ders

İbtidai sinif şagirdlərinin repetitora ehtiyacı varmı?

Baxış sayı: 1. 460

“Yaxın zamanların tədqiqatı göstərdi ki, praktiki olaraq ölkədəki hər üç şagirddən biri repetitorla məşğul olur”. Rusiya mətbuatı bu sözləri təhsillərinin gələcəyi üçün heç də qürur duymadan tirajlayır. Valideynlərdən birinin: “birinci sinifdə övladım cavan, təcrübəsi olmayan müəllimin sinfində oxuyurdu. Qiymət verilmirdi. Əvvəllər mən buna razı idim ki, qiymət qoyulmasın – əgər pis qiymət yazılarsa, bu, yəqin ki, uşağın psixikasına zərər yetirə bilər. İkinci sinfin əvvəlində aydın oldu ki, qızım hələ birinci sinif proqramını demək olar ki, mənimsəməyib və əlavə məşğələlərə ehtiyacı var. Sonralar bildim ki, sinfimizin hər üç şagirdindən biri repetitor yanına gedir. Proqramı yalnız ilyarımdan sonra mənimsəyə bildik” – sözləri bu sferada narahatlığa rəsmilərin də diqqətini cəlb edib.

Məlum olub ki, şagirdlərin yarısı bir neçə fəndən məktəb proqramını mənimsəyə bilmir və əlavə məşğələlərə ehtiyacları yaranıb. Nəticədə əgər əvvəllər repetitor yanına yalnız 10-11-ci sinif şagirdləri gedirdisə, indi valideynlər ibtidai siniflərdən uşaqlarına repetitor tutmaq məcburiyyətində qalırlar.

Əlbəttə, “ibtidai siniflərdə repetitor tutmaq mənasızdır” – uşaqlarını birinci sinfə göndərən valideynlərin bəzisi isə belə deyir. Görünür, belə valideynlər övladlarının hazırlığına sərf etməyə özlərində vaxt tapan və ya tədris prosesindən, fənlərdən anlayışı olanlardır. Digər tərəfdən, təcrübələr göstərir ki, uşağının dərslərinin hazırlığına vaxt tapmayan və ya təməl savadı müasir proqramla uyğunlaşmayan valideynlər çətinlik qarşısında qalırlar. Müəllimin sinifdə əlavə hazırlıq təklifi isə onların övladlarının təməldən yaxşı hazırlaşmaq istəyini dəstəkləyir. Bu sıraya “qonşudan qalma dala” prinsipi ilə repetitor yanına yollananları da əlavə etsək, artıq siyahının kütləviləşməsindən danışmaq mümkündür. Pedaqoqların isə öz mövqeləri var: «Müəllim uşaqlara ümumi proqramı öyrədir”.

Qonşu ölkənin azyaşlı vətəndaşlarının təhsili ilə bağlı qayğısı, əslində bizim də oxşar problemimizdir. Belə ki, bizim ibtidai sinifdə oxuyan uşaqlar üçün də repetitor tutmaq get-gedə ənənəyə çevrilir. Valideynlərə elə ibtidai sinifdə dərs deyən müəllimlər əlavə hazırlıq təklif edirlər. Təbii ki, ödənişli əsaslarla. Məktəblərin birində söhbətləşdiyim valideynlərdən təxminən bu sözləri eşitdim: “Xüsusən ikinci sinfin axırlarına yaxın repetitor yanına meyillər yaranır və 4-cü sinifdə artıq sinfin yarısından çoxu repetitorla məşğul olur”. Hətta valideynlər övladlarına repetitor tutmaq üçün əvvəlcədən pul yığmağa başlayırlar. Bəziləri elə düşünür ki, 1-3 sinif proqramını mənimsəmək o qədər də çətin deyil. 4-cü sinifdə isə səylə məşğul olmaq, elə bu sinifdəcə övladının hansı fəndən daha fəal olduğunu öyrənmək lazımdır. Bəziləri isə elə birinci sinifdən övladlarını əlavə təhsilə yönləndirirlər.

Maraqlıdır, valideyn uşağına əlavə hazırlığın lazım olub-olmadığını necə müəyyənləşdirir? Onun min bir zəhmətlə qazandığı pulunu əbəs yerə xərcləmədiyinə kim təminat verir? Ümumiyyətlə, kütləvi surətdə repetitor tutmağa səbəb nədir: təhsilin keyfiyyətinin aşağı düşməsimi? Bəlkə səbəb uşaqların dərs oxumağa həvəssizliyi və ya qavrayışlarının zəif olmasıdır? Bəlkə valideynlərin təkəbbürü buna səbəb olur? Ya bəlkə ibtidai siniflər üçün nəzərdə tutulan proqramın tədrisində çatışmazlıqlar var?

Məsələyə münasibətdə təhsil ekspertlərinin fikirləri uşaqları az yaşda əlavə yükdən qorumaq baxımından üst-üstə düşür.

Uşaq dərslərdən dincəlməlidir

Uşaq dərsliklərinin müəllifi Rafiq İsmayılov ibtidai siniflərdən repetitor yanına tələsməyin müxtəlif səbəblərinin olduğunu deyir. Belə ki, bir çox hallarda valideyn bilmir ki, birinci sinfə gedən uşağının hazırlığı ilə necə məşğul olsun: “Yəni valideyn bilmir ki, onu hansı səviyyədə hazırlayıb birinci sinfə gətirmək lazımdır. Bəzən uşaq dərsdən geri qalır. Valideyn də məcbur olur ki, uşağa əlavə repetitor tutsun”. Ekspertin fikrincə, digər bir səbəb dərsliklərlə bağlıdır: “İbtidai siniflər üçün dərsliklər daha çox bacarıqlar üzərində qurulur. Məsələn, Azərbaycan dili dərsliyində dinləmə, danışma və s. bacarıqlar öyrədilir. İndiki valideynlər də ənənəvi köhnə proqramla dərs keçmiş valideynlərdir. Onlar öyrəşiblər ki, sinifdə uşaqlara sait-samitlər, dil qaydaları və s. haqqında çoxlu tapşırıqlar verilsin. Bunu görməyəndə elə hesab edirlər ki, uşaqları dərsdən geri qalır. O cümlədən, görəndə ki uşaq vurma cədvəlinə yaxşı cavab vermir, hesab edirlər ki, hazırlığı aşağı səviyyədədir. Ona görə də uşağı repetitor yanına aparırlar».

Ekspert hesab edir ki, əgər müəllim proqramlar və standartlar əsasında tədrisi düzgün qurursa, uşağa sosial və öz fənni ilə bağlı bilik və bacarıqları mənimsədə bilirsə, ibtidai sinifdə uşaqların repetitor yanına getməyə ehtiyacı olmayacaq. Yalnız xüsusi hallarda, məsələn, uşağın bəzi qüsurları varsa, o zaman əlavə olaraq psixoloqa və ya loqopedə ehtiyacı yarana bilər. Müsahibimiz qeyd edir ki, siniflərdə uşaq sayının çoxluğu da problem yaradan amillərdəndir: «Bu da ona gətirib çıxarır ki, hər bir valideyn hesab edir ki, uşağı sinifdə seçilməlidir. O çalışır ki, övladı sinifdə birinci olsun. Bu baxımdan məsələnin obyektiv və subyektiv səbəbləri var ki, bu da valideyndən, müəllimin yanaşmasından asılıdır”. R.İsmayılov hesab edir ki, uşaqların ibtidai sinifdəykən uşaqlığının əlindən alınması düzgün deyil: “Uşaq evdə daha rahat olmalı, dərslərdən dincəlməlidir”.

Valideynlər bir-birinə baxaraq…

Əməkdar müəllim Almaz Həsrət ölkəmizdə ibtidai təhsil sahəsində baş verən yenilikdən söhbət açaraq bildirdi ki, artıq son illər uşaqlar öncə məktəbəqədər bağçalara və sonra da məktəbəqədər hazırlıq qruplarına gedirlər. Bu, uşaqların ilk addım atacaqları 1-ci sinfə adaptasiyası üçün müəyyənləşdirilmiş bir işdir və müsbət tərəfləri də çoxdur: “Ailədən gələn uşaqlar əksər hallarda sinifdə yoldaşları ilə sərbəst ünsiyyət qura, sinifdə özlərini doğru idarə edə bilmədiklərindən, məktəbəqədər hazırlığın yaranması təqdirəlayiq bir addım oldu. Həmin hazırlıq qruplarında uşaqlara 1-ci sinfin materialları, dərslər keçirilmir. Yalnız ilkin məktəb mühitinə hazırlıqla əlaqədar işlər aparılır. 1-ci sinfə qədəm qoyan uşaqlar artıq ibtidai təhsil pilləsində şagird adını daşıdığından yaş səviyyələrinə uyğun təhsilin məzmununa dair dərslər keçməyə başlayırlar. Təbii ki, bu da ilk olaraq doğma dilimizin əlifbası və ilkin riyazi biliklərin mənimsənilməsi üçün rəqəmlərin yazılışı-oxunuşu ilə əlaqədar dərslərin keçirilməsi ilə baş verir”.

A.Həsrət Rusiyada ibtidai təhsildə uşaqların əlavə olaraq müəllim yanına getməsinin kütləvi hal daşıması fikri ilə razı deyil: “Bu yalnız və yalnız bəzi valideynlərin şəxsi təşəbbüsü ilə əlaqəli bir iş sayılır. Yəni valideyn görəndə ki övladı ilə evdə məşğul ola bilmir və ya təlimin məzmunundan məlumatsızdır, uşaqlarına əlavə müəllim tutur. Bunu da təbii ki, tək imkanlı  valideynlər deyil, digər sosial kateqoriyalardan olan ailələr də edirlər”. Əməkdar müəllim ibtidai siniflərdən başlayaraq repetitorluğun Azərbaycanda getdikcə kütləviləşməyə başladığını təəssüf hissi ilə qeyd edir: “Əksər ibtidai sinif müəllimləri az qala bütün sinfi əlavə məşğul olmaq üçün dərsdən kənar saxlayır. Bütün sinfi saxlamaqla, sanki hamısının təhsil keyfiyyətinin yüksəlməsinə nail ola bilər. Valideynlər də bir-birinə baxaraq öz uşaqlarının sinifdə əlavə məşğul olmasına razılıq verirlər. Burada həm müəllimin, həm də valideynin yalnız özlərini düşündükləri görünür. Şagirdləri elə ilk ibtidai sinifdə dərsdən əlavə olaraq saxlamaqla, əlavə misallar etdirib, çox sayda hərflərin yazılışını təkrar-təkrar etməklə böyük uğura malik olmaq mümkün deyil. Uşaqları yoruruq yalnız. Uşaqları yüklədikcə, onlar artıq məktəbə qarşı sevgilərini də unudurlar. Daim məzmunla bağlı məşğuliyyətdə olduqları üçün, normal istirahətdən uzaq qaldıqlarından, artıq həmin uşaqlar məktəbə getmək belə istəmirlər. Sanki məktəb onların bütün istəklərini unutdururmuş kimi, məktəbə qarşı antipatiyaları yaranır”.

Ekspertin fikrincə, bu cür halların qarşısının alınması üçün öncə ibtidai təhsillə məşğul olan müəllimlərin özlərinin empatiyalarını artırmaq gərəkdir: “Doğrudur, bu dediklərim bütün ibtidai sinif müəllimlərinə aid deyil. Ancaq əksər ibtidai sinif müəllimləri dərs prosesində reallaşdıra bilmədiyi proqramlarını əlavə hazırlıq adı altında uşaqların əlavə məşğul olması yolu ilə həyata keçirməyə çalışırlar. Bəzən də əksər valideynlər övladlarının yanında çox ola bilmədikləri (işləri ilə əlaqədar), ailədaxili problemlər, yeni təhsil məzmunundan məlumatsızlıq səbəblərindən əlavə məşğuliyyəti böyük həvəslə qəbul edirlər. Bunun üçün də ilk növbədə ibtidai sinif müəllimi gündəlik olaraq 45 dəqiqəlik mövzusunun proqramını tam olaraq sinifdə çatdırmalı, uşaqlara əlavə yüklü materiallar verməməlidir”. A.Həsrətin fikrincə, valideynlər uşaqları ilə daha çox vaxt keçirməli, yaş səviyyələrinə uyğun məzmuna dair rəsm çəkmələrinə, cizgi filmlərinə baxmalarına şərait yaratmalıdırlar: “Sinifdə geri qalan şagird olarsa, yalnız o zaman müəllim əlifbadan, riyaziyyatdan əlavə dəftərdə yazı qaydalarını təkrar yazmağı tapşıra bilər. Ancaq əlavə müəllim yanına göndərilməsinə yol vermək olmaz. Çünki “uşaqlar bizim gələcəyimizdir” deyiriksə, öncə onlar cəmiyyətin beyni yüklü deyil, sağlamlığı mükəmməl vətəndaşları kimi böyüməlidirlər”. Ekspert hesab edir ki, uşaqların idmana meylləri, dinləmə və mütaliəyə maraqları artırılmalıdır: “Bu işdə öncə ibtidai sinif müəllimləri və valideynlər özləri fəal olmalıdırlar. Ondan sonra əsl sağlam nəsil yetişdirmiş olarıq”.

“Repetitor xəstəliyi”nin daha da yayılmaması, gələcəkdə məktəbəhazırlıq siniflərinə də yoluxmaması üçün bizdə də tədbirlər görülməsinə ehtiyac var. Xüsusən də bu, təkcə uşaqların bilikli olmaları, proqramı tam mənimsəmələrinə deyil,  dəbə çevrilməyə və ya sadəcə müəllimlərin “iştahlarını” artırmağa yönəlirsə, daha ciddi tədbirlərə ehtiyac var…

 

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir