valideyn

Təhdidlə böyüdülən uşaqlar gələcəkdə hansı psixoloji problemlər yaşayır?

Baxış sayı: 1. 611

“Əgər yeməyini yeməsən, evdən çıxıb gedəcəm, sənin anan olmayacam”, “tez elə yat, yoxsa xortdan gələcək”, “axşam atan gəlsin, görərsən, elədiyini ona deyəcəm”, “divarları bir də yazsan, polis çağıracam səni aparsın”, “əgər ananın sözünə baxmasan, Allah səni cəhənnəmdə yandıracaq”, “elə etmə ki, səni uşaq evinə qoyum”, “ölməyimi istəyirsən?”…

Etiraf edək ki, valideyn olaraq hər birimiz “çilədən çıxdığımız” an bu ifadələrdən ən azı biri ilə övladımızı təhdid etmişik.

Hamımız  uşaqlarımızı ən yaxşı şəkildə tərbiyə etmək, böyütmək istəyirik. Ancaq bunu edərkən fərqli tərbiyə üsulundan istifadə edirik. Bəzilərimiz uşaqların tərbiyəsində yumşaq və səmimi tərbiyə üsulunu seçiriksə, əksəriyyətimiz onları təhdidedici, sərt qanunlarla böyütməyə  üstünlük veririk. Təhdidmi, sevgimi? Uşağı hansı üsulla tərbiyə etmək daha yaxşıdır? Təhdidin uşağın psixologiyasına təsiri necədir? Təhdidlə, qorxular altında böyüyən uşağın sonu necə olur?  Suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik…

 

Tərk edilmə qorxusu ilə yaşayan uşaqlar

Psixoloq Könül Mikayılzadə bizimlə söhbətində bildirdi ki, valideynlərin uşaq tərbiyəsində etdiyi ən önəmli xətalardan biri uşağı təhdid etməkdir: “Basqı, yaxud təhdid yoluyla uşağın davranışını dəyişdirməyə çalışmaq edilə biləcək ən böyük xətadır. Əgər valideyn –  ata, ya da ana uşağını qorxudaraq nəyisə etməyə vadar edirsə, həmin uşaqda qorxu yaranır. Belə uşaq adətən qorxduğu üçün bir şeyi həyata keçirir. Məsələn, məktəbdə dərslərini qorxduqları üçün yaxşı oxuyurlar. Məcburiyyətdən qorxu yaranır. Ya da uşağı nədənsə məhrum saxlayırlar. Bu, tam yanlış metodikadır. Uşaqların tərbiyə sistemində problemlərin yaranmasına gətirib çıxarır. Məsələn, gələcəkdə uşaqlarda tez-tez əl yumalar, yaxud kütlə içində olmaqdan bir az yayınmalar, ünsiyyətdən çəkinmək, qorxu hissi yaranır. Əslində qorxunun yaratdığı problemlər özünü gələcəkdə göstərir. Yəni uşaq vaxtı əgər bir valideyn uşağı qorxudarsa, bu,  yeniyetməlik dövründə bir çox psixoloji pozuntularla özünü büruzə verir. Məsələn, iyrənmələrlə, qeyri-adi düşüncələrə, yaxud qohumlarının, yaxın adamlarının ölüm xəbərini eşitdikdə tədirgin olmalarına gətirib çıxarır. Belə uşaqlar böyüyəndə də içlərində qorxu hissi olur. Məsələn, 30-40 yaşları olsa belə, qapını bir neçə dəfə yoxlayırlar ki, birdən evə oğru girər və s. Əgər psixoanalitiklərlə söhbət etsələr, belə insanların uşaqlığının kökündə mütləq qorxu müşahidə ediləcək. Uşaq vaxtı “səni uşaq evinə qoyub gedəcəyəm”, “sənin anan olmayacağam”la böyüyən uşaqlar ömrü boyu tərk edilmə qorxusu ilə yaşayacaq. Belələri ailə qurarkən həyat yoldaşının nə vaxtsa onu tərk edəcəyindən qorxduğundan ona bağlılıq yaranır. Yaxud hər zaman uşağını itirmək qorxusu ilə yaşayır. Hər şeyin bir kökü var. Əslində böyük insanların yaşadığı psixoloji problemlərin əksəriyyətinin kökündə uşaqlıqda yaşadıqları, velideynlərinin sərgilədiyi düzgün olmayan tərbiyə sistemi durur. Hər şeylə qorxudulan uşaqlar bir müddət sonra tək qala bilməyən, bir yerə tək getməyə qorxan, özlərini ifadə edə bilməyən, özünə güvəni olmayan insana çevrilirlər. Təhdidlər gələcəkdəki hadisələrlə əlaqəlidir. Uşaqsa olduğu anı yaşayır. Bu səbəbdən uşağın gələcəkdə edə biləcəkləri ilə bağlı təhdidlər onun davranışlarını düzəldə bilməz”.

 

Sevgi ilə böyüdülən uşaqlar cəmiyyətə daha yararlı olur

Müsahibimizin sözlərinə görə, uşaq qorxudularaq, təhdid edilərək yola gəlməz: “Övladlarımızı sevgi ilə, anlayışla, mülayim davranışla tərbiyə etməliyik. Bir var, uşağa deyirik, “yalan danışma, yalan danışsan, belə olacaq, filan şeyi edəcəm”. Bir də var, yalan sözünü dilə gətirmirsən, deyirsən ki, “doğrunu danışmaq lazımdır”. Sevgiylə böyüdülən uşaqların  psixologiyaları qorxu altında böyüdülən uşaqların psixologiyasından fərqli olur və cəmiyyətə daha yararlı uşaqlar kimi yetişirlər. Valideynlər xüsusilə 6 yaşa qədər təhdid metodikasından uzaq durmalıdırlar.

 

Cəza və şantaj fərqli anlayışdır

Psixoloq Narınc Rüstəmova təəssüflə bildirdi ki, valideynlərin bir çoxu uşaqları ilə münasibətlərini şantajla, yaxud şərt kəsərək tənzimləyirlər: “Ancaq bilmirik ki, kölə üsyan edəndə birinci öz ağasına qarşı edir. Xüsusən uşağı qorxudaraq, təhdid edərək böyüdürüksə, inanın, o, üsyanı 12 yaşdan sonra birinci bizə edəcək. Məhz uşaqlıqda etdiyimiz tərbiyənin nəticəsidir ki, bu gün yetkinlik yaşına çatmış uşaqlarda psixoloji pozuntular baş alıb gedir”.

Müsahibimiz islam dinindəki cənnət və cəhənnəm, mükafat və cəza anlayışı ilə uşaq tərbiyəsindəki tərbiyə metodu arasında maraqlı müqayisə apardı: “Kim əvvəlcədən cəhənnəmə, yaxud cənnətə gedəcəyini bilir? Hara gedəcəyimizi yalnız dünyamızı dəyişəndən sonra biləcəyik. Burada əslində gözəl bir mexanizm var. Öncədən cəhənnəmə gedəcəyimizi bilsək, olduğumuzdan da pis adam olarıq. Yaxud “cənnətə gedəcəyəm” deyib, arxayınlaşarıq. Bunu uşağın tərbiyəsinə köçürək. Əgər cəzanı öncədən desək, onu şantaj etmiş oluruq. Məsələn, valideyn deyir ki, “əgər oxumasan, səni gəzməyə aparmayacağam”. Bu, cəza deyil, şantajdır. Öncədən deyilən söz şantaj sayılır. Amma bir də var, uşaq dərsini oxumaq istəmir, müqavimət göstərir. Nə edirik? Dərs oxumaq saatı bitdikdən sonra deyirik ki, “bax, mən səni çağırdım, istədim bir yerdə oxuyaq, sən oxumadın, müqavimət göstərdin. Gah qarnının ağrıdığını, gah su istədiyini dedin. Dərsini oxumadığına görə biz bu gün gəzintiyə getməyəcəyik”. Yəni cəzanı sonda veririk, proses olandan sonra verilən cəza, cəza sayılır. Ancaq öncədən deyəndə bu, şantajdır. Biz bir şeyi düzəldərkən, başqa  bir şeyi korlamamalıyıq”. N.Rüstəmovanın sözlərinə görə, cəza üsülunu da düzgün seçməliyik: “Yatmağı, yaxud həkimə aparmağı cəza üsulu kimi göstərməməliyik. Araşdırsaq, görərik ki, böyüyəndə qorxuları olan uşaqların əksəriyyətini valideyni  uşaq vaxtı qorxudub. İndi də problem yarandığından həyəcan yaşayırlar ki, “həkimdən qorxur”. Niyə? Çünki valideyn bu vaxta qədər “həkim gəlib iynə vurar” kimi sözlərlə uşağını təhdid edib. Yaxud “xoxan gəlib səni aparar, yeyər”, “səni uşaq evinə ataram”, “ana ölər, qalarsan anasız” kimi sözlərlə uşaqda itirmə qorxusu yaradıblar. Bunlar cəza deyil, belə tərbiyə üsulu olmaz. Körpəlikdən uşağı bu cür tərbiyə edəndə 12 yaşdan sonra bunların hamısını özümüzə qaytaracaq, zaman keçdikcə, o, bizi şantaj etməyə başlayacaq: “Mən dərsimi oxuyuram, sən mənə planşet almalısan”, “mən bunu edirəm, sən məni filan yerə aparmalısan, yaxud pul verməlisən” kimi qarşımıza davamlı şərtlər qoyacaq. İstədiyini keçirə bilməyəndə isə qarnının, başının ağrıdığını, xəstələndiyini deyəcək. Buna görə də uşağı qorxu, təhdidlə böyütməməyə çalışmalıyıq. Cəza və şantaj arasında dağlar qədər fərq var. Cəhənnəm-cənnət məsələsi kimi, uşaq da bilməməlidir ki, yanlış davranış olanda valideyni onu cəzalandıracaq. Uşaq bunu biləndə yalanlar artır, özünü sığortalayır, ananın yanında eləmir, nənənin yanında eləyir, atanın yanında olanda edir, amma ana ilə olanda etmir. Buna görə də şərait yaratmalıyıq ki, uşaq özü düşünsün, analiz etsin. Uşaq hər bir situasiyaya düşə bilər. Narkoman da ola bilər, ətrafında pis adamlar da ola bilər və bu adamlar onu yanlış yerlərə yönəldə bilər. Buna görə çalışmalıyıq ki, uşağımız balacalıqdan düzgün seçim etməyi bacarsın, doğru hərəkətin nə olduğunu bilsin və etsin”.

 

Bir uşağın ziyanı

Mütəxəssis bu gün ailələrdə bir, ən yaxşı halda iki uşağın olmasının pis nəticələrə gətirib çıxardığını deyir: “Uşaqların sayının az olması bu gün evimizi yıxıb. Əgər valideynlərin bir uşağı varsa, bütün arzularını bir uşağın üzərində cəmləyir və buna görə daim onu himayə edir. Uşağı həyətə çıxmağa qoymur ki, səni oğurlayarlar, qaraçılar aparar. Uşaq üçün davamlı bir qorxu mənbəyi yaratdığımızdan uşaqda dünya qorxusu yaranır. Sonra da psixoloqa aparmağa, müalicə etdirməyə başlayırıq. Amma profilaktik tədbiri vaxtında görsək, psixoloqa ehtiyacımız olmaz”.

 

Lalə MUSAQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir