Namiq Qaracuxurlu

Namiq Qaraçuxurlu: “O qadın mənə xəyanət etdi, sonra dedi ki…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 300

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu “musavat.com” sayytına müsahibəsində yeni yaradıcılıq işlərindən, ətrafındakı qalmaqallardan və ailə həyatından danışıb.  “Gencaile.az” saytı həmin müsahibəni təqdim edir.

 

– Son olaraq “Acıbibər” mahnısını və klipini təqdim etdiniz. Namiqdən tam fərqli iş idi və birmənalı qarşılanmadı.

– Öncədən bilirdim ki, fərqli yanaşmalar olacaq. İki il öncə yay ayları üçün “Yeriniz məlum” mahnısını ifa etmişdim. O mahnını da oxuyanda tənqidlər eşidəcəyimi bilirdim. “Rəvayət”dən başqa bütün mahnılarım yavaş-yavaş sevilib. “Aci bibər”in də bəhrəsini görürəm. Sevənlər də, bəyənməyənlər də var. Bu normal haldır. Mahnını Elçin Cəfərov yazıb, onun üslubu mənim üçün yenidir.

– “Soyuqdur” mahnısı isə son illər ən çox rəğbət görən mahnılardan biri oldu. Niyə onu davam etdirməyib, fərqli janra üz tutdunuz?

– “Revayət” kimi hit Azərbaycanda heç bir mahnı, meyxana olmayıb. “Soyuqdur” mənim üçün əsərdir, çox dəyərrli mahnıdır.  “Yeriniz məlum”, “Acıbibər” mahnıları bir az satirikdir. Düşünürəm ki, yaradıcılığımda hamısının öz yeri var.

Başlamışam 2019-cu ilin ilk işlərini görməyə. Yeni mahnı yazdırmışam. Qarşıda böyük proyektlər var. Kişi müğənnilərin biri ilə duetimiz var. 2019-cu ilin səs-küylü layihələrindən olacaq.

– Böyük layihə olacağını dediniz. İllərdir ki, mahnılarınızı internet üzərindən təqdim edirsiniz. Sənət yoldaşlarınız kimi bu dəfə təqdimat mərasimi təşkil edəcəksiniz?

– Mənim öz aləmim, qaydalarım var.  Gündəmdə olanda narahat oluram. Gecə gözümə yuxu getmir. Təqdimatların zamanı keçib. Adam jurnalisti  çağırır ki, işimə qiymət ver. Amma tənqid eşidəndə özünü müdafiə edir, qəbul etmir, jurnalistlə dava edir. Zövqünə güvənib çağırdığın insanların fikirlərini qəbul etmirsənsə, təqdimat etməyin mənası yoxdur. İnsanlar var ki, hər il doğum gününü keçirir, eyni adamları hər il dəvət edir. Mən toyuma qonaqları utana-utana dəvət edirdim. Məclislər, partilər məni yorur. 40 yaşım var. Bir insanla dostluq etmişəm, nişanına, toyuna, övladının doğum günlərinə, nişanına, toyuna getmişəm. Bir neçə belə dostlarım var. Sonra məndən üz döndəriblər.  Artıq bezmişəm. Adamlar var ki, hər gün məclisdədir, baxırsan ki, həvəslə ortadan çıxmır. O zaman dəhşətə gəlirəm ki, necə dözürlər?

– Tanınmış olmaq nə zamansa, sizi bezdiribmi?

– Allah eləməsin, bezəm. Məşhurluqdan, diqqətdən bezməmişəm. Mənasız məclislərdən bezmişəm. Ayın 14-ü ayağımın sınmağının 1 ili tamam oldu.  Ayağım sınanda ilk ağlıma gələn o oldu ki, şükür canım qurtardı. Təsəvvür edin, hər gün köməkçimlə hazırlaşıb, 3-4 məclisə gedirik, amma qayıdanda cibimizdə pul olmur. Axır köməkçimə dedim ki, 20 gündür bəzənib gedirik, 1 manat qazanmamışıq. Dost-tanış o qədər çoxdur ki, hamısında yarım saat oxuyanda saatların gedir. Ətrafımız çox tələbkardır. Artıq buna dur demişəm. Özümə, ailəmə vaxt ayırıram. Bəzi insanların məndən istifadə etməsinə imkan vermirəm.

– Namiq Qaraçuxurlu 15 yaşı ilə qarşılaşsaydı, ona hansı sualı verərdi?

– Hazırda xarakterimin üzərində çalışıram. Eqoist olmaq istəyirəm, bəzən alınır, sevinirəm. 15 yaşımla qarşılaşsaydım, deyərdim ki, eqoist ol. Həyatımı hamı üçün yaşamaqdan bezdim. Bir də ayıldım ki, 38 yaşım var, mənim şəraitim yoxdur. Artıq özümü düşünürəm.

– Efirlərə artıq tez-tez çıxmırsınız. Bir müddət öncə də müğənnilər kampaniyaya başladılar ki, efirlərdə əxlaqsızlq təbliğ olunur, müğənnilər kukla kimi istifadə edilir,  ancaq qalmaqal, qeybət, mübahisə edilir. Siz də televiziyadan üz döndərən sənətçilərdənsiniz?

– Xeyr, sadəcə  bəzi televiziya əməkdaşlarının incəsənətdə, mədəniyyətdən xəbəri yoxdur. Elə söz var ki, mənə deyə bilər, amma onu yaşlı bir xalq artistinə deyə bilməz. Keçən dəfə Nanənin verilişində qonaq idim, zövq aldım, dincəldim. Yaradıcılıqdan danışdıq. Nanənin qəlbi, hissiyyatı var. Həvəslənib canlı oxudum.

İndi “Youtube”da kim varsa, efirdədir. Sosial şəbəkə “like”ları, “Youtube” baxışları vacibdir. Ona görə də biz efirdən uzaqlaşmışıq.

– İstəsəniz də, istəməsəniz də, tez-tez sizi qalmaqalın ortasında görürük. Son olaraq da müğənni Roza Zərgərli ilə mübahisə yaşadınız. Hazırda münasibətiniz necədir?

– Aramızda anlaşılmazlıq yarandı, bitdi. Efirdə gördüyünüz məsələlər düşmən olmağımıza səbəb deyil. Səsləndirilən fikirlər düşmənçiliyə doğru gedirdi deyə mən kənara çəkildim.

– Roza Zərgərli iddia etdi ki, Namiq  qadınlardan gündəmdə qalmaq üçün istifadə edir. yenidən, Aygün Kazımova ilə sevgi münasibətiniz və işbirliyiniz hər qalmaqalda olduğu kimi gündəmə gətirildi. 

– Düzdür. Roza xanımı məsələmiz tərbiyəsizliyə doğru gedirdi deyə susdum. Çünki əxlaqdan kənar atmacalar xoş deyildi. Kimsə məni keçmişim ilə “vurmur”, sadəcə olaraq təsəlli tapır. Mənasız sözlər deyirlər, onların dediklərində həqiqət yoxdur.

– Ölkə gündəmini izləyirsinizmi?

– Hər gün izləyirəm. Xəbər portallarını, sosial şəbəkəni izləyirəm. Son olaraq  bir kişinin xəyanət iddiası ilə xanımının saçını qırxması və videoya çəkib paylaşması günlərlə müzakirə olundu. Məsələyə sənət adamları da qoşuldu. Onlar çox vaxt xanımların tərəfindən çıxış edir. Amma artıq kişilərə ədalət istəməyin vaxtı çatıb. Xanımları sevə-sevə, qadın haqları deyə-deyə onlar  çox ixtiyarlanıblar. Qadın haqları deyə-deyə kişilərin haqqına girirlər. Mən qadınların işləməsinin, təhsil almasının tərəfdarıyam. Amma qadının öz, kişinin öz işi var.

Ailə məsələlərinə qarışmağı sevmirəm, bu cür verilişlərə də dəvət ediblər, getməmişəm. O məsələnin həqiqətini bilmirik, xəyanət bir iddia idi. Bir müddət sonra məsələ bağlandı.

– Siz xəyanətlə qarşılaşmısınız və reaksiyanız necə olub?

– Üzləşmişəm, qadının üstündən xətt çəkib, münasibəti bitirmişəm. Mənim üçün asan proses olmadı. Bundan əlavə də qadın hər yerdə dedi ki, Namiq mənə xəyanət edib.

– Aygün Kazımova demişdi ki, sevgilisi ona xəyanət etdiyi üçün intihara cəhd edib. Hazırda söhbət ondan gedir?

– Həmin xanım tanınmış deyildi.

– Namiq Qaraçuxurlu ailəsini, xanımını efirdən, mediadan uzaq tutur. Hətta, iddia olunurdu ki, Namiq heç evlənməyib, pul yığmaq üçün toy edib. Nə zaman həyat yoldaşınızla görəcəyik?

– Onun da vaxtı var. Əlbəttə, həyat yoldaşımla da görünəcəyəm. Hələ ki, buna  ehtiyac görmürəm. O da həvəsli deyil. Ailəmdən çox danışmaq istəmirəm. Sonra mənəviyyatdan uzaq insanlar elə şərhlər yazır ki,  əsəbiləşirəm.

– Bəzi müğənnilər deyir ki, efirə ancaq oğlan övladlarını çıxarırlar, qızlarını  insanların gözündən uzaq tutmaq istəyirlər. Sizin də qız övladınız var. Həmkarlarınızın fikri ilə razısınızmı?

– Mən də qardaşım oğlu ilə efirə çıxıram. Onunla “Papanın gül balası” klipində çəkildim. Bu sənətə gəlmək istədiyi üçün onunla görünürəm. Amma qızımı efirə çıxartmaq istəmirəm. Bəlkə də, nə vaxtsa məni xanımımla görə bilərsiniz, amma qızımla əsla. Onun haqqında danışmaq istəmirəm. Bəlkə, 50 yaşımda övladlarımla, nəvələrimlə görünməkdən həzz alacam. İndiki yaşım və fikirlərim ailəni gündəmdən uzaq tutmağı tələb edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir