donuz ili

“Donuz” nə vəd edir? – ASTROLOQLA MÜSAHİBƏ

Baxış sayı: 1. 539

Artıq yeni ilin ikinci gününü yaşayırıq. Bu ilin necə keçəcəyi, bizləri nə gözləyəcəyi hər birimizi maraqlandırır. Qaban, donuz ilinə insanlar birmənalı yanaşmır. Bəziləri bu ilin pis keçəcəyini deyir və bunu donuz ətinin haram olması ilə bağlayırlar. Qaban ilinin xarakterik xüsusiyyətləri, uğurlu ayları və günlər, aparıcı ayları barədə astroloq Səbuhi Rəhimlinin müsahibəsini təqdim edirik.

 

– Yeni ili hər kəs sevinclə qarşılayır və yeni ildə hər şeyin daha yaxşı olacağına ümid edirlər. Yeni ilin başqa olacağı, hətta möcüzə gətirəcəyi fikri insanlarda nədən yaranır?

– Ötməkdə olan ili gərgin keçirən insan yeni ilin, növbəti vaxt axarının onlara fərqli müjdə verəcəyini düşünürlər. Həmişə deyirlər ki, “hər şey keçmişdə qalsın”. Bu, insanlığın halıdır ki, gələn ilə ümidlə baxırlar. Bizdə belə deyim də var ki, “Allah Kərimdir”, “Gün doğmadan nələr olar” – bu, sırf inancla bağlıdır.

Astronomik illər, astroloji illər Çindən gələn bir ənənədir. Elmi tərəfləri, inanc tərəfləri də var. Çində təqvim Yupiter planetinin Günəş ətrafında fırlanma trayektoriyasına nəzərən hesablanır. Bu da 12 ilə Günəş ətrafında fırlanır və hər ili heyvanın – zodiak işarəsinin adı ilə adlandırırlar. Bu baxımdan il də dəyişir, 20 yanvar – 18 fevral aralığında. Səhvən deyirlər ki, il yanvarın 1-i gəldi. Elə deyil, bu, yanlışdır. Yanvarın 1-i Miladi təqvimi dəyişir, bunun astroloji təqvimə aidiyyəti yoxdur. Necə ki, Zərdüştlükdə martın 21-i dəyişir, xristianlıqda yanvarın 1-i dəyişir, Çin təqvimində isə Yupiterə görə dəyişir. Sarı rəngli, torpaq ünsürlü kaban ili 2019-cu ilin fevralın 5-də başlayacaq, 24 yanvar 2020-ci ildə bitəcək.

– Çin və Yapon təqvimi – bunlardan hansı ilə hesablanır?

– Çin və Yapon təqvimi hər ikisi də eyni şeydir. Sadəcə, bunlardan hansının nə vaxt başlaması bilinmir, hansında astrologiyanın bünövrəsinin qoyulması bilinmir. Ona görə Çin və Yapon təqvimi deyirlər. Amma əsasən Çin təqvimi gedir, mən də düşünürəm ki, Çin təqvimidir. Bu dəqiqə daha çox Çin qoroskopuna üstünlük verirlir.

– Donuz ilinin aparıcı planeti hansı olacaq?

– İlin aparıcı planeti Mars planetidir. Ona güc, qüvvət, hakimiyyət, müharibə, ehtiras planeti də deyirlər.

– 2019-cu ildə bizi nələr gözləyir?

– Xarakterik hadisələr var. Qaban ili adətən sakit, bərəkətli il olur, sülh ili olur. İndiyə qədər apardığımız araşdırmalarda Qaban ilində hansısa qlobal müharibələrin olduğunu görməmişəm. Son 5 əsri hesablamışam, belə bir şey yoxdur. Sadəcə, Qaban ilinin öz xarakteri, insanlardan tələbi var: Doğruluq, düzlük, dürüstlük, zəhmətkeş olmaq, zalımın zülmünə etiraz etmək, doğru danışmaq, haqsızlığa etiraz etmək, bir də kollektiv görüləsi işləri təkbaşına eləməmək. İnsanlar vəzifəsini doğru seçməli, bildiyi işdən yapışmalıdır. Bir də pul məsələlərində diqqətli olmaq lazımdır. Çünki Qaban ilində maliyyə məsələlərini proqnozlaşdırmaq olmur. Bu il külli miqdarda kredit pul götürmək, riskli sövdələşmələr etmək, borc vermək məsələlərində ehtiyatlı olmaq məsləhət görülür.

– Çox adam Donuz ilinin yaxşı olmayacağını deyir və bunu həmin heyvanın ətinin haram olması ilə izah edir…

– Bilirsiz, doğru yanaşma deyil, minillərin müşahidəsindən gələn bir nəticə, qənaət var. Astrologiya ümumiləşmiş bir anlayışdır. Bunu fərdiləşdirmək olmaz. Ola bilsin ki, kiminsə yaxınının, qohumunun Donuz ilində başına nə isə pis hadisə gəlib və bunu Donuz ili ilə bağlayırlar. Donuz ətinin haram olmağının astroloji məsələyə dəxli yoxdur. Əjdaha ilinin rəmzi əjdaha olmayan heyvandır, xülyadır, fantaziyadır. İndi o deməkdir ki, həmin il hamı fantaziyanın içində olacaq? Bu, doğru yanaşma deyil. Mistik yanaşmadır. Elm də bunu inkar edir.

– Donuz ilini qarşılayarakən donuz suveniri və ya oyuncağını yolkaya və ya yeni il süfrəsinə qoymaq olarmı? Bu, hansı mənanı daşıyır?

– Yeni ili qarşılayarkən təqvimin aid olduğu heyvan suveniri və ya oyuncağı Yeni il yolkasına asılır və ya evdə bəzək kimi qoyulur. Bunu əsasən də uşaqlar edir, amma bunun elmə heç bir dəxli yoxdur. Mənəvi mahiyyəti yoxdur.

– Donuz ili necə qarşılanmalıdır?

– Cibimizin, büdcəmizin vəziyyətinə uyğun olaraq qarşılamalıyıq.

– “Yeni ili necə qarşılayırsansa, elə də başa vurursan” deyimi düzdürmü?

– Ümumiyyətlə, günü hansı ovqatla başlayırsansa, axıra qədər elə gedir. Bu fikir əslində insanları yola gətirmək, insanların aurasını, düşüncəsini doğru yola istiqamətləndirmək mahiyyətini daşıyır. Bunu alqışlasam da, müsbət qarşılasam da, dəyərləndirsəm də, bu, bir deyimdir, inancdır. Elmi əsası olmadığı üçün başqa bir söz deyə bilmərəm. Bu, əslində Zərdüştlükdən gəlir. Belə ki, Novruz bayramında çərşənbə axşamları deyərlər ki, xoş niyyətli, müsbətfikirli, xoşsözlü olmaq lazımdır ki, ilin uğurlu keçsin. Guya il dəyişəndə mələklər insanların ovqatını, düşüncəsini öyrənmək üçün yerə enirlər. Gözəl danışanlara il boyu gözəllik bəxş olunur. Bu, Zərdüştlükdən gəlmədir. Sonralar bu deyim Mesopotamiyada işlənməyə başladı, sonradan Avropa və digər ölkələrə də yayıldı.

– Qaban ilinin uğurlu rəqəmləri hansılardır?

– Qaban ilinin uğurlu ayları aprel, noyabr ayları, uğurlu günləri çərşənbə axşamı və bazar günüdür. Uğurlu təqvimləri: 4, 5, 7, 8, 9, 10, 19, 22, 27. İlin numeroloji rəqəmi, yəni rəqəmlərin cəmindən çıxan nəticə 3-dür. İlin aparıcı bürcü qoç, əqrəb, ilin aparıcı işarələri qaban, pişik, keçidir. Buna donuz, dovşan, qoyun da deyirlər. İlin aparıcı rəngi sarı, narıncı və qırmızının çeşidləridir. Daş-qaşları rubin-ametist, akvamarin və ay büllurudur. İlin çiçəyi də var: yasəmən, qərənfil.

– Qaban ili nə ilə yadda qalacaq?

– Əgər İt ilində münaqişələr, problemlər münasibətlər zəminində olurdusa, Qaban ilində bu savaş mülkiyyət üstündə olacaq. Qaban ili daha çox mülkiyyət üstündə ölüm-dirim müharibəsi ilə yadda qalacaq.

– İnsanlar çox vaxt belə deyirlər ki, “Bu il mənim üçün düşərli oldu”, “Bu il mənə düşmədi”. Bu deyimlər həqiqətə uyğundurmu?

– Əslində düşərli və ya düşərsiz il yoxdur. Sadəcə Qabanın öz kriteriyaları var və bu kriteriyaları gözləmək lazımdır. Qabanın özünəuyğun aurası var və bundan istifadə edənlər qalib çıxacaq, istifadə edə bilməyənlər Qaban ilində uduzacaq. Buna belə yanaşmaq lazımdır ki, sanki, başqa bir ölkəyə gedirik və bu ölkənin iqlimini, relyefini, siyasi durumunu, hətta insanların davranışını əvvəlcədən öyrənib gedəndə biz daha rahat olur və təhlükəsiz oluruq. Nəinki bilmədən gedəndə. Məsələn, Qaban ilində kimsə kasıbdırsa, işləməsə, daha da kasıb olacaq. Qaban ili çalışqanlıq sevir. Bu il zəhmətkeş insanların əli boş qalmayacaq. Bu baxımdan çalışan qazanacaq.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir