Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. Xəbər verdiyimiz kimi, bu statistikanı hüquqşünas Ələsgər Məmmədli açıqlayıb. Hüquqşünas qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb.
Ümumiyyətlə isə son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.
10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb. Təbii ki, boşanmaların sayının artması, östərilən statistikalar cəmiyyətdə narahatlıqla qarşılanır. Son zamanalrda tez-tez hansısa gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi oluruq. Onların arasında adi vətəndaşlar da, tanınmışlar da var. Bəs səbəb nədir, dözümsüzlük, yoxsa maddi və ya psixoloji problemlər?
Ekspertlərin bəziləri önə çıxan səbəb kimi gənclər arasında dözümsüzlüyü qeyd edirlər. Belə ki, gənclər artıq bir-birilərinə qarşı dözümlülük nümayiş etdirmək, göz yummaq istəmir, nəticədə gənc ailənin təməli qoyulmadan dağılır. Bəzən 20-30 illik ailələrin dözümsüzlük səbəbindən dağıldığının şahidi oluruq.
Boşanmalara səbəb digər amil kimi gənc ailələrə kənar müdaxilə və basqıların olması göstərilir. Daim basqı altında qalmaqdan, ailədaxili dedi-qodulardan bezən cütlüklər isə sonda boşanmaq qərarına gəlir. Digər səbəb kimi isə yeni gənc nəslin ailə məsələlərinə, dəyərlərinə məsuliyyətsiz yanaşması, psixoloji durumlarının aşağı səviyyədə olması göstərilir.
Boşanmaların artma səbəblərindən biri də sosial şəbəkələr göstərilir. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Bu iddia təkcə ölkəmizdə deyil, digər inkişaf etmiş ölkələrdə də var. Məsələn, amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ-da hər 6 boşanma qərarının 1-də facebook-un adı çəkilir. Bildirilir ki, yeni dostlar, yeni çevrə və keçmiş dostları birləşdirən səhifələr evlilikləri təhlükəyə salır. Bu səhifələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb olur.
Başqa bir səbəb gənclərin sosial şəbəkələrdə tanış olub, bir-birini yaxından tanımadan tez bir zamanda evlənmək qərarına gəlməsidir. Araşdırmalara görə, boşanmaların 20-25 faizi nikahın adətən tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır. Digər səbəblər kimi alkoqollu içkilər, narkotik vasitələrin istifadəsi, sonsuzluq problemi gəlir.
Psixoloq Ramil Nəcəfli məsələ ilə bağlı aşağıdakıları dedi: “Doğrudur, boşanmaların statistikası son illərdə maksimum həddə çatıb və bu ölkəmiz üçün xoşa gələn hal deyil. Bu həmçinin ondan xəbər veriri ki, ailə dəyərləri ilə bağlı düşüncələr yeni evlənənlər arasında sarılmaq üzrədir. Ümumiyyətlə bir çoxları evlənmək deyəndə bunu toy məclisi təşkil etmək kimi anlayırlar. Lakin evləmək ailə qurmaq, bir ailənin təməli qurulması deməkdir. Toylarımıza da diqqət etsək görərik ki, burada mahiyyət yalnız yeyib-içməkdən, əylənməkdən ibarətdir. Halbuki toyun mahiyyətində eyni zamanda maarifçilik dayanır. Yeni evlənənlərə ailə modelini anlatmaq, məsləhət vermək, gözəl nümunələr göstərmək və onlara ailə dəyərlərini aşılamaq lazımdır. Bunu isə təəssüflər olsun ki, toylarda görmürük. Sanki yeni evlənənlərin sonrakı taleyi heç kimi maraqlandırmır. Həmçinin evləndikdən sonra da hər iki tərəfin valideynləri yalnız öz övladlarının tərəfini saxlamaqla məşğuldurlar. Beləliklə, gənclər yeni qurulmuş ailənin qorunub saxlanılması, hüquq və öhdəliklər, vəzifələr ilə bağlı aşağı səviyyədə tərbiyələndirilir, yetişdirilir. Həmçinin son zamanlarda gənclər bir-birinə qarşı son dərəcə dözümsüzlük nümayiş etdirir, bir-birinin öhdəliklərini yerinə yetirməkdən imtina edirlər. Səbəb isə ailə ilə haqda məlumatlığın, bilgilərin, öhdəliklərin aşağı səviyyədə mənimsəməkləri ilə bağlıdır”.
“Təmiz Dünya” Qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, boşanmalara səbəb əsasən gənclər arasındakı dözümsüzlükdür: “Əgər əvvəllər ailə qurarkən ailə məsuliyyətini dərk edərək, onu sona qədər çatdırmağı, uşaqları birgə böyütməyi düşünürdüksə, indi müəyyən çətinliklərlə üzləşən kimi bundan qaçmaq istəyirik. Bundan da zərər çəkənlər əsasən uşaqlar olur. Yəni şüurlu ailə modeli olan, düşünərək, bir-birinə qarşılıqlı hörmət edərək yaşayan ailələr indi çox azdır. Həmçinin burada məsuliyyətsizlik, ailədaxili zorakılıq, psixoloji problemlər var. Nikah üçün ərizə verən cütlüklərə bir ay möhlət verilir. Bu bir ay ərzində hər iki tərəf bir-birini yaxşı tanımalıdır. Necə ki, nikah öncəsi məcburi müayinə yoxlanışı olur, eyni zamanda məcburi psixoloji testlərdən keçmə məsələsi də olmalıdır. Tərəflər psixoloqlara getməli, şəffaf şəkildə bir-biriləri haqqında məlumat verməlidilər”.
Xalidə Gəray