uz

Qeyri-adi psixoloji problemlər

Baxış sayı: 1. 440

Psixi sağlamlıq insanın əqli vəziyyəti, davranışlarının tənzimlənməsi, eləcə də sosial və bioloji amillərin təsiri ilə xasiyyətinin düzgün formalaşması ilə xarakterizə olunur. Lakin bəzən insanlar müxtəlif səbəblərdən meydana çıxan fərqli sindromlardan əziyyət çəkir və psixoloji problemlərlə üzləşirlər.

İnsan psixologiyasında qeyri-adi sindromlara rast gəlinir.

 

Kapqras sindromu

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunub. Bu sindrom əlamətlərinə görə paranoid şəxsiyyət pozuntusu hesab edilir.

Həmin sindromdan əziyyət çəkənlər insanlar, heyvanlar və ya əşyalara qarşı yadlaşma hissi keçirirlər. Problem səbəbindən anlamaq qabiliyyətləri zəifləyən bu xəstələr ətrafdakı insanları, hətta ailə üzvlərini belə tanımaqda çətinlik çəkirlər, Xatırlaya bilmədikləri insanlardan uzaqlaşır və əlaqəni kəsməyə cəhd edirlər. Buna səbəb həmin insanların onlara zərər verə biləcəyini düşünmələridir. Bəzən isə daha ağır situasiyalar meydana çıxır. Kapqras sindromu olanlar aqressivləşir. Onlar bu vəziyyətdən uzaqlaşmaq üçün bəzən intihara da cəhd edirlər. Xəstəliyin əsas xüsusiyyəti “duyğu” ilə “görüntü” arasındakı uyğunluğun pozulmasıdır. Bu pozuntunu bəzən “mənfi oxşar cəfəngiyyat” da adlandırırlar. Psixiatriyada xüsusi sindrom sayılan bu problemdən əziyyət çəkən şəxs yaxınlarını və ya onun özünü hansısa bənzərinin əvəzlədiyini düşünür. Hətta etdiyi xoşagəlməz hərəkətlərin bənzəri tərəfindən törətdiyini iddia edir. Bu xəstəliyin iki tipi mövcuddur. Autoskopik tipdə xəstə oxşarını canlı olaraq gördüyünə əmin olur. Tipik Kapqras sindromunda isə xəstə oxşarının görünməz olduğunu deyir.

Bu cür qeyri-adi sindromlardan biri də erotomaniyadır. Bu sindromdan əziyyət çəkənlər isə ətrafdakıların və hətta hər hansı məşhur simanın onlara aşiq olduğunu düşünürlər. Xəstələrə elə gəlir ki, ətrafdakı hər kəs onlara heyrandır. Məşhurlar isə onlara diqqət göstərir, media vasitəsilə gizli mesajlar göndərir və telepatiya yolu ilə onlarla ünsiyyət qurur.

Maraqlı psixoloji problemlərdən olan reduplikativ (ikili) paramneziya və ya ikili oriyentasiya sindromunda xəstələr özlərinin daha bir nüsxəsinin olduğuna düşünürlər. Onlar özlərinin eyni anda bir neçə yerdə ola biləcəyinə inanırlar. Bu xəstələr bəzən üçüncü şəxs kimi özünü kənardan izlədiyini də deyir. Məsələn, o özü yatarkən bənzərinin işə getdiyini, evdə sağlam şəkildə oturarkən eyni anda xəstəxanada koma halında yatdığını iddia edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir