadınların azadlığını təbliğ edən çoxsaylı əsərlərin müəllifidir. Ən qalmaqallı fikri isə “Qadınlar öz talelərilə bağlı sərbəst qərar verə bilərlər” olmuşdu. Buna görə xanım Yonstonkraft dəfələrlə təzyiqlərə məruz qalmışdı.

Feministlərin ikinci dalğası sahilə daha sərt çırpıldı. XX əsrin ortalarında səsvermə hüququ qazanan qadınlar indi də siyasətdə yaxından iştirak etmək istəklərini dilə gətirir, bununla da kifayətlənməyib, nümayişlərə çıxırdılar.

Beləcə zaman öz axarı ilə ötüb keçir, təqvimin yarpaqları xəzan yeli kimi yerə səpələnir, amma qadın hələ də cəmiyyətdə özünü sübut etməyə çalışır. Hətta hürr həyatına həsədlə baxdığımız Avropa qadınına belə, kişilər- “dirijor olmaq sənin işin deyil”- deyib, özgüvənini sarsıdır.

Başda da dedim, boyumu aşan dəryanın dibinə baş vurmaq deyil niyyətim. Tək istəyim, hər birimizin gözündə bir az gücdən, bir az eşqdən, lap bir damcı da olsa, zəkadan alovlanan o işığı görməkdir. Bundan özümüzü məhrum etməyək. Axı ərimizin telefonuna gələn mesajlarda itib-batmaqdan daha maraqlı məşğuliyyətlər, qaynana qeybətindən daha dəyərli söhbət mövzuları var. Tək sözü ilə zamanı durduran qadın, axı sən özünü tapmadan, gözəlliklər gəlib səni tapmayacaq.

 

 

Leyla Sarabi, “Publika.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir