Yəqin ki, yazının başlığını görənlərin əksəriyyəti “yarım saat” nəzəriyyəsi həyatınızı necə dəyişə bilər sualı ətrafında düşünməyə başladı. Məqsədlərə çatmaq üçün olan bu üsul çox sadə görünsə də, həqiqətən, işləyir. Maraqlı olacağını nəzərə alıb, bu nəzəriyyəni təqdim edirik:
ABŞ-ın 30-cu prezidenti Con Kulic belə deyirdi: “Heç nə əzm və iradəni əvəz edə bilməz, nə istedad, nə dahilik, nə təhsil. Dünya istedadlı və dahi, təhsilli uğursuz insanlarla doludur. Ancaq əzmli insanlar hər şeyə qadir ola bilir. İnsanlığın problemlərini həmişə inadkar olub yolundan dönməyən insanlar həll edib və edəcək”.
Bütün uğursuzluqların əsas səbəbi səbrin çatışmazlığıdır. Reallıq budur ki, uğur vaxt tələb edir. Daha böyük uğur daha çox vaxt tələb edir. Riçard Brenson bir gecəyə milyoner olmayıb. Madonna bir səhər pop-musiqisinin kraliçası kimi oyanmayıb. Devid Bekhem superfutbolçuya bir neçə məşq sayəsində çevrilməyib.
İstənilən vəziyyətdə istənilən insan üçün çalışan bir hiylə var. İnsanların çoxu onun haqda yaxşı bilirlər, amma heç vaxt istifadə etmirlər. O, “yarım saat nəzəriyyəsi” adlanır.
Bu nəzəriyyə nədən ibarətdir?
Hər hansı bir məşğuliyyətə hər gün yarım saat vaxt ayırın, o işi etməyi öyrəndikcə işi çətinləşdirin. Məsələn, bu, o mənaya gələ bilər ki, siz hər gün kitab oxumağa yarım saat ayıra bilərsiniz. Bu hesabla bir ilə təxminən 24 kitab oxuyub bitirəcəksiniz.
Gün ərzində yarım saatı hansısa xarici dili öyrənməyə və ya başqa faydalı bacarıqlar öyrənməyə həsr edə bilərsiniz. İlin sonunda bu, altıhəftəlik tam kurslara bərabər olacaq.
Yarım saat nəzəriyyəsini uğur qazanmaq üçün necə istifadə etməli?
Hər gün yarım saatınızı bir sahəyə sərf etməklə təcrübə qazanırsınız, yarım il sonra artıq siz o sahədə xeyli məlumatlı olacaqsınız, bir-iki il sonra isə ekspertə çevrilə bilərsiniz.
Hər gün cəmi yarım saatı arzularınıza çatmaq üçün istifadə edin. Roman yazın, kunq-fu öyrənin, nadir balıqlar saxlayın, yarış avtomobilinizi yığın. Vaxt çatışmamazlığından həmişə “sonra”ya saxladığınız işlərlə məşğul olun.
Yarım il sonra geriyə baxanda necə və haradan başladığınızı xatırlayacaqsınız. Gün ərzində 30 dəqiqə ayırdığınız vaxt sayəsində yolunuzda necə inkişaf etdiyinizi görəndə təəccüblənəcəksiniz.
Qrafikinizi pozub bir neçə gün bunu etməsəniz də, özünüzü günahlandırmayın. Sadəcə, məşğuliyyətinizə qayıdın və qaldığınız yerdən davam edin. Onu bilin ki, siz digər insanların etdiyindən daha çoxunu edirsiniz.
Səbirli olun. Nəticəni həmin dəqiqə gözləməyin. Hər şey üçün vaxt lazımdır. Məqsədiniz nə dərəcədə qiymətlidirsə, bir o qədər də addım atmaq lazımdır.