seyahet

Qışda səyahət edənlər səfər çantasını necə hazırlamalıdır?

Baxış sayı: 1. 264

Gəzməyi, səyahət etməyi hamı sevir. Amma hər kəs təcrübəli səyyah olmadığından, bəzən müəyyən yanlışlıqlara yol verə bilir. Bəzən edilən kiçik bir səhv, insanı yarı  yolda qoya bilir. Xüsusən, soyuq aylarda belə neqativ hallar bütün səyahətimizi korlaya bilər. Ona görə də, çantamızı hazırlamazdan əvvəl bəzi məqamlara mütləq diqqət etməliyik. Bəs görəsən  bu siyahıya nələr daxildir? Mövzu ilə bağlı suallarımızı səyahət bloggeri Jalə Ələkbərovaya ünvanladıq.

J.Ələkbərova bu cəhətdən nəzərə alınmalı bir sıra vacib detalları qeyd etdi: Soyuq aylarda səyahət etməzdən əvvəl ən vacib məqam odur ki, hər kəs özünə “mən həqiqətən də, bu soyuqda gəzmək istəyirəm, ya yox?” sualını verməlidir. Çünki bəzi insanlar soyuq havada səyahət etdiyi zaman, ondan zövq ala bilmir. Mən soyuq aylarda gəzməyi sevən biriyəm. Qış aylarında Avropanın şimal, mərkəzi hissələri həddən artıq soyuq olur. Avropada nisbətən mülayim olan ölkələr İspaniya və Portuqaliyadır. Ona görə də, əvvəlcədən hər şeyi yaxşıca götür-qoy etmək lazımdır.  Şaxtalı aylarda səyahət edərkən, ən çox rast gəlinən çətinliklərdən biri də isti içki ilə bağlı olur. Çünki soyuqda insanın isti içkiyə tez-tez ehtiyacı olur. Ona görə də, səyahət etməzdən əvvəl yaxşı olar ki, özünüzlə termos götürəsiniz. Hər dəfə kafe və restorana getmək isə alınmaya bilər. Üstlik, soyuq aylarda bu içkilərin qiyməti də nisbətən baha olur. Geyim də bunlar arasında əhəmiyyətli məqamlardandır. Səyahət zamanı daha isti, yumşaq, termal geyimlərdən istifadə məqsədəuyğundur. Əgər Avropaya səyahət edirsinizsə şərf, papaq geyinməyi unutmayın”.

JALE ELEKBEROVA

Müsahibimiz deyir ki, qışda səyahət zamanı ən vacib məqam qalacağınız yerin düzgün seçimidir: ” Qalacağınız hostelin hansı istilik sistemi ilə qızdırıldığını nəzərə alın. Həmçinin, qalacağınız yer haqda əvvəlcədən başqalarının yazdığı rəyləri oxuyun. Bəzən elə olur ki, getdiyin hoteldə istilik sistemi normal işləmir. Eyni zamanda gəzəcəyiniz ölkə haqqında az da olsa, məlumat əldə edin. Çünki həmin ölkənin iqliminə əvvəlcədən psixoloji olaraq hazır olmaq lazımdır. Azərbaycan bir o qədər də soyuq ölkə olmadığına görə, bəzən bunu əhəmiyyətsiz hesab edirik. Amma gedəcəyiniz ölkədə sizi necə havanın qarşılayacağı bəlli deyil. Xoş olmayan sürprizlə qarşılaşmaq istəmirsinizsə, bunlara diqqət etməlisiniz. Mən ötən həftə Polşadan qayıtmışam. Sadaladığım amillər bu səyahətin bir parçası oldu. Yaxşı olar ki, yanınızda əl və üz kremi olsun. Çünki şaxtalı havada əl və üz dərisi çatlayır. Qışda səyahət etməyin ən müsbət tərəflərindən biri də odur ki, istənilən yeməyi çantanda rahat gəzdirə bilirsən. Yayda elə imkan olmur, çünki istidə sendviç və digər ayaqüstü yeməklər tez xarab olur. Biz səyahət zamanı zooparka getmək istədik. Amma hava soyuq olduğuna görə, heyvanlar çöldə deyildi. Həmçinin, bəzi yerlərdə luna-parklar bağlı olur. Bunun üçün də alternativlərdən istifadə etmək lazımdır. Soyuqda siz daha çox ticarət mərkəzlərinə və qapalı əyləncə mərkəzlərinə gedə bilərsiniz. Biz özümüz də belə qapalı məkanlarda vaxt keçirməyə üstünlük verdik. Əslində, müxtəlif növ qış əyləncələri arasında seçim etmək mümkündür”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir