ev

Ev alanda nəyə fikir vermək lazımdır?

Baxış sayı: 1. 435

İllər keçdikcə xəyalını qurduğumuz evin görünüşündən tutmuş, rənginə, həyətindəki ağacına kimi ən xırda detalını belə beynimizdə formalaşdırırıq; böyük həyəti, geniş otaqları, nəhəng tavanı olsun və sair. Nəhayət, ev almaq məqamı yetişir ki, bu zaman reallıqla üzləşməli oluruq.  Belə ki, tərəzinin bir gözünə pulumuzu, digərinə isə xəyalımızı qoymaq məcburiyyətində qalırıq. Qiymətlər və maddi vəziyyətimiz bir-birini tamamlamır.

 

 “Təmirsiz ev istəyənlər daha çoxdur”

Yaz və yay ayları evlərin alqı-satqısında ən aktiv dövr hesab olunur. Alıcılar onları rahat edəcək, büdcələrinə uyğun ev axtarırlar. Ev sahibləri isə, adətən, evlərini dəyərinə və ya qiymətindən artıq  satmağa cəh edirlər. Nəticə etibarilə hər iki tərəf razı qalır və ortaq qərara gəlirlər.

Alıcılar ev alarkən əsasən şəraitə önəm verirlər. Qiymət razılaşmasında da bu nəzərə alınır. Məsələn, təmirli və ya təmirsiz olması, əsas yola çıxışı, həyətyanı sahəsi, mənzərəsi, yerləşdiyi yer və s. Burada yaş kateqoriyasına əsasən istəklərlə yanaşı, tələblər də dəyişir. Yaşlı insanlar ev seçimi zamanı məsafəyə xüsusi diqqət yetirirlər, çünki əsas yoldan kənar olduqda nəqliyyat problemi yaranır ki, ahıl bir adamın uzun məsafəni qət etməsi olduqca çətinlik yaradır. Gənclər üçün bu elə ciddi problem deyil. Onlar, adətən, şəhər mərkəzinə yaxın yerlərdə və mənzərəsi gözəl olanı seçməyə üstünlük verirlər. Mənzilin geniş olması və otaqların azlığı onları qane edir. Belə evlər həm də az əşya tələb edir.

Ailəli insanlar isə ev seçiminə fərqli prizmadan yanaşırlar. Yəni evin uşaqlara münasib olması, sağlamlıq cəhətdən əlverişliliyi, genişliyi və s. Məsələn, uşağınız allergiyadan əziyyət çəkirsə, çalışmaq lazımdır ki, ev nəmişlik, kifli olmasın, əks halda, uşağınızın səhhətinə ciddi zərər dəyə bilər.

Ailəli şəxslər əsasən həyətyanı sahəsi olan evlərə ehtiyac duyurlar. Onlar üçün önəmli olan rahatlıqdır. Yeni evlilərdə isə vəziyyət başqadır. Onlar müəyyən mərkəzlərə yaxın (alış-veriş, kino, restoran, park və s.) yerlərə üstünlük verirlər.

Məsələ ilə bağlı dəllal Elvin Qasımovun fikirlərini öyrəndik. Onun sözlərinə əsaslansaq, ev alıcılarının əksəriyyəti 35-40 yaş arasındakı şəxslərdir və onlar yaşayış üçün həyət evlərini seçirlər. Yeni ailə quran və cavanların tələbatı isə bina evlərinədir: “Cavanlar yeni tikilmiş və orta mərtəbədən, 2-3 otaqlı bina evləri axtarırlar. Yuxarı mərtəbədən mənzil almırlar”. Qiymətlərə gəldikdə, Elvin Qasımov dedi: “Bizə müraciət edənlər yüksəktəmirli və ya təmirsiz ev istəyirlər. Aralarında təmirsiz ev istəyənlər daha çoxdur. Bu evlər alıcıya ucuz başa gəlir”.

 

“Evim sağlam dirəklər üzərində olsun”

Evin rahatlığı sakinlərdən asılı olsa da, evin özü də sağlam dirəklərdən ibarət olmalıdır. Sağlam və təhlükəsiz yaşamaq istəyirssinizsə, ev seçərkən önəmli detalları nəzərinizdən qaçırmamalısınız. İstər həyət evi, istərsə də bina, fərqi yoxdur, aldığınız əmlakla bağlı ətraflı məlumat almalısınız. Təməli zəif olan tikililərin təbii fəlakətlər zamanı davamlı olmayacaqdır. Nümunə üçün qardaş Türkiyədə baş verən zəlzələləri və yaranmış fəlakətləri göstərə bilərik. İnsan itkisinin çoxluğuna səbəb evlərin davamsızlığı olmuşdur.

Ev alan zaman çalışmalısınız ki, hər şey qanuna uyğun şəkildə aparılsın. Çünki sonda istəmədiyiniz problemlərlə üzləşməli olacaqsınız. Qanuni sənədlər dedikdə rəsmi müqavilə və evin sizin adınıza keçirilməsi ilə bağlı rəsmi sərəncam  nəzərdə tutulur. Bundan əlavə, keçmiş ev sahibinin kommunal borclarının olub-olmamasını da araşdırın. Sonradan müvafiq orqanlar qapınızı döyəndə təəccüblənməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir