CANGUDEN

Dünya siyasətçilərinin cangüdən seçimi – BİLİNMƏYƏN DETALLAR

Baxış sayı: 1. 372

İki gün öncə Polşanın Qdanski şəhərinin bələdiyyə sədri bıçaqlanmış, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.

53 yaşlı Adamoviczi öldürən şəxs isə daha öncə məhkumluq həyatı yaşamış, 27 yaşlı bir gənc olub. Hücumçu bağıraraq, Adamoviczin keçmiş partiyasının hökumətdə olduğu dönəmdə haqsız yerə həbsə atıldığını söyləyib. Hadisə yerindən çəkilən videogörüntülərdə isə görünür ki, bir neçə gün öncə həbsdən çıxan hücumçu “Adamovicz öldü” deyə qışqırır və həbsxanada işgəncə gördüyünü deyir. Polşa mediası hücumçunun səhnəyə qəzetçi kartı ilə girdiyini açıqlayıb.

Bu xəbərdən çıxış edərək, siyasətçilərin, dövlətləri, şəhərləri idarə edən şəxslərin mühafizə xidməti ilə bağlı bəzi detalları araşdırmışıq. Şübhəsiz, sözügedən olayda bələdiyyə sədrinin cangüdəni olsaydı, bu hadisə baş tutmayacaqdı. İndi dünya siyasətçilərinin əksəriyyəti cangüdən heyəti olmadan hərəkət etmir. Və gündən-günə bu sahə ilə bağlı artan təhlükəsizlik tədbirləri, hücum taktikaları bizə mövzuya yenidən baxmağı mütləq etdi.

Pavel Adamovicz ile ilgili görsel sonucu

Öncə prezident mühafizəçiləri haqda. Ümumiyyətlə, bu sahədə çalışmaq risk tələb edir. Məsələn, 1999-cu ildə təkcə Amerika prezidentinin məxfi xidmətində 31 əməkdaş qətlə yetirilib. 2003-cu ildə isə məxfi xidmət ölən və yaralananlarla bərabər 34 xəfiyyə itirib. Təbii ki, bu itkilərin detalları açıqlanmır.

Pavel Adamovicz ile ilgili görsel sonucu

Amerikanın keçmiş prezidenti Reyqanın şəxsi mühafizəsində çalışmış Con Barletta deyir ki, 21-ci əsr cangüdənlərinin işi çox çətindir. Belə ki, indi texnikanın imkanları kosmik sürətlə inkişaf etdiyindən zərbənin haradan gələcəyini proqnozlaşdırmaq da mümkün deyil: “İndi təkcə tapança, avtomat və ya snayperdən gələn təhlükə ilə iş bitmir. Təyyarə, raketdən açılacaq zərbə, jurnalist, narazı vətəndaş qiyafəsində prezidentə yaxınlaşa biləcək şikayətçi… Bunların hamısını düşünəndə cangüdən dinc həyatı ancaq yuxusunda görə bilər”.

Yumurta, mayonez, pomidor hücumları cangüdənlərin qorxulu röyası olub. İlk baxışda gülməli görünə biləcək bu “silahlar” nadir halda da olsa xarici səfərə gedən prezidentlərin başına bəla açır. Rusiya mətbuatına inansaq, Putin bir, Medvedyev isə iki dəfə belə hücuma məruz qalıb. Amma cangüdənlər nə özlərini, nə də müdafiə etdikləri şəxsləri bu “silahdan” qoruya bilmir. Son vaxtlar bu sayaq hücumları zərərsizləşdirmək, məsələn, onların ləkəsini saxlamayacaq geyimlər tapmaq prezident mühafizələrində ən aktual mövzudur. Artıq bununla bağlı lazımi addımlar da atılır.

Cangüdən ile ilgili görsel sonucu

Siyasətçilər cangüdən sözünə baxır, oliqarx isə yox

Yaltada bir neçə il öncə keçirilən cangüdənlərin 4-cü çempionatında isə onlar mediaya birinci şəxslər və oliqarxların mühafizəsindəki fərqlərdən danışıb. Onlar bildiriblər ki, siyasətçilərin, ölkə rəhbərlərinin cangüdənliyini etmək oliqarxlarla işləməkdən daha asandır. Çünki siyasətçilər oliqarxlardan daha intizamlıdırlar və məsləhətə də qulaq asırlar. Bu mənada biznesmenlərin də maraqlı iş ortağı olduğu deyilir. Onlar da öz çeviklikləri ilə fərqləndikləri üçün cangüdənlərin sevimlisidir.

Oliqarxlar qeyri-təvazökarlıqları və tez-tez əhval dəyişkənlikləri ilə fərqlənsələr də, siyasətçilərdən fərqli olaraq pul məsələsində daha səxavətlidilər.

Cangüdənlərin 12 saatlıq iş rejimi olmalıdır. Əks halda, onlar ayıq-sayıqlıqlarını saxlaya bilmək üçün psixoloji güc toplaya bilmirlər. Birinci şəxslərin səfəri ciddi hazırlıq tələb edir. Öncə səfər olunacaq məkanda axtarış əməliyyatı aparılır, sonra həmin bölgə analiz edilir, ardınca səfər edəcək heyət ora yola düşür.

 

Cangüdən bir müddət sonra sirdaşa, yaxın dosta çevrilir

Amma ildən-ilə dəyişən hücum taktikalarına qarşı məmurların cangüdənləri də xüsusilə qorunurlar. Məsələn, Türkiyənin müdafiə naziri Fikri İşıq cangüdənlərini yerli istehsal olan MPT-55 markalı avtomat silahlarla təmin edib. Müdafiə nazirinin təlimatı ilə yaxınlarda kütləvi istehsala başlanacaq yeni silahın bir çox üstünlükləri var. Son model yerli silahla təmin edilən cangüdənlər bundan sonra Fikri İşıqın təhlükəsizliyini daha etibarlı qoruyacaq.

Xatırladaq ki, NATO standartlarına uyğun olaraq istehsal olunan MPT-55-lər 3.2 kq ağırlığındadır. Dəqiqədə 850 güllə atır, 400 metr məsafəni dəqiq vurur. Yeni silaha hər cür optik cihaz taxmaq mümkündür. Bundan başqa, MPT-55 avtomatik silah sərt soyuq və isti havada, eyni zamanda, qum, su, palçığın altında kilidlənmir, dəqiq hədəfləri vura bilir.

Bəzi prezidentlər, məmurlar isə cangüdənlərindən bir metr də aralı gəzmirlər. Məsələn, Qazaxıstan prezidenti Nazarbayev bir neçə il bundan öncə dənizə də cangüdənləri ilə birgə girib və 75 dəqiqə suda üzüb. Qaldığı hotelin sahilində yürüş edən prezidentin cangüdən ordusu ilə gəzməsi diqqətdən yayınmayıb. Bodruma bu yaxınlarda xüsusi yaxta ilə yollanan 75 yaşlı Nazarbayev onu tanıyanlarla salamlaşaraq fotolar çəkilməsinə icazə verib.

Amerika prezidenti Donald Trampın da cangüdənləri ilə yaxşı münasibətləri var. Məsələn, o, FBR rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırmaq qərarı verəndə, bunu ona cangüdəni Kit Şiller vasitəsilə göndərdiyi məktubla bildirib. Çünki Şiller Trampla uzun illər işgüzar münasibətləri nəticəsində onun ən etibar etdiyi şəxslərdən birinə çevrilib. Cangüdənlikdən məsləhətçisinə qədər yol gəlib.

Trampın keçmiş məsləhətçisi Kori Levandovski deyib ki, prezident Kitə qeyri-adi dərəcədə etibar edir. “Əgər prezident ona nəyisə etməyi deyirsə, o, bunu mütləq edəcək”.

Şiller Trampın cangüdənindən onun məsləhətçisinə çevrilib və sonradan da ona hüquq-mühafizə orqanları ilə bağlı məsələdə tövsiyələr verir. O, FBR-in Hillari Klintonla bağlı məsələdəki araşdırmasında sərt mövqe tutub və Trampa da təsir göstərib.

Dünya mediası yazır ki, Şiller Trampın təhlükəsizlik xidmətinə təsadüfən düşüb. Belə ki, Trampın ikinci arvadı Marli Malps çantasının oğurlanmasından sonra Nyu-York polisinə müraciət edib. Həmin vaxt Şiller orada detektiv olub. Malpsda onunla bağlı yüksək təəssürat yaranıb və o, daha sonra biznesmen Trampla tanış olub.

Şiller hazırda Trampın cangüdəni vəzifəsini icra etsə də, ingilis dilində onun vəzifəsinin adı “bodyguard” yox, “bodyman” olub. Bu isə öz növbəsində “möhkəmləndirici” mənasını daşıyır.

Bu vəzifə prezident Corc Vaşinqtonun zamanında yaranıb. Həmin vaxt onun şəxsi köməkçisi və cangüdəni Tobias Lir eyni zamanda “bodyman” olub. Barak Obamanın vaxtında isə bu vəzifəni amerikalı futbolçu Reci Lav həyata keçirib. O, bir qayda olaraq prezidenti müşayiət edir, onun telefon zənglərinə cavab verir, prezidentin qalstukunu və sevimli qələmini əlində hazır saxlayır, onu çoxsaylı səfərlərində müşayiət edirdi.

Eks-prezident Obamanı tanıyan şəxslərdən biri danışıb ki, onunla Lav arasında münasibət dostcasına olub. Boş vaxtlarda prezident onunla basketbol oynayıb. Yazılmamış qaydalara uyğun olaraq, onlar heç vaxt siyasətdən danışmazdılar. Söhbətlərinin mövzusu ancaq musiqi, idman olub. Amma nəzərə almaq lazımdır ki, Lavın politoloq dərəcəsi olub, o, bu mövzulardan baş çıxarıb.

Amerikanın sabiq prezidenti Abrram Linkolnun və onun “bodyman”in hekayəsi də maraqlıdır. Sonuncu Virciniyadan olan vəkil Vord Hill Lamon olub. Belə ki, o, öncə prezidentin hüquqşünası olub, daha sonra uzun müddət onun cangüdəni vəzifəsini icra edib. Xaricdə diplomat vəzifəsi arzusunda olan Lamon eyni zamanda prezidentlə çiyin-çiyinə olub, onun silahlı köməkçisi vəzifəsini daşıyıb. Onların münasibətləri də yetərincə dostcasına olub.

Linkolna qarşı hədsiz qayğısına baxmayaraq, o, prezidenti qoruya bilməyib. O, 1865-ci ildə, prezident sui-qəsdə uğrayanda onun yanında olmayıb. Həmin vaxt Lamon prezidentin şəxsi tapşırığı ilə göndərildiyi Virciniyada olub.

Daha bir ilginc hadisə isə Bill Klintonla onun cangüdəni arasında yaşanıb. Belə ki, Arkanzasın qubernatoru olduğu zaman cangüdənləri ilə dostluq münasibətlərində olub. Jurnalistlərin daha sonradan aydınlaşdırmasına görə, Bill Klinton arvadı evdə olmayanda cangüdənləri vasitəsilə evinə qadınlar dəvət edirmiş.

Amma cangüdənlər zaman-zaman özləri də romantik münasibətlərin tərkib hissəsinə çevrilirlər. Belə hekayələrdən biri prezident Franklin Delano Ruzveltin həyat yoldaşı Eleonorla onun cangüdəni Erli Miller arasında baş verib. Keçmiş hərbçi Miller boksla məşğul olur, eyni zamanda sirkdə akrobatlıq edirdi. Miller birinci lediyə çox bağlı olub. Onu ata mindirir, tennis oynayırdı. Amma indiyə qədər də mübahisə olunur ki, cangüdəni ilə Eleonora arasında romantik münasibətlər olub, yoxsa onlar, sadəcə, dost olublar.

“O, bizim ailənin bir parçasına çevrilmişdi və yoldaşının, bizim ona verə bilmədiyimiz sevgini ona verirdi. O, Eleonorun özünü əsl qadın kimi hiss etməsinə yardımçı olmuşdu” – bu barədə Eleonora Ruzveltin oğlu öz xatirələrində yazırdı.

 

Azərbaycan müxalifətinin nümayəndələri: “Cangüdənə ehtiyacımız yoxdur”

Keçək Azərbaycana. İndi bir çox məmurlar, nazirlər cangüdənlə gəzirlər. Onlar hətta xarici səfərlərində də cangüdənlərini özləri ilə aparırlar. Ötən ilin yayında sui-qəsdə məruz qalmış Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevin də sağ qalmasındakı faktorlardan biri cangüdəninin onu qoruması idi.

Amma müxalifət nümayəndələri cangüdənlərə ehtiyac duymurlar.

Ä°lgili resim

Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn bildirdi ki, dünyanın müxtəlif ölkələrində vəzifəli şəxslərə qarşı sui-qəsd törədilib. Onun sözlərinə görə, bunların arasında cangüdənlə gəzənlər də olub, cangüdənsiz gəzənlər də: “Adamı öldürəndə onun yanında cangüdən olub-olmamasına baxmırlar. Mən cangüdənsiz gəzirəm və hər hansı təhlükə hiss etmirəm”.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə dedi ki, ümumiyyətlə, cangüdən insanları planlaşdırılmış cinayətlərdən azad etmir: “Tarixdə bir çox belə hekayələr olub ki, prezidentlər, baş nazirlər terrora məruz qalıblar. Halbuki onların da yanında çox güclü cangüdənləri olub. Cangüdən insanın canını yüz faiz qorumur. O, sadəcə olaraq, bir çox hallarda təsadüfi şeylərdən insanı qurtara bilər”.

S.Cəlaloğlu hazırda cangüdəni olmadığını və onun  yoxluğunu hiss etmədiyini dedi. (“Yeni Müsavat”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir