pilot

Azərbaycanın ilk pilot modeli: “Qızlar mənimlə sevgili olmaq üçün tələbəm olur”

Baxış sayı: 1. 948

Pilot kimi fəaliyyətə başlayan azərbaycanlı model, “Best model of Azerbaijan-2004”-ün qalibi İlqar Əliyev “Yeni Müsavat”a müsahibəsində pilotluq sənətindən, modellik sahəsində olan problemlərdən və şəxsi həyatından danışıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

 

– Pilot kimi fəaliyyətə başlamısınız. İllər sonra təhsilini aldığınız sənətə dönüş etmək istəyi necə yarandı?

– Mən bu sahə üzrə təhsil almışam. Lakin modelliyə olan həvəsim məni öz peşəmdən ayrı salmışdı. Bu yaxınlarda eşitdim ki, müsabiqə elan edilib, baş vurdum. Universiteti 10 il əvvəl bitirdiyimə baxmayaraq öyrəndiklərimi unutmamışdım. 20 imtahandan keçdim, yenidən bizə təhsil verdilər. İlk uçuşlarım uğurla keçdi. Artıq yük təyyarəsinin pilotuyam.

 

– Dediniz ki, 20 imtahan vermisiniz. Sizin üçün ən çətini hansı imtahan oldu?

– Hamısı çətin idi. Meteorologiya imtahanı var. Müxtəlif hava şəraitlərini öyrənirsən. Aviasiyanın öz ingilis dili var, ondan da imtahan verirsən. Təyyarənin bütün detallarını öyrənməli, düyməcikləri yadda saxlamalısan. Təyyarənin qəza şəraitində özünü xilas etmə, suda boğulmadan xilas olma, dostunu qəza zamanı xilas etmə və s. da bizə öyrədilib. Asan imtahan yoxdur. Əsas odur ki, müvəffəqiyyətlə öhdəsindən gəldim. Bu işdə təzəyəm. öÖyrəndiklərimi daha da təkmilləşdirəcəyəm.

 

– İlk uçuş görüntülərinizi sosial şəbəkədə paylaşmışdınız. Reaksiyalar necə oldu?

– Ölkənin ilk pilot modeliyəm. Bəlkə də, dünyada mənim kimi pilot-model yoxdur. İnsanlar maraqla qarşıladı. Əvvəllər bir şəklimə 400 bəyənmə gəlirdisə, indi 1500 “like” gəlir. İnsanlardan gözəl münasibət gördüm. Bu fəxr ediləsi addımdır. Mənim kimi adam dünyada yoxdur. Xaricdə həm görünüşümə, həm peşələrimə görə mənə xüsusi diqqət ayırırlar.

 

– Bir az da illər öncəyə qayıdaq. Modellik fəaliyyətinizə necə başladınız?

– Modellikdən öncə teatr və futbolla məşğul olmuşam. Məktəbdə oxuyanda tamaşalarda rol alırdım, Gənc Tamaşaçılar Teatrında çalışırdım. 11-ci sinifdən teatra getmədim. Pilot olmaq istəyirdim. Universitetə qəbul olandan sonra futbolla məşğul olmağa başladım. Yay ayları idi, tətilə getmişdim. Dostum zəng etdi ki,  “Best model of Azerbaijan”ın seçimləri başlayıb, biz də qatılaq. Birlikdə baş vurduq, seçimlərə qatıldıq və birinci oldum. Beynəlxalq yarışmaya getdim. Dostum isə dördüncü oldu, hazırda Amerikada yaşayır. Böyük şirkətin rəhbəridir. Hər dəfə zəng edir ki, gedib yanında yaşayım. Amma razılaşmıram, Azərbaycanda görəcəyim çox iş var. O olmasaydı, həyatım fərqli istiqamətdə davam edəcəkdi. Bir növ vəsilə oldu. 2004-cü ildən bəri modellik sahəsindəyəm, özümün model məktəbim var. İşimi sevərək davam etdirirəm.

IMG_6028.JPG (1.28 MB)

– 2004-cu ildə modellik ailələrin dəstəklədiyi sahə deyildi. Sizin modellik istəyinizi ailəniz necə qarşıladı?

– Bəlkə də qız olsaydım, ailəm razı olmazdı. Oğlan olduğum üçün dəstək oldular. Həm də mən uşaqlıqdan teatrda çalışmışam, ailəm mənə daim dəstək olub. Mənim fəaliyyətə başlamağımla qalibiyyətim eyni vaxta düşdü. Ailəm də yanımda oldu.

 

– Əvvəlki kimi modelliyə barmaqarası baxılır, yoxsa, o striotiplər qırılıb?
– Məncə, qırılıb. Daha model xanıma yüngül, əxlaqsız kimi baxmırlar. Daha heç kim üç gün kursa, ya yarışmaya gəlib, sonra demir ki, sevgilim qoymur, ailəm razı deyil. Çox zaman məktəbimizə tələbələr valideynləri ilə gəlir. Valideyn hər şeylə maraqlanır, mənimlə tanış olur. Görür ki, düzgün adamam, övladını etibar edir.

 

– Modellik sahəsi bizdə yeni-yeni inkişaf edir. Yarışmalara baxanda çatışmazlıqları görməmək mümkün deyil. Xüsusilə, model kriteriyalarına uyğun olmayanların birinci seçilməsi bu sahədəki problemləri bir daha üzə çıxarır.

– Sizinlə razıyam. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bizdə inkişaf son illər başlayıb. Hələ yeni-yeni xanımlar problemsiz model olmağa üz tuturlar. Dünya təcrübəsində qaydalar daha sərt olsa da, bizdəki problem kriteriyaları aşağı salmağa məcbur edir. Hər hündürboy xanımı ailəsi model olmağa imkan vermir və ya özləri maraq göstərmir.

Digər problem isə müsabiqələrdə pulla və ya tanışlıqla birinci seçməkdir. Qeyri-peşəkarlar indi model biznesinə girişib. Düşünürlər ki, bu sahədə pul var, bir-iki müsabiqə təşkil edək, yaxşı pul yığaq. Onları modellik sahəsinin  inkişafı maraqlandırmır. Əslində modellik dünyada önəmli sahədir, insanlar həm milyonlar qazanır, həm də gözəl işlər, moda gecələri təşkil edirlər. Bizdə isə hələ ki, bu işi sevən azdır. Mən isə qarşıma məqsəd qoymuşam. Sevimli peşəmi daha da inkişaf etdirəcəyəm. Niyə də dünyaca önəmli və məşhur dəfilələrdə bizim modellər iştirak etməsin? Onları podiumda görmək xoş olmazmı?

IMG_6030.JPG (1.26 MB)

– Moda sahəsinin inkişafı üçün hansı yenilikləri etmək fikriniz var?

– İldə bir–iki dəfə uşaqlar üçün müsabiqə keçiririk. Mənim model məktəbim var, 200-ə yaxın tələbəm var. Uşaqlara səhnə mədəniyyəti, kamera ilə işləmək, düzgün yerimək öyrədirik. Sonra onlar özlərini sınasın deyə yarışlar keçirik. Biz tək model yetişdirmirik. Dikdabanda yeriyə bilməyən xanımlar gəlirlər. O qədər podiumda yeridirik ki, artıq öyrəşirlər. Sonra belində problem olan uşaqlar gəlir.  Baxırsan ki, bir çiyni yuxarı, biri aşağıdır, beli əyridir. Amma müəyyən dərsləri keçəndən sonra beli düzəlir. Müalicəvi köməyimiz də olur.

Bundan sonra böyüklər üçün də müsabiqələr keçirəcəyik. Moda və modellik sahəsinin inkişafına çalışıram. Daha böyük işlər görmək istəyirəm. 15 ilə yaxındır ki, bu sahədəyəm. Düşündüm ki, niyə ilk peşəkar addımı atan mən olmayım?

Artıq valideynlər qızlarını modellikdən uzaq salmağı düşünmür, əvvəlki çərçivələr qırılıb. Bu da modellik sahəsinin daha da inkişafı deməkdir. Məktəbimizdə qiymətlər də münasibdir. Uşaqlarla işləmək çətin olduğu üçün 100 manatdır. Bəylər daha  rahat pul qazana bilir deyə onlara da ödənişi 100 manat qoymuşuq. Amma 14 yaşdan yuxarı xanımlar üçün 50 manatdır. Çünki bir xanımın maaşının bir hissəsini sevimli məşğuliyyətinə yatıracağı real görünmür. Qiymət aşağı olanda xanımlar daha çox meyl göstərir.

 

– Noyabrın sonunda “Best model of Azeraijan” müsabiqəsi keçiriləcək. Siz də münsiflərdən birisiniz…

– İllər öncə qalib olduğum müsabiqənin jürisiyəm. Artıq iştirakçılarla tanış olmuşam. Birinciliyə layiq modellərimiz var. Çünki əsas birincilikdir. Burada tək gözəllik, xarici görünüş önəmli deyil. Həmin insanın danışıq qabiliyyəti, savadı, mədəniyyəti olmalıdır. Haradasa ölkəni təmsil edəndə adımızı ucalda bilməlidir.

 

–  Gənc xanımlarla çalışırsınız. Sırf sizi bəyəndikləri üçün məktəbinizə yazılan xanımlar olub?

– Olub. Tanış olmaq, dostlaşmaq, ya da sevgili olmaq üçün məktəbimə yazılırlar. Mən bunları nəzərə alıram. O xanımlara elə münasibət göstərirəm ki, dostlaşırıq. Sevgi və ya bəyənilmə hissi dostluğa keçir.

IMG_6015.JPG (1.56 MB)

– Son vaxtlar tez-tez rastlaşırıq. Tanınmışlar efirdə sürət həddini aşmaqları ilə fəxrlə danışırlar.  Və ya nə zamansa narkotik istifadəçisi olmasını aşkar etiraf edirlər. Minlərlə izləyicisi olan tanınmışların bu cür etiraflar etməsinə münasibətiniz necədir?

– Təbii ki, çox pisdir. Modelliyə  gələn insan mənə, müğənniliyə başlayan insan hər hansı müğənniyə baxır, ondan nümunə götürür. Biz ictimai insanıq. Bir tanınmış necə deyə bilər ki, mən yol hərəkəti qaydasını pozuram? İndi mən təyyarə sürürəm, başlayım özümü “öyməyə”? Biz danışığımız, hərəkətlərimiz, əxlaqımız ilə nümunə olmalıyıq.

 

– Keçən dəfə status paylaşmışdınız ki, elə bilirlər ki, modelsənsə, savadsız və başıboşsan.  Əslində iradınız kimlərə idi?

– Çox insan düşünür ki, modeldirsə, savadsızdır, ona görə model olub. Allah mənə boy verib, yaraşıq verib. Amma tək bunu əsas götürüb, yaşaya bilmərəm. Çünki yüzlərlə insanla danışırıq. Özümüzü düzgün ifadə etməli, mədəniyyətimizlə seçilməliyik. Bu insanlıq borcumuzdur, peşəyə aidliyi yoxdur.

 

– Son sualım isə şəxsi həyatla bağlı olacaq. 34 yaşlı İlqar Əliyev nə zaman ailə quracaq?

– İlk dəfə sizə açıqlayıram. Üç il öncə ailə qurub, boşanmışam. Şəxsi həyatımı danışmağı sevmirəm. İnşallah qismət olarsa, yenidən ailə quraram. Çünki uşağım olmasını çox istəyirəm. Uşaqlarla çalışan biri olaraq, onların hər xasiyyətini öyrənmişəm. Düşünürəm ki, məndən yaxşı ata olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir