ULVI MIRZ'YEV

Tibb üzrə fəlsəfə doktoru: “Sinə nahiyəsində ağrı 10-15 dəqiqə davam edirsə…”

Baxış sayı: 1. 843

Ürək bədənimizdə ən vacib orqanlardan biridir, sağlamlığımız üçün onun qeydinə qalmalıyıq.  Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru, tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzəyev müsahibəsində ürək xəstəlikləri, ürək ağrıları, cərrahi əməliyyatlar və ürək xəstəliklərinin profilaktikası ilə bağlı ətraflı danışıb.

 

– Bu gün ən çox yayılan ürək xəstəlikləri hansılardır?

– Bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox yayılmış ürək xəstəliyi ürəyin işemik xəstəliyidir. Bu xəstəlik ürəyin tac damarlarının müxtəlif səbəblərdən daralması və tıxanmasıdır. Bu xəstəliyin ilkin diaqnostikasında müxtəlif müayinələr istifadə olunsa da, son təsdiqləyici müayinə koronar angioqrafiyadır. Xalq arasında bu müayinəyə “anju” deyilir. Biz angioqrafiyada damarın şəklini çəkirik. Damarda hansı problemin olduğunu, nə cür müdaxilənin lazım gəldiyini görürük və onun vəziyyətindən asılı olaraq xəstələri 3 qrupa ayırırıq. Birinci qrup sadəcə dərman müalicəsi tələb olunan xəstələr; ikinci qrup damarın daralmış yerinə stend tətbiq olunmasının tələb olunduğu xəstələr; üçüncü qrup açıq cərrahiyyə aparılacaq xəstələrdir. Xəstəxanada bu üç qrup üzrə müalicə mövcuddur. Xəstələr burada yatdığı müddətdə onların medikamentoz müalicəsi təyin olunur. Eyni zamanda, həmin xəstələr üçün burada müxtəlif reabilitasiya tədbirləri görülür. İstəyirik ki, xəstələrimiz buradan sadəcə olaraq müalicə alıb getməsinlər, burdan getdikdən sonra bir vətəndaş olaraq, sağlam bir fərd olaraq cəmiyyətə yenidən qayıtsınlar. Ona görə biz onların həm fiziki reabilitasiyası ilə məşğul oluruq – bu ürək fəaliyyətinin artması üçün lazım olan fiziki məşğələlərdən ibarət olan tədbirlərdir, həm də onlara psixo-sosial dəstək göstəririk. Bizim hər bir xəstəmizlə psixoloq görüşür, onlarla söhbət edir, onların dərdini başa düşməyə çalışır və onlara müxtəlif çözümlər məsləhət görür.

– Ürək xəstəliklərinin səbəbi nədir?

– Ümumiyyətlə, ürək xəstəliklərinin çoxlu növü var və hər bir xəstəliyin müxtəlif səbəbləri olur. Anadangəlmə ürək problemləri, uşaqlıqda keçirdiyi hər hansı bir revmatik hadisə ola bilər. Amma revmatik xəstəliklər üzündən yaranan ürək xəstəlikləri daha nadir görünür. Çünki revmatik xəstəliklər getdikcə azalır. Amma ən çox görülən xəstəlik ürəyin işemik xəstəliyidir. Bunun da əsas səbəbi aterasklerozdur. Yəni, damarın sərtləşməsi, damarın içində plaklar əmələ gəlməsi, damarın tədricən daralması və tıxanmasına səbəb olur. Bu da tədricən ürəyin zədələnməsinə gətirib çıxarır. Aterasklerozun səbəbi isə müxtəlifdir. Hesab olunur ki, bunda genetik faktorlarun rolu böyükdür. Ürək xəstəliklərinin inkişafında irsi faktorların da rolu var. Lakin ürəyin işemik xəstəliklərinin inkişafında həyat tərzi və bir sıra zərərli vərdişlər, eləcə də yanaşı gedən bəzi xəstəliklərin rolu var. Həyat tərzinin düzgün olmaması dedikdə artıq çəki, qeyri düzgün qidalanma, xüsusilə yağlı qidalara üstünlük verilməsi, hərəkətsizlik nəzərdə tutulur. Həmçinin zərərli vərdişlərdən, xüsusilə siqaret ciddi damar xəstəliklərinin yaranmasında rol oynayır. Yanaşı xəstəliklər yüksək qan təzyiqi, şəkərli diabet daha çox ürək xəstəliklərinin yaranmasına təkan verir. Sadəcə, bir məsələni diqqətdə saxlamaq lazımdır ki, kimdəsə saydığımız bir-iki faktorun olması ürək xəstəliyinin yaranması demək deyil. Sadəcə, bu faktorların sayı artdıqca xəstəlik riski daha da artmış olur. Məsələn, bir adamda əgər nəsildə ürək xəstəliyi varsa, özündə xolesterin yüksəkdirsə, əlavə olaraq siqaret çəkirsə, ürək xəstəliyi riski yüksəkdir. Ürək xəstəlikləri ilə mübarizədə ən yaxşısı öncədən profilaktik tədbirlər görməkdir.

– Buna necə nəzarət etməli və həkimə nə vaxt müraciət etməliyik?

– Əslində, bizdə xəstəliyin simptomları əmələ gələnədək həkimə getmək mədəniyyəti formalaşmalıdır. İnsanlar xəstəlik yarananda deyil, yaranmadan həkimə müraciət etməlidirlər ki, biz onları müayinə edək. Müayinə zamanı həmin şəxslərdə hipertoniya varsa, müdaxilə edib təzyiqi optimal səviyyələrə düşürürük. Xəstənin şəkəri aşkarlanıbsa, endokrinoloqumuz tərəfindən müalicə təyin olunur ki, şəkərin səviyyəsi yüksəlməsin. Xəstənin zərərli vərdişləri varsa, biz onunla bu haqda danışıb tədbirlər görürük ki, siqaret çəkməsin, xlorestilini yüksəkdirsə, bunun səviyyəsini düşürən dərmanlar veririk. Müəyyən profilaktik müayinələr lazımdır, stres test olunmalı, exo kardioqrafiya tətbiq edilməli, kardioqrama çəkilməlidir. Ən idealı budur: biz xəstəliyin qarşısını alaq. Xəstəlik artıq başlayıbsa, bu, özünü müxtəlif əlamətlərlə göstərəcək. Əsas əlamət ürək ağrısıdır, amma sinə nahiyəsində olan hər ağrı ürək ağrısı deyil. Ürək ağrısının xarakterik əlamətləri var: Daha çox sinə sümüyünün arxasında olar, yandırıcı, göynədici ağrıdır, ağrı yayılandır, xüsusilə çiyinlərə – daha çox sol çiyinə, sol qola, bəzən sağ çiyinə, kürəyə yayıla bilər, çənəyə, dişlərə belə ağrı verə bilər. Stabil xəstələrdə bu, daha çox hərəkətlə əlaqəlidir. İnsan intensiv yeridikcə, o ağrılar artar. Pilləkən qalxanda, yoxuşa çıxanda ağrılar özünü göstərər.

Amma bəzən kəskin ürək xəstəliyi olan insanlarda bu, hərəkət etmədən də sakit halda olduqları zaman ola bilər. Ürək ağrısı bir neçə saniyə deyil, davamlı olur. Sinə nahiyəsində ağrı 10-15 dəqiqə davam edirsə, bu, artıq ciddi siqnaldır ki, təcili yardıma müraciət etsinlər.

Ən çox olan şikayətlərdən biri də təngnəfəslikdir. Təngnəfəslik istirahət halında, hərəkət halında da ola bilər. Xüsusən ürək çatışmazlığı olan xəstələrdə uzananda boğulma hissləri yarana bilər. Yol yeridikcə ciddi təngnəfəslik olur, əvvəl olmayan dərəcədə olur. Ürək döyüntüləri, huş itirmələr də ürək xəstəlikləri əlamətlərinə aiddir.

Sinə nahiyəsində olan ağrıların ancaq bir neçə faizi ürəyə aiddir. Çoxu ürəklə əlaqəli deyil, adi bağırsaq qazı belə sinə nahiyəsindəki ağrıya səbəb ola bilər. Mədə problemləri, diafraqma yırtığı, döş sümüyündə, qabırğalarda, əzələlərdə, oradakı sinirlərdə olan proseslər bu ağrını verə bilər. Əzələ iltihabı, ağciyər problemi də döş nahiyyəsindəki ağrıların səbəbi ola bilər. Sinə nahiyəsində ürəyə aidiyyatı olmayan ən geniş yayılan ağrılar panik disfunksiya, panik atak dediyimiz xəstələrdə olur. Daha çox nevrogen xarakterli ağrılardır. Altda yatan üzvü bir problem yoxdur. Bu ağrı ürək xəstəliyi ilə bağlı olmasa da, bu o demək deyil ki, onlar əziyyət çəkmirlər.

Amma orqanik bir patalogiya yoxdur, daha çox sinir mənşəli bir ağrıdır və bunun müalicəsi ilə psixonevroloqlar məşğul olmalıdır.

– Ürək tutmaları, ağrıları zamanı nə kimi köməklik göstərmək lazımdır?

– Əgər sinə nahiyəsində 15-20 dəqiqədən uzun sürən göynədici ağrı varsa, boğulma hissi ilə müşaiyət olunursa, sinənin sümüyünün ortasında çox şiddətlidirsə, yayılırsa, bu, ürək ağrısıdır və böyük ehtimalla kəskin koronar sindromdur və infarkt ola bilər. Ürək ağrısı zamanı uzanmaq, istirahət etmək lazımdır. Əgər xəstə uzana bilirsə, uzananda boğulma hissi çox yaranmırsa, uzana bilər. Ağrı zamanı bir “Aspirin” çeynənilə bilər. Əlinin altında varsa, “Nitroqliserin” tabletkası uzanıqlı vəziyyətdə dilinin altına qoyula bilər. Nəzərə alın ki, ürək ağrısı zamanı dərhal, ilk növbədə təcili yardıma müraciət etmək lazımdır.

– Xəstə ürək ağrılarına “dərman içərəm, düzələr” deyib yanaşar, həkimə müalicə üçün getməzsə, bu, necə nəticələnər?

– Müalicə etmədikdə, xəstəlik inkişaf edir, ağırlaşır, əvvəl sadəcə ürək damarında problem varsa, damar tam tutulursa, infarkta səbəb olur, ürəyin əzələsində problemlər yaranır. İnfarkt əmələ gəldikdən sonra onun ciddi letallığı var, yəni həyatın sonu ilə nəticələnə bilər. Nəticələnməsə belə, müalicəsiz infarkt olursa, bu, insanda əlillik yarada bilər. Həyat keyfiyyəti düşər, yaşam müddəti azalar, yaşadığı müddətdə də əziyyətli yaşayar. Ona görə də, mütləq xəstəliyin önlənməsi, profilaktika hər şeydən vacibdir. Xəstəlik yarananda da ən doğrusu,xüsusi ixtisaslaşması olan xəstəxanalara müraciət etməkdir.

– Anadangəlmə ürək qüsurları valideynləri narahat edən məsələlərdən biridir. Bu gün anadangəlmə ürək qüsurları uğurla aradan qaldırılırmı?

– Anadangəlmə ürək qüsurları elədir ki, ana bətnində artıq onun diaqnozu mümkündür. Ona görə bununla bağlı müvafiq tədbirlər görülə bilər. Elə uşaqlar var ki, onların qüsurları düzəlmir. Yəni, onlar doğulduqdan sonra əməliyyata, müalicəyə baxmayaraq yaşaya bilmirlər. Konsiliumla onların doğulmasının qarşısı alınır. Elə ürək qüsurları da var ki, çox sadədir, bəsitdir. Bəzilərinin heç müalicəyə ehtiyacı yoxdur, bəzilərinin əməliyyatı çox asandır. Bəzilərinin əməliyyatı çətin də olsa, bizim ölkədə bu əməliyyatlar müvəffəqiyyətlə aparılır. Belə əməliyyatları müdaxiləvi yolla da, açıq yolla da xəstəliyin növündən asılı olaraq aparmaq mümkündür. Ürək xəstəliklərinin müalicəsində bir komanda işləyir. Bu komandada həm kardioloq, həm müdaxiləvi invaziv kardioloq, həm açıq ürək cərrahiyyəsi ilə məşğul olanlar, həm də anestezioloqlar, həm pediatrlar, həm uşaq kardioloqları, həm də uşaq anestezioloqları işləyir. Uşaqlarda anadangəlmə ürək qüsurlarının olması məsələsində ilk növbədə valideyinlər diqqətli olmalıdırlar. Əgər uşaq yaşıdları ilə müqayisədə inkişafdan geri qalırsa, tez yorulursa, bir az hərəkət edən kimi göyərirsə, xüsusilə ağız nahiyəsində, bu zaman müəyyən ilkin yoxlamalar lazım ola bilər. Yeni doğulanlarda da çox ağlayanda göyərmə normal sayıla bilər, lakin davamlı olarsa, uşaq kardioloqunun müayinəsi lazım olur. Bəzi ürək qüsurları heç əlamət vermir və daha gec yaşlarda müayinə zamanı təsadüfən ortaya çıxır.

– Son zamanlar energetik içkilər dəb halını alıb, amma bu içkilərin sağlamlığımız üçün fəsadlarının olduğu barədə faktlar var. Energetik xəstəliklər infarkta səbəb ola bilərmi?

– Bəzi tədiqatlar onu göstərir ki, energetik içkilər üzündən bəzi idmançılarda qəfil, ani ölüm baş verib. Amma energetik içkilərin infarkta, ölümə səbəb olması təsdiqlənməyib. Bununla bağlı bir tövsiyə yoxdur ki, içilsin, ya içilməsin. Mənim fikrimcə, energetik içkilər faydalı bir şey deyil. Xüsusilə çox içiləndə, spirtli içkilərlə qarışdırıldıqda ciddi problemlərə yol aça bilər.

– Ürək xəstəliklərinə tutulmamaq üçün oxucularımıza nə məsləhət görürsüz?

– Sağlam həyat tərzi, düzgün qidalanmaq, çoxlu hərəkət etmək, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Yadda saxlayın ki, hərəkət həyatdır, hərəkət hər şeyin dərmanıdır. “Az yemək, çox yerimək” şüarını əsas tutun. Təəssüflər olsun ki, Azərbaycan mətbəxi çox ləziz və kalorilidir, az yemək həmişə mümkün olmur. Yemək məsələlərində yağlı, ət yeməklərinə az yer verməli, daha çox tərəvəzlərə, meyvələrə üstünlük vermək lazımdır. Çox yeyirik və bəzən həyat tərzimizlə, işimizlə, bəzən də tənbəlliyimizlə əlaqəli az hərəkət edirik. Bu məsləhətlərə riayət etsələr, xəstəlik ehtimalı az olar.

 

AYNURƏ MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir