Bu yaxınlarda amerikalılar 50 il müddətində sağlam hesab etdikləri ərzağın siyahısını yenidən gözdən keçirərək rəsmi pəhriz məsləhətlərini dəyişdirməli olublar.
İndi onlar deyirlər ki, əvvəllər sağlam hesab edilən qidalar diabet yaradırmış. Bu isə o deməkdir ki, ilk növbədə insan gərək savadsız dietoloqlara deyil, öz orqanizminin səsinə qulaq assın.
Əgər “sağlam” qidalanırsansa, səhərini duzsuz qayğanaqla başlayıb, şamda soyutma toyuq döşü yeyirsənsə, sənə pis xəbərimiz var. Çünki bu cür qidalananlar üçün iri xəstəlik “buketi” qapıda hazır dayanıb: piylənmə, ürək xəstəlikləri və diabet. Üstəlik, səhərlər tünd qəhvə içib ət qızartması yeyənlərə də lağ edirsənsə, daha pis, onların bəxti səndən daha yaxşı gətirib.
ABŞ-da yeni pəhriz məsləhətləri dərc edilib, burada çox maraqlı məqamlar var.
“Amerikalıların tam iki nəsli pəhriz məsləhətlərinə uyğun olaraq qidalanıb, onların nəticəsi isə kliniki olaraq təsdiq edilməyib”, – ABŞ-ın sağlamlıq, sağlam həyat və qidalanmadan yazan iri mətbuat orqanları haray çəkirlər.
Nə dəyişib?
Ən əsası – qidalanmada piyin aşağı həddə olması məsləhəti tam fiaskodur. Sənədin yeni versiyasında deyilir ki, qidadakı xolesterinin qandakı xolesterinə heç bir aidiyyəti yoxdur. Deməli, çox nahaq yerə insanlar düz 50 il yumurta sarısı və qaraciyər yeməkdən məhrum ediliblər.
Pəhriz məsləhətlərinin dəyişməsi həyatın müxtəlif sferalarına – orta məktəbdə qidalanma proqramından tutmuş kliniki dietoloqların işinə qədər – təsir edəcək.
Bəs necə olub ki, illərlə yağlı əti qeyri-sağlam qida hesab etmişik?
“New York Times” yazır ki, burada qida sənayesinin “rolu” böyükdür: yəni onlara aşağı yağlı məhsulu satmaq daha məqsədəuyğun və sərfəli idi.
Amma əsas səbəb budur ki, əvvəlki məsləhətlər çox zəif sübutlar üzərində qurulmuşdu. Həmin sübutlar müşahidə, epidemioloji xarakterli tədqiqatlar nəticəsində alınmışdı, hadisələr arasındakı səbəb-nəticə əlaqələrinin təsbitinə deyil, sadəcə assosiasiyaya köklənmişdi.
İllərlə qidada yağın miqdarını azaltmaq sağlamlıq üçün ağır nəticələnə bilər. Əgər yeməyinizdən yağı kəsirsinizsə, avtomatik olaraq orqanizminizin karbohidratlara olan tələbatını artırırsınız. Yəni, əvvəllər sağlam qida sayılan buğda, yarma, tərəvəz məhsullarına üz tutursunuz. Son 50 il ərzində yağlı məhsulların istehlakı 25% azalıb, karbohidratların istehlakı isə 30% artıb.
Son tədqiqatlara görə isə bu cür, yəni karbohidratlarla qidalanma stili piylənmənin, ürək xəstəliklərinin artmasına daha çox rəvac verir, nəinki yağlı qida.
Hazırda yeni pəhriz məsləhətlərinin formalaşdırılması ilə məşğul olan komitə yağsız əti sağlam qida siyahısından çıxarmağı, qırmızı və emal edilmiş ətin istehlakını azaltmaq tendensiyasını dayandırmağı təklif edir. Yəni artıq məktəb bufetlərindən yağsız ət tamamilə yığışdırılacaq.
Bütün bunlar isə o deməkdir ki, gərək orqanizminə daha çox güvənəsən, yəni bədənin nə istəyirsə, onu da yeyəsən. Ən yaxşısı isə əcdadlarımızın istifadə etdikləri pəhrizə qayıdasan: dənli bitki və şəkərdən bir az uzaq durub heyvani qidalardan – ət, yağ və yağlı süd məhsullarından yeyəsən.
Hər pəhrizə aldanmayın!