xeyanet

Evli kişilər sosial şəbəkələrdə qadınları niyə rahat tora salır?

Baxış sayı: 1. 575

İnternet dünyada doğrudan da hörümçək toruna çevrilib. Bu hörümçək ovunu buraxmaq fikrindən də uzaqdır. İnternetin imkanları öz gücünü sosial şəbəkələrin inkişafına verib desək, yanılmarıq. Sözsüz ki, internetin inkişafı öz növbəsində dünyada elmin inkişafında, informasiyaların sürətli yayılmasında, faydalı əlaqələrin qurulmasında, ümumiyyətlə, həyatımızın müxtəlif sahələrində möcüzələr yaradır. Həyatımızı onsuz təsəvvür etmirik. Amma bu inkişafdan ayrı-ayrı təbəqələr daha çox faydalanır. Əksəriyyət isə sosial şəbəkələrin “toruna” düşür. Vaxtını burada keçirir, əyləncəni orada axtarır. Bir sözlə, hər kəs müxtəlif formada sosial şəbəkələrdə öz dünyasını yaradır. Günün istənilən vaxtında sosial şəbəkələrdə aktiv olan insanlar, istər-istəməz yaranan tanışlıqların baş verməsi qaçılmaz olur. Doğrudur, ailəsini aldatmaq istəyən insan bunun üçün internetin köməyinə ehtiyac duymur. Amma burada fərqli imkanlar var. Mütəxəssislərin fikrincə, hətta bəzi ailələr xanımın və ya həyat yoldaşının kiminsə şəklini bəyənməsini, fikir bildirməsini belə qəbul edə bilmir və yaranan problemlər böyüyür. Tanıdı-tanımadı, kişilərin xanımlara, bəzən hər iki tərəfin evli belə olmasına rəğmən eşq mesajları ünvanlaması artıq ölkədə ciddi müzakirə obyektinə çevrilib.

Image result for deputat JALƏ Əliyeva

Kimi gəldi öz dostlarının sırasına əlavə etmək düzgün deyil, əks halda, başın ağrıyacaq…

Sosial şəbəkələrdə eşq mesajları, virtual xəyanətlər barəsində danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva isə hesab edir ki, “facebook”da hər bir istifadəçinin şəxsi hesabına gələn xoşagəlməz mesajlara müəyyən mənada həmin adam özü şərait yaradır: “Sosial şəbəkələrdən istifadə zamanı mütləq məhrəmlik qorunmalıdır. Hər kəs istədiyi insanla əlaqə yaratmaq və yazışmaq hüququnu özündə qoruyur və buna heç kəsin müdaxilə haqqı yoxdur, çünki biz demokratik bir ölkədə yaşayırıq. “Facebook” səhifəsinin anlamı “dostlar kitabı”dır. Sözsüz ki, tanıyıb-tanımadığın hər insanla dostluq qurmağın da nəticəsi bu cür arzuolunmaz şeylərə gətirib çıxarır. “Facebook” istifadəçisi olmadığım üçün xırdalıqlara varmaq da istəmirəm. Amma hesab edirəm ki, kimi gəldi öz dostlarının sırasına əlavə etmək düzgün deyil, əks halda, başın ağrıyacaq… Belə çıxır ki, sən tanımadığın insana öz həyatını necə açıq elan edirsən? Halbuki, öz səhifənə artırdığın istifadəçilərlə bağlı diqqətli olmalısan. Əgər hər hansı bir insan tanımadığı adamın dostluq dəvətini qəbul etməsə, heç bir problemlə qarşılaşmaz. Mənə aid olan bir hadisəni minlərlə insanla paylaşmağın nə mənası var axı? Belə insanları heç cür anlaya bilmirəm. Özündə ictimai-siyasi dəyər daşıyan hər hansı bir hadisəni dostlarla paylaşmaq olar, amma yeri gəldi-gəlmədi, özünə aid hər bir informasiyanı, fotonu sosial şəbəkələrdə paylaşmağın əleyhinəyəm. Bu cür şeylər nə mental düşüncəmizə, nə də etik-estetik mədəniyyətə uyğun deyil”.

Image result for Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova

Daha çox sosial şəbəkələrdə tanışlıqlar və bu tanışlıqların əksər hallarda ailələrin dağılması ilə nəticələnməsi məsələsinə toxunan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə bildirdi ki, bəzən ailənin boşanmasında sosial şəbəkələrin rolu ola bilər, amma bütün günahı sosial şəbəkələrdə görmək də doğru deyil: “Adətən kim ailəsinə vaxt sərf etmir, virtual həyata üstünlük verirsə, istər-istəməz belə ailələrdə problem olur. Bu problemler daha dərin mübahisələrə və boşanmaya da gətirib çıxara bilər. Kişi bütün günü işdədir. Evə gələn kimi yeməyi yeyib internetin qarşısına keçir. Həyat yoldaşının narazılığı başlayır. Uşaqlara, özünə vaxt ayırmamasından şikayət edir. Virtual həyata aludə olan insana real həyatdan bir söz deyəndə aqressiya yaradır və ailədə münaqişə başlayır. Qadınlarda da eyni ssenari baş verə bilər.

Yeməyini bitirib tələsik uşaqlarını yedirir və sosial şəbəkələrə qaçır. Yaxud qadın işləmirsə, həyat yoldaşı kompyuterin qarşısında oturmasından şikayət edir”.

 

Əgər qadın özünü ailəsində xoşbəxt hiss edirsə…

“Hər bir kişi üçün xəyanət sözü fərqli məna daşıyır”. M.Əzizova belə deyir. Belə ki, kimin üçünsə adi bir salam yazmaq, birinin şəklini bəyənmək mənəvi xəyanət kimi hesab oluna və söz-söhbət yarada bilər: “Əgər qadın virtual məkanda oturursa, onun həyat yoldaşı istər-istəməz diqqət etməyə başlayır və xoşuna gəlməyən hərəkət görən kimi söhbət yaranır. Bəzi kişilər internetdə oturur və maraq üçün qadınları cəlb etmək istəyir. Qadının ailəli və ya boşanmış olmasına baxmır. Qadın psixologiyasını bildiyi üçün müxtəlif sözlərdən istifadə etməklə ünsiyyətə çəkir. Bəzi hallarda real görüşmələr də olur. Amma bunun kökündə yenə ailədəki problem durur. Əgər qadın ailədə öz həyat yoldaşından diqqət, nəvaziş görürsə virtual yazışmalara baş qoşmayacaq. Qadını tora salmaq istəyən kişilər onları çox gözəl tanıyır. Birinci yazışmadan qadının hansı problemləri olduğunu öyrənir. Və yavaş-yavaş yazışmağa başlayır və qadın çox rahat tora düşür”.

M.Əzizova bildirir ki, virtual həyatda qadın kimlə yazışdığını bilmir və xəyallarda yaratdığı obrazla yazışır. Həyat yoldaşında görmədiyi münasibəti yaratdığı obrazda tapmağa başlayır: “Əgər qadın özünü ailəsində xoşbəxt hiss edirsə, nə virtual, nə də real xəyanət baş verməyəcək”.

Related image

Evli insanların internetdən asılılığı təhlükəlidir…

Sosioloq Əbülfəz Süleymanovun sözlərinə görə isə, son zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir ki, bu, həqiqətən də bəzi ailələrin dağılmasına gətirib çıxarır: “Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar, kişilər bəzi hallarda öz ailələrini unuda, oradakı müvəqqəti, hətta virtual sevginin qurbanına çevrilə bilirlər. Bir müddət sonra onlar necə böyük səhvə yol verdiklərini başa düşürlər. Bəzən görürsən ki, gənc qadındır, körpə uşağı var, amma vaxtının böyük bir hissəsini sosial şəbəkədə keçirir. Yəni bir xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü də təhlükəlidir”.

Sosioloq onu da vurğulayır ki, ümumiyyətlə, sosial şəbəkədən insanlar informasiya almaq məqsədilə istifadə edə bilər. Yaxud uzun müddət görə bilmədiyi bir dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma vaxtının böyük bir hissəsini ona ayırmaq, ailəsini bir kənara qoyub onu unutmaq, bəzi hallarda orada təsadüfi tanışlıq nəticəsində virtual bir sevgi yaşamaq, xüsusilə, evli insanlar üçün çox təhlükəli tendensiyadır. İnsanın zəifliyindən irəli gəlir. Evli insanlar internet vasitəsilə tanışlığa can atır, bu da onun ailəsinə öz mənfi təsirini göstərir”.

 

Bu sahədə maarifləndirmə işi gücləndirilməlidir

Problemin həllinə gəlincə, sosioloq internetdə zərərli saytlara tam məhdudiyyət qoymağın mümkün olmadığını bildirərək maarifləndirmə işinin gücləndirilməsini vacib sayır. Onun fikrincə, evli ailələrin, cütlərin internetdən asılılığı təhlükəlidir: “Sosial şəbəkədən istifadə nəticəsində ailənin dağılması kimi hallar dünyanın bir çox yerlərində, o cümlədən, Rusiya, Türkiyə və digər ölkələrdə də olur. Son zamanlar bizdə də “facebook” istifadəçilərinin sayı çoxalıb ki, burada ev xanımları, ailəli kişilər də var. Təbii ki, bu tendensiya bizdə də özünü büruzə verəcək. Bunun qarşısını almaq isə, elmi və maarifləndirici üsullarla mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir