“Qadınlar görürlər ki, əks tərəf birgə nikah dövründə əldə olunan əmlakı sıradan çıxarmağa başlayır, başqa qadınla həyat tərzi sürürlər”. Bu sözləri son dövrlərdə ölkəmizdə boşanmaların artmasından danışarkən vəkil İradə Cavadova deyir.
Onun bildirdiyinə görə, boşanma zamanı bəzi kişilər 100 minlik maşın sürdüyü halda, əmlakını qohum-əqrəbanın adına keçirib, işsiz olduğunu deyir:
“Bununla övladı üçün 136 manat aliment təklif edir. Nəticədə qadın övladı ilə birlikdə tamamilə müdafiəsiz qalır. Kişi isə həyatına davam edir, başqa qadınla yaxud qadınlarla yaşamağa meylli olur. Bu, maddi imkanı bir qədər yaxşı olan kişilərə aiddir. Tendensiya belə davam edir.
Elə qrup qadınlar da var ki, öz ayaqları üzərində durub, bu yükü daşımaq istəmirlər. Elə ailələr var ki, kişi işləmək istəmir, qadının hesabına yaşamağı üstün tutur. Belə ailələrdə adətən övlad dünyaya gələndən sonra ailə münasibətləri dağılır, nikah pozulur.
Maddi və mənəvi cəhətdən normal yaşayan ailələrdə də boşanma halları artıb. Bu ondan irəli gəlir ki, qadınlar çətinliyə dözmək istəmir, müstəqil olmağa çalışırlar. Boşanmalar tək gənc ailələrdə yaşanmır. Bir qisim insanlar birgə nikaha daxil olduqda adaptasiya dövrünə tab gətirə bilmir, 1-3 ildən sonra boşanmaya üz tuturlar. Əslində bu hallarda valideynlərin, yaxın dostların, qohumların da günahı var ki, onları barışdırmır, bu müddətdə köməklik göstərmirlər. Xırda problemlərə görə, boşanmaya üz tuturlar.
55-60 yaşında insanlar da boşanmaya üz tutur. Əksəriyyəti isə kişinin başqa, daha cavan qadınla ailə qurmaq istəyinə görə baş verir. Praktika boşanmaların səbəbləri kimi bunları aydın göstərir”.