Azərbaycanda bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablar və polietilen torbalardan tədricən imtina edilməsi istiqamətində işlər aparır – o cümlədən mağazalarda müştərilərə pulsuz verilən sellofan torbaların da gələcəkdə ödənişli olması ilə bağlı məsələ müzakirədədir.
Səbəb kimi göstərilir ki, əgər həmin sellofan torbalar pullu olarsa, müştərilər ondan az istifadə edərlər. Nəticədə ekoloji mühit çirklənmədən xilas olar. Nazirliyin apardığı bu işlə bağlı müxtəlif mövqelər var. Lakin ümumilikdə ekspertlər hesab edirlər ki, atılan addımlar ekoloji mühitin qorunması baxımından müsbətdir.
Bu gün Azərbaycana sintetik materialdan hazırlanan geyimlər də gətirilir ki, onların da insan orqanizminə zərəri heç də az deyil. Xüsusilə də açıq bazarlarda ucuz qiymətə satılan bu geyimlər daha çox uşaqlara üçün təhlükəlidir. Bəs bu məsələ ilə bağlı reyd aparılırmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, insanlar üçün sintetik məhsuldan hazırlanan üst geyimləri bir o qədər də təhlükəli deyil: “Ətraf mühiti çirkləndirən, rəngləri çıxan geyimlər əlbəttə ki, təhlükəlidir və bundan uzaq olmaq lazımdır. Lakin istehlakçı inamı deyilən bir şey var. İstehlakçının münasibətləri fərqlidir. Məsələn, biri mənə zəng edib ki, brend cins şalvar almaq istəyirəm, qiyməti çox yüksəkdir. Bu cür məsələlərə mənim yanaşmam fərqlidir. Əgər üst geyiminin rəngi çıxmırsa, sintetiki almaq olar. Yəni məsələni bu qədər qabartmaq lazım deyil ki, hər geyim təhlükəlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı işə gəlincə isə bu məsələ çoxdan öz həllini tapmalı idi. Hesab edirəm ki, inzibati yolla bu məsələni həll etmək mümkün olmayacaq. Sadəcə olaraq istehlakçılar arasında ciddi şəkildə maarifçilik tədbirləri görülməlidir. Məsələn, ”Azərsun” şirkəti özünün mağazalar şəbəkəsində torbalarının qalınlığını azaldıb və üzərinə yazıb ki, yaxşı olar ki, istehlakçılar çit torbalara keçsinlər. Bu, yaxşı haldır. Yavaş-yavaş istehlakçıların özləri bunu dərk etməlidirlər. Geyimlərlə bağlı insanlar arasında fikir var ki, pambıq, yun geyimlər yaxşıdır. Lakin bu geyimlərin belə özlərinin çatışmayan tərəfləri var. Körpələr üçün, alt paltarı kimi pambıq geyimlər məsləhətlidir. Lakin ütülü saxlamaq , tez əzilmənin qarşısını almaq üçün sintetik üst geyimləri, heç də pis deyil. Əgər rəngi çıxmırsa, pis qoxu gəlmirsə sintetik məhsuldan hazırlanan üst geyimlərini qorxmadan istifadə etmək olar”.
Əli RAİS